İrəvan ritorikadan icraya keçir? – "Sözünün arxasında dayana biləcəkmi..." – ÖZƏL
15:51 Siyasət"Ermənistan Baş naziri Nikol Paşinyanın TRIPP layihəsini Ermənistanın müstəqillik dövrünün ən böyük layihəsi adlandırması, eyni zamanda, "TRIPP İnkişaf Şirkəti"nin yaxın günlərdə qeydiyyata alınacağını, noyabrın 23-dən etibarən hazırlıq işlərinin davam etdiriləcəyini və layihənin yalnız dəmir yolu deyil, avtomobil yolu, elektrik xətləri kimi infrastrukturu da əhatə edəcəyini bəyan etməsi, əslində, regionda yeni geosiyasi və iqtisadi reallığın formalaşmasının mühüm göstəricisidir. Burada diqqət çəkən əsas məqam Paşinyanın açıqlamasının layihəyə münasibətdə daha əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi mövqedən müəyyən qədər fərqlənməsidir. Mirzoyan daha çox dəmir yolu xətti və işlərin 2027-ci ilin yazında başlanması perspektivindən danışırdı. Paşinyanın isə layihəni daha geniş infrastruktur paketi kimi təqdim etməsi, avtomobil yolu və enerji bağlantılarını da gündəmə gətirməsi, TRIPP-in artıq siyasi müzakirələrdən praktiki icra mərhələsinə keçid istiqamətində nəzərdən keçirildiyini göstərir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, bu, Azərbaycanın uzun müddətdir regional kommunikasiya xətlərinin açılmasına dair irəli sürdüyü yanaşma ilə də müəyyən paralellik təşkil edir. Azərbaycan məsələyə yalnız bir nəqliyyat xəttinin çəkilməsi kimi baxmır. Söhbət regionda nəqliyyat, logistika, enerji, iqtisadi inteqrasiya və yeni bağlantı imkanlarının vahid sistem şəklində formalaşmasından gedir. Bu baxımdan, TRIPP-in dəmir yolu ilə məhdudlaşmayaraq avtomobil və enerji infrastrukturu ilə tamamlanması regional əməkdaşlığın daha geniş miqyasda qurulması ehtimalını artırır. 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilmiş razılaşmalar və sonrakı diplomatik müzakirələr kontekstində Paşinyanın bu açıqlaması Ermənistanın yeni regional reallıqlara uyğunlaşmaq niyyətinin ifadəsi kimi də qiymətləndirilə bilər. Əlbəttə, burada siyasi bəyanatla real icra arasında məsafənin olduğunu da unutmamalıyıq. Çünki Ermənistan daxilində müxtəlif siyasi qüvvələrin mövqeyi, konstitusiya məsələsi, regional aktorların maraqları və seçki perspektivləri bu prosesə təsir göstərə bilər.
"Hesab edirəm ki, Paşinyan artıq TRIPP məsələsində yalnız diplomatik ritorika ilə kifayətlənməməli, ortaya konkret siyasi iradə, hüquqi təminat və icra mexanizmləri qoymalıdır. Çünki bu layihə Ermənistan üçün də mühüm iqtisadi imkanlar yaradır, Azərbaycanın regional bağlantılar strategiyasına da yeni perspektivlər açır və bütövlükdə Cənubi Qafqazın geosiyasi xəritəsində dəyişikliklərə səbəb ola bilər. Əsas sual isə budur ki, Nikol Paşinyan bu gün səsləndirdiyi mövqeyi siyasi təzyiqlər, daxili müxalifətin müqaviməti və regional rəqabət qarşısında qoruyub saxlaya biləcəkmi? Yoxsa Ermənistan siyasətində ənənəvi tərəddüdlər, populist yanaşmalar və revanşist qüvvələrin təsiri yenidən prosesə mane olacaq? Paşinyanın açıqlaması müəyyən siyasi istiqaməti göstərir, lakin bu istiqamətin real nəticəyə çevrilməsi onun sözünün arxasında nə qədər dayana bilməsindən asılı olacaq. Region artıq bəyanatlarla deyil, konkret addımlarla ölçülən yeni mərhələyə daxil olur. Yaddan çıxarmaq olmaz ki, Ermənistanın gələcəyi də məhz bu layihənin reallaşdırılmasından asılıdır", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova