Azərbaycan-Gürcüstan əməkdaşlığında yeni mərhələ: 18 sənəd strateji tərəfdaşlığı gücləndirəcək- ÖZƏL
15:53 Siyasət"Azərbaycan və Gürcüstan arasında 18 yeni sənədin hazırlanması istiqamətində aparılan işlər Bakı-Tbilisi münasibətlərinin strateji məzmununun daha da genişləndiyini göstərir. Bu proses iki ölkə arasında mövcud tərəfdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edəcək. Burada əsas məsələ sənədlərin sayından daha çox onların hansı sahələrdə konkret nəticələr yaradacağıdır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazın iqtisadi və geosiyasi arxitekturasında xüsusi yer tutur:
"Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu iki dövlətin ortaq strateji maraqlarının real nəticələridir. Bu infrastruktur Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına, Gürcüstanın isə regional və beynəlxalq tranzit sistemində mövqeyinin möhkəmlənməsinə şərait yaradıb.
Hazırkı mərhələdə əməkdaşlığın yeni istiqamətləri yaşıl enerji, elektrik enerjisinin tranziti, rəqəmsal logistika və investisiya layihələridir. Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı və Tbilisinin enerji əməkdaşlığını ənənəvi neft-qaz sektorundan kənara çıxarması gələcək onilliklər üçün yeni iqtisadi imkanlar yarada bilər.
Orta Dəhlizin inkişafı isə bu tərəfdaşlığa əlavə geosiyasi çəki qazandırır. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər, Avropa ilə Asiya arasında alternativ marşrutlara tələbatın artması Azərbaycan və Gürcüstanın tranzit əhəmiyyətini yüksəldir. Bu kontekstdə iki ölkənin gömrük prosedurlarını sadələşdirməsi, tarif siyasətini uzlaşdırması və infrastruktur imkanlarını əlaqələndirməsi vacibdir.
Ermənistanla münasibətlərin normallaşması və regional kommunikasiyaların açılması perspektivi də Bakı-Tbilisi əməkdaşlığının əhəmiyyətini azaltmır. Əksinə, yeni regional reallıqlarda Gürcüstanın tranzit imkanları ilə Azərbaycanın enerji, nəqliyyat və investisiya potensialının uzlaşdırılması daha geniş iqtisadi əməkdaşlıq üçün zəmin yaradır.
18 sənədin əhəmiyyəti məhz bu strateji mənzərədə qiymətləndirilməlidir. Onların real icrası Azərbaycan və Gürcüstanı ayrı-ayrı tranzit marşrutlarının iştirakçısından regionun enerji və logistika sistemini formalaşdıran əsas tərəfdaşlara çevirə bilər. Bu, iki dövlətin iqtisadi maraqları ilə yanaşı, Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimad üçün də mühüm perspektivdir".
Zeynəb Mustafazadə