Bir tarixin salnaməsi
“Birləşməsək xalq bizi bağışlamaz!”
19 Aprel 2016 12:22 SosialII bölüm
Cahangir Hüseynov: "Cənab Prezidentimiz İlham Əliyev 2013-cü ildə Ankarada səsləndirdiyi "XXI əsr türk əsridir!" kəlamı hər bir türk dövlətləri üçün bir şüar olmalıdır
Əvvəli ötən sayımızda
Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alimi, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.
-Cahangir müəllim, bəs siz problemin həlli yolunda nə təklif edirsiniz?
-Təbii ki, Dağlıq Qarabağ probleminin müharibə və ya bir danışıqlar yolu ilə həll etməyin mümkün olmadığını bu 25 ildə anladıq. Hesab edirəm ki, bu sahədə Milli Məclis, Respublikanın bütün hüquq-mühafizə orqanları, elm-təhsil ocaqları, qeyri-hökumət və ictimai təşkilatları bir yerdə mübarizə aparmalıdırlar. Yalnız müəyyən diaspor təşkilatlarına arxayın olmuşuq ki, həmin diaspor təşkilatları bu hadisələri xarici ölkələrə çatdıracaqlar. Təkcə bunlarla işlər yekunlaşa bilməz. Dünyanın 80-ə yaxın ölkəsində xarici səfirliklərimiz fəaliyyət göstərir. Təbii ki, səfirliklər Qarabağ hadisələri ilə bağlı çox ciddi işlər görməlidir. 1994-cü ildə Bişkek şəhərində atəşkəs müqaviləsi bağlandıqdan sonra tərəflər belə bir razılığa gəldilər ki, status-kvo saxlanılmaqla atəşkəs dayandırılır. Və az bir zaman ərzində ATƏT-in Minsk qrupunun - ABŞ, Fransa, Rusiya həmsədrlərinin iştirakı ilə bu münaqişənin həlli yolları tapılmalıdır. Lakin təəssüflər olsun ki, bu 22 il ərzində ATƏT-in həmsədrləri heç bir şeyə nail olmadılar. İki mindən yuxarı şəhid verdik. Və hər gün demək olar ki, ermənilər atəşkəsə əməl etməyərək, Azərbaycan ərazisində də təxribatları davam etdirirlər. Son zamanlar hətta sülhməramlı hərbi birləşmələrin də Dağlıq Qarabağ ərazisində yerləşdirmək təklifləri verilir. Əlbəttə, Rusiyanın sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsi tamamilə yolverilməzdir. 1990-cı ilin əvvəlində Dağlıq Qarabağda gedən hadisələri biz unutmamışıq. Həmin hadisələrin çoxu rus qoşunlarının köməyi ilə ermənilər tərəfindən törədilmişdi. Ümumiyyətlə, hesab edirəm ki, ATƏT in Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır. Ora həm Almaniya, həm Türkiyə, həm də digər bitərəf ölkələrin nümayəndələrinin salınması təklifi verilə bilər. Vurğuladığım kimi bütün sahələrdə ermənilər ilə biz mübarizə aparmağı bacarmalıyıq. İlk növbədə, hüquq müstəvisində. Belə ki, atəşkəs rejimi dövründə erməni təxribatçılarının törətdikləri təxribatlar Respublika pPokurorluğunun istintaq orqanları tərəfindən araşdırılmalı və bu məsələ Milli Məclisin gündəliyinə salınmalıdır. Həmçinin Avropa İnsan Haqqları Məhkəməsinə, Haaqa Məhkəməsində Azərbaycana qarşı törədilən bu genosid cinayəti qaldırılmalıdır və bu sahədə ciddi mübarizə aparılmalıdır. Bütün dünya ölkələrinin parlamentlərinə, dövlət və ictimai təşkilatlara ermənilərin cinayət əməlləri çatdırılmalıdır. Necə ola bilər ki, Dağlıq Qarabağa aid olmayan 7 rayonumuz bu günə qədər işğal altındadır. Əlbəttə, silahlı qüvvələrimiz son illər xeyli maddi-texniki cəhətdən gücləndirilib. Bu təqdirəlayiqdir. Lakin səfərbərlik barədə hələ çox iş görülməlidir. Nəyə görə, imkanlı, vəzifəli insanların övladları orduda xidmət etməməlidir?! Düşünürəm ki, çağırış yaşı artırılmalıdır. Ön cəbhədə peşəkar döyüşçülər dayanmalıdır. Mülki müdafiə sahəsində də sərhəd bölgələrinin əhalisi təlimatlandırılmalıdır. Belə olan halda ordumuz daha da güclü olar. Lakin mən bir daha vurğulayıram ki, biz ya müharibə yolu ilə torpaqlarımızı azad etməliyik, ya da yuxarıda qeyd etdiyim kimi bütün diplomatik, beynəlxalq hüquq müstəvisində öz ərazi toxunulmazlığı prinsipimizi təmin etməliyik. Bu istiqamətdə son zamanlar AVCİYA təşkilatının apardığı petisiya çox təqdirəlayiq bir haldır.
-Sizə elə gəlmirmi ki, başımıza gətirilən müsibətlər, terror və soyqırımların dünyaya çatdırılmasında bir qədər aktiv deyilik?
-Ermənilər 100 il bundan əvvəl baş vermiş bir hadisəni yalançı soyqırım kimi qələmə verərək dünyanın bir çox ölkələrində onu tanıda bildikləri halda, Azərbaycan yaxın tarixdə, real həyatda baş verən erməni cinayətlərini beynəlxalq aləmə çatdıra bilmir. Bəzən ikili standartlardan gileylənir, Avropanın xristian klubu olduğunu bildiririk. Bəs elədirsə nə üçün müsəlman əhalisi olan Bosniyada törədilən cinayətlər Haaqa Məhkəməsinə çıxarıldı, Serbiyanın prezidenti - Slobadan Miloşeviç və başqaları Haaqa Məhkəməsinə verildi. Bu cinayətdə əli olanlar qandallandı, onlara ömürlük cəza kəsildi. Elə olan halda nə üçün Xocalıda törədilən vəhşiliklərə görə bir nəfər cinayət məsuliyyətinə cəlb edilmədi? Əgər ermənilərə təzyiq edə bilmiriksə, onlar bizim bir qarış belə torpağımızı qaytarmayacaqlar. 1992 ci ildə Xocalı hadisələrində telejurnalist mərhum Çingiz Mustafayevin çəkdiyi kadrların hesabına biz Xocalı hadisəsini dünyada tanıda bilərik.
-Avropa ölkələri və Türkiyədə törədilən terror aktlarından sonra Azərbaycanda da belə bir qanlı hadisənin həyata keçiriləcəyi barədə ehtimallar səslənir. Sizcə, Azərbaycanı belə bir təhlükə gözləyirmi?
-Bir sıra xarici dövlətlərin Azərbaycan ərazisində terror törətmək ehtimalları böyükdür. Son aylar Türkiyədə, Avropa ölkələrində törədilən terror hadisələrindən biz özümüzü sığortalamalıyıq. Azərbaycanda daxili işlər orqanları, fövqəladə hallar, xüsusi xidmət və əks kəşfiyyat orqanları, sərhəd qoşunları çox ciddi şəkildə belə hadisələrin baş verməməsi üçün tədbirlər görməlidir. Mühüm əhəmiyyətli dövlət qulluğunda çalışan insanların mənfur qonşularımız ilə qohumluq və yaxın dostluq əlaqələri ciddi araşdırılmalı və belə halların qarşısı alınmalıdır. -Cahangir müəllim, siz tarixi araşdırmalar da aparırsınız. Sizcə, Erməni Azərbaycan münaqişələrinin kökündə nə durur? -Bu müharibələrin də arxasında Rusiyanın müəyyən dairələri durur. Rusiya həmişə Qafqazda XVIII əsrdən başlayaraq, ermənilərdən istifadə edərək, burada müharibə ocaqları yaradıb, osmanlılara, Səfəvi dövlətinə qarşı müharibələr edib, bununla da böyük türk imperiyalarını zəiflətmək istəyib. XX əsrin əvvəlində də, birinci dünya müharibəsində erməniləri qızışdırıb, həm Anadoluda, həm Azərbaycan ərazisində kütləvi qətliamlar törədiblər. XVIII əsrdə Osmanlı imperiyası ilə bərabər Azərbaycan Nadir Əfşar dövləti ( bu iki imperiya) cənubda Rusiya və Antanta dövlətləri üçün böyük təhlükə yaradırdı. 1747-ci ildə Nadir şah qətlə yetirilməklə Əfşar imperiyası dağıldı və Azərbaycanın ərazisi 20-dən yuxarı xanlıqlara bölündü. XIX əsrin əvvələrində isə Çar Rusiyası Şimali Azərbaycanı zəbt etdi. Tezliklə İranda da türksoylu hakimiyyətə son qoyuldu və rusların dəstəyi ilə Pəhləvi rejimi hakimiyyətə gətirildi. 1905 - 1911 ci illərdə Cənubi Azərbaycanda Səttar xanın başçılığı ilə Milli Azadlıq Hərakatı başlandı. Həmin dövrdə Çar Rusiyası tərəfindən ermənilərin köməyi ilə bu hərəkat yatırıldı. Səttar xanın və onun yaxın silahdaşları daşnaq erməni Refeyenin başçılığı ilə qətlə yetirildilər. Birinci dünya müharibəsindən sonra Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə yenidən Cənubi Azərbaycanda Milli Azadlıq Hərakatı başlanıldı. Həmin dövrlərdə də erməni daşnaqları 1918-ci ildə Şimali və Cənubi Azərbaycanda xeyli soyqırımlar törətdilər. Yenə də rusların dəstəyi ilə 1921-ci ildə sentyabr ayında həmin milli azadlıq hərakatı da yatırıldı. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti yenə də daşnaq bolşevik ermənilərin köməyi ilə ruslar tərəfindən devrildi və bolşevik sovet respublikası yaradıldı. Şimali Azərbaycanda sovet üsul idarəsi əsrlər boyu formalaşmış səcərə adət ənənələrini ləğv etdilər, kütləvi kollektivləşmə aparıb, insanları torpaq və mülkiyyətlərindən məhrum etdilər. XVII-XVIII əsrlərdə Azərbaycan Səfəvilər və Nadir Əfşar Dövlətinin ərazisi 5 milyon kvadrat kilometrdən artıq olmuşdu. 1923-cü ildə Zəngəzur, Borçalı, Göyçə, Dərbənd əraziləri Azərbaycan Respublikasının ərazisindən alınaraq, Ermənistan Gürcüstan və Rusiyaya daxil edildi. Və 1923-cü ildə Dağlı Qarabağ Muxtar Vilayəti yardılmaqla Azərbaycan Respublikasının tərkibində bu gün böyük bir problem yaratmış oldular. Ikinci dünya müharibəsi dövründə Stalin, Belya, Mikoyan üçlüyü PriBaltika Respublikalarını, Qərbi Ukrayna, Moldova və hətta uzaq şərqdəki Yapon, Çin torpaqlarını öz ərazilərinə qatsa da, Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış hökumət Cənubi Azərbaycan torpaqlarının Şimali Azərbaycan ilə birləşdirilməsinə imkan vermədilər və Seyid Cəfər Pişəvəri hərəkati da 1946 cı ildə ruslar tərəfindən məğlubiyyətə uğradıldı. Bu gün də dünyada analoqu olmayan otuz milyona yaxın soydaşımız Cənubi Azərbaycanda heç bir hüquqları tanınmamaqla yaşamaqdadırlar. Azərbaycanın bu böyük dərdi dünya səviyyəsinə qaldırılmalıdır. 80 min əhalisi olmayan, bütün vilayət hüquqları ilə təmin olunan Dağlıq Qarabağ ermənilərinin 25 ildən artıq apardıqları bu yersiz seperatçı mübarizə bizim hər bir azərbaycanlı, şimallı cənublu vətəndaşlarımız üçün məktəb olmalıdır. 20 yanvar faiciəsini də bunların sirasına daxil etmək olar. Həmin faciə də ruslarin fitnəsi ilə ermənilərin əli ilə törədildi. Yəni, bu tarix artıq bizə aydındır. Bunlardan biz dərs alıb, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün daha diplomatik siyasət yeritməliyik. Bu gün Rusiyanın dünyada apardığı siyasət artıq hər kəsə bəllidir. Hətta Şərqi Avropa ölkələri, keçmiş Sovet pribaltika respublikaları, Ukrayna, Gürcüstan, hətta bu son hadisələrdən sonra Ermənistan da Rusiyanın siyasətini anlayır və başa düşürlər. Heç bir zaman şimal qonşumuz Cənubi Qafqazda güclü bir türk dövlətinin olmasını istəmir. Türkün gücü və qüdrəti böyükdür! Bu gün dünyada 7 türk dövlətinin birliyi bir daha özünü bu son hadisələrdə göstərdi. Dünyada mövcud olan böyük dövlətlər ilə bizim haqq işimizi müdafiə edirlər. Lakin bir daha vurğulayıram, biz diplomatiyanı daha da inkişaf etdirib, Cənubi Qafqazda sülhü bərqərar etməliyik. Mən əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsində biz buna tezliklə nail olacağıq. Cənab Prezidentimiz İlham Əliyev 2013-cü ildə Ankarada səsləndirdiyi "XXI əsr türk əsridir!" kəlamı hər bir türk dövlətləri üçün bir şüar olmalıdır.
Süleyman İsmayılbəyli
Ardı növbəti sayımızda
Müsahibənin I bölümünü bu linklərdən oxuya bilərsiz:
http://olaylar.az/news/interview/166211
http://olaylar.az/news/interview/166862
http://olaylar.az/news/interview/167047
http://olaylar.az/news/interview/166436