Bakı-Tiflis: Qonşuluqdan ortaq strateji gələcəyə – ÖZƏL

"Azərbaycan-Gürcüstan münasibətləri uzun illər boyu formalaşmış siyasi güvənə, qarşılıqlı iqtisadi çıxarlara və ortaq strateji perspektivlərə əsaslanır. Münasibətlərimizin səciyyəvi üstünlüyü əsasən bundan ibarətdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq Bakı ilə Tiflisin coğrafi qonşuluğunun siyasətin, iqtisadiyyatın və diplomatiyanın imkanları ilə strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb. Hazırda iki ölkə arasında 145 sənədin qüvvədə olması, daha 18 sənəd üzərində iş aparılması münasibətlərin müqavilə-hüquq bazasının genişləndiyini göstərir. Bax, bu, işbirliyinin institusional dərinləşməsinin ifadəsidir. Azərbaycan-Gürcüstan tərəfdaşlığının iqtisadi coğrafiyası dövlət sərhədlərindən daha genişdir. Bu isə tərəfdaşlığın özünəməxsusluğunu göstərir. 
Bakı-Tiflis-Ceyhan, Güney Qaz Dəhlizi, Bakı-Tuflis-Qars kimi önəmli layihələr iki ölkənin işbirliyini beynəlxalq əhəmiyyətli iqtisadi amilə çevirib. Prezident İlham Əliyevin uzun illər boyu irəli sürdüyü və gerçəkləşdirdiyi regional bağlantı siyasətinin səciyyəvi sonuclarından biri də budur. İndi isə işbirliyinin yeni mərhələsinin konturları görünür. Yaşıl enerji, elektrik enerjisinin göndərişi, Xəzər və Qara dəniz hövzələrinin enerji-yükdaşıma bağlantıları, Orta dəhlizin inkişafı ölkələrimizin geoiqtisadi imkanlarını genişləndirə bilər. Başlıca məsələnin daha çox yük, o cümlədən neft, qaz daşınması olmadığı bəllidir; söhbət tranzit coğrafiyasından iqtisadi dəyər yaradan coğrafiyaya keçiddən gedir. Bunun üçün gömrük prosedurlarının uzlaşdırılması, rəqəmsal logistikin inkişafı, qarşılıqlı yatırımların təşviqi və birgə istehsal imkanlarının genişləndirilməsi önəmlidir.

Türkoloqun sözlərinə görə, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli işbirliyi formatı da bu baxımdan ayrıca dəyərləndirilməlidir. Bu formatın özəlliyi onun ortaq maraqların gerçəkləşdirilməsinə yönəlməsidir. Güney Qafqazın dayanıqlı gələcəyi də qarşıdurma məntiqindən qarşılıqlı fayda məntiqinə keçidi tələb edir. Əlbəttə, dövlətlərarası münasibətlərin uzunömürlülüyünü yalnız enerji kəmərləri və yükdaşıma magistralları təmin etmir. Parlamentlərarası əlaqələr, vətəndaş cəmiyyəti institutlarının işbirliyi, elm, təhsil, mədəniyyət, turizm və xalqlarımız arasındakı tarixi bağlar strateji tərəfdaşlığın ictimai dayaqlarını möhkəmləndirir. Hazırlanmaqda olan 18 yeni sənədin praktik nəticəsi onların konkret məzmunundan və icra mexanizmlərindən asılı olacaq. Bununla belə, mövcud işbirliyi təcrübəsi yeni təşəbbüslərin uğurla gerçəkləşdirilməsi üçün ciddi zəmin yaradır. Azərbaycan və Gürcüstanın qarşısında duran tarixi fürsət Gündoğarla Günbatarı birləşdirən körpü olmaqdan çox, həmin körpünün üzərində yeni iqtisadi, siyasi və mədəni dəyərlər yaratmaqdır. Bu fürsətin dəyərləndirilməsi bütövlükdə Güney Qafqazın sabitlik, işbirliyi və inkişaf məkanı kimi mövqeyini gücləndirə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00