Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı yeni mərhələdə: Enerjidən yüksək texnologiyalara keçid – ÖZƏL
15:42 İqtisadiyyatBella Bəşirova: "Xarici investisiya yerli istehsalı sıxışdırmamalı, onu inkişaf etdirməlidir"
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iki ölkə arasında kritik xammal sahəsində üçüncü dövlətlərlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bununla yanaşı, süni intellekt və yüksək məhsuldarlıqlı hesablama sistemləri, investisiya, sənaye məhsullarının ixracı, tikinti, ictimai nəqliyyat və ticarət sahələrində əməkdaşlığı nəzərdə tutan memorandumlar, həmçinin Qaradağ Şüşə Zavodunun modernləşdirilməsinə dair müqavilə daxil olmaqla, ümumilikdə 7 sənəd mübadilə edilib.
Sözügedən məsələ ilə bağlı Olaylar.az-a danışan iqtiadçı ekspert Bella Bəşirovanın sözlərinə görə, uzun illər Azərbaycan və İtaliya münasibətlərinin əsas istiqamətlərindən biri enerji sektoru olub. İndi isə əməkdaşlığın süni intellekt, yüksək texnologiyalar, sənaye, tikinti materialları, ictimai nəqliyyat, investisiya və ixrac kimi sahələrə genişlənməsi xüsusilə əhəmiyyətlidir. Burada vacib məqam ondan ibarətdir ki, Azərbaycan yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, həm də sənaye məhsulları istehsal edən, texnologiyaları mənimsəyən və beynəlxalq istehsal zəncirində iştirak edən ölkə kimi mövqeyini gücləndirməlidir. İtaliya Avropanın güclü sənaye və texnologiya ölkələrindən biridir. Bu ölkənin təcrübəsindən istifadə etməklə Azərbaycanda istehsalın keyfiyyətini, məhsuldarlığını və rəqabət qabiliyyətini artırmaq mümkündür.
Mən bu əməkdaşlığa sadəcə ticarət münasibətlərinin genişlənməsi kimi deyil, iqtisadiyyatımızın strukturunun dəyişdirilməsi üçün əlavə imkan kimi baxıram. Bu, strateji baxımdan diqqətəlayiq razılaşmadır. Çünki müasir dünya iqtisadiyyatında kritik xammalların əhəmiyyəti sürətlə artır. Elektronika, batareyalar, elektrik avtomobilləri, bərpaolunan enerji texnologiyaları və müdafiə sənayesi kimi sahələr bir çox xüsusi xammal növlərindən asılıdır.
Azərbaycan və İtaliyanın üçüncü dövlətlərlə birgə əməkdaşlıq etməsi ölkəmizə beynəlxalq təchizat və logistika zəncirlərində daha fəal iştirak etmək imkanı yarada bilər. Burada üç istiqaməti xüsusilə qeyd etməyi vacib hesab edirəm: Birincisi, Azərbaycanın beynəlxalq xammal və sənaye bazarlarında mövqeyinin güclənməsi. İkincisi, hasilatla yanaşı, emal və əlavə dəyər yaradan istehsal sahələrinə çıxışı,
üçüncüsü, logistika, nəqliyyat və beynəlxalq ticarət imkanlarının genişlənməsi. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm,biz yalnız xammalın daşınmasından və satışından gəlir əldə etməklə kifayətlənməməliyik. Əsas məqsəd xammalın emalı, sənaye məhsuluna çevrilməsi və mümkün qədər çox əlavə dəyərin ölkə daxilində yaradılması olmalıdır.
Çünki xammal satan ölkə ilə xammaldan hazır məhsul istehsal edən ölkənin iqtisadi qazancı eyni deyil. Bu istiqamətdi imzalanan sənədlər arasında gələcək üçün ən perspektivli sahələrdən biri hesab edirəm.Burada İtaliyanın Leonardo şirkəti ilə yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlıq nəzərdə tutulur. Bu, Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı baxımından əhəmiyyətli fürsətdir. Məsələn, kənd təsərrüfatında süni intellekt vasitəsilə məhsuldarlığı proqnozlaşdırmaq, su sərfiyyatını optimallaşdırmaq, sənayedə istehsal xərclərini azaltmaq, logistika sahəsində isə daşınma marşrutlarını daha səmərəli qurmaq mümkündür.
Ancaq mən burada bir məsələyə xüsusi diqqət yetirərdim: texnologiyanın ölkəyə gətirilməsi ilə yanaşı, yerli mütəxəssislərin hazırlanması da vacibdir. Azərbaycanlı gənclər bu layihələrdə yalnız texnologiyadan istifadə edən deyil, onu idarə edən, inkişaf etdirən və yeni məhsullar yaradan mütəxəssislərə çevrilməlidirlər. Əks halda, biz texnologiyanı idxal edəcəyik, amma onun yaratdığı əsas iqtisadi dəyərin böyük hissəsi ölkədən kənarda qalacaq.
Ekspert bu layihəni yerli sənaye potensialının gücləndirilməsi baxımından müsbət qiymətləndirib: "Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi ilə bağlı İtaliyanın FALORNI TECH şirkəti ilə müqavilənin imzalanması istehsal texnologiyalarının yenilənməsi üçün imkan yaradır.
Şüşə sənayesi tikinti, avtomobil, məişət və digər istehsal sahələri üçün vacibdir.
Əgər zavodda müasir texnologiyalar tətbiq olunarsa, enerji sərfiyyatının, istehsal itkilərinin və maya dəyərinin azaldılması, məhsulun keyfiyyətinin yüksəldilməsi mümkün ola bilər. Bunun nəticəsində yerli bazarın tələbatının daha böyük hissəsinin daxili istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azalması və gələcəkdə ixrac imkanlarının genişlənməsi üçün zəmin yarana bilər. Bu əməkdaşlığın ən mühüm tərəflərindən biri investisiya imkanlarının genişləndirilməsidir. İtaliyanın Cassa Depositi e Prestiti maliyyə təşkilatı ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında əməkdaşlıq sənədi bu baxımdan diqqət çəkir. Eyni zamanda, KOBİA, AZPROMO və İtaliya Ticarət Agentliyi arasında investisiya və ticarət layihələrinin təşviqi istiqamətində də əməkdaşlıq nəzərdə tutulub. Mən burada kiçik və orta sahibkarlığın rolunu xüsusi qeyd etmək istəyirəm. Çünki iqtisadiyyatın inkişafı yalnız iri şirkətlərin fəaliyyəti ilə təmin olunmur. Kiçik və orta müəssisələr məşğulluğun, rəqabətin və regional iqtisadi fəallığın əsas dayaqlarındandır. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından ən vacib məsələlərdən biridir. Baku Steel Company və İtaliya tərəfdaşları arasında yerli sənaye məhsullarının ixracının təşviqinə dair əməkdaşlıq sənədini müsbət addım hesab edirəm. Çünki ölkə iqtisadiyyatının davamlı inkişafı üçün yalnız daxili bazara işləyən istehsal müəssisələrinin deyil, xarici bazarlarda da rəqabət aparan müəssisələrin sayını artırmalıyıq. İxracın artması ölkəyə valyuta daxilolmalarını genişləndirir, istehsal həcmini artırır, yeni iş yerləri yaradır və müəssisələri beynəlxalq keyfiyyət standartlarına uyğunlaşmağa məcbur edir. Amma burada bir məsələ var: məhsul istehsal etmək hələ ixrac etmək demək deyil. İstehsalçıya sertifikatlaşdırma, beynəlxalq standartlar, logistika, marketinq, satış kanalları və xarici bazarlara çıxış dəstəyi lazımdır. Bu iki istiqamət birbaşa insanların gündəlik həyatına təsir edir. Tikinti materialları sənayesində əməkdaşlıq yerli istehsalın inkişafına, müasir texnologiyaların tətbiqinə və məhsul çeşidinin genişlənməsinə şərait yarada bilər. IVECO və Azteximport arasında ictimai nəqliyyat sahəsində əməkdaşlıq isə nəqliyyat infrastrukturunun yenilənməsi baxımından maraqlıdır. Ancaq mən bu məsələyə yalnız yeni avtobusların alınması kimi baxmazdım. İctimai nəqliyyatın keyfiyyəti, sərnişin rahatlığı, təhlükəsizlik, əlçatanlıq, texniki xidmət və istismar xərcləri birlikdə qiymətləndirilməlidir. Əgər müasir nəqliyyat vasitələri tətbiq olunursa, onların uzunmüddətli servis və ehtiyat hissələri təminatı da düşünülməlidir. Eyni zamanda, tikinti sahəsində yerli istehsalın artması materialların idxalından asılılığı azaltmağa və tikinti xərclərinin optimallaşdırılmasına kömək edə bilər. Bu isə son nəticədə vətəndaşın mənzil və yaşayış xərclərinə də müsbət təsir göstərə bilər. Bəli bu iki istiqamət birbaşa insanların gündəlik həyatına təsir edir. Tikinti materialları sənayesində əməkdaşlıq yerli istehsalın inkişafına, müasir texnologiyaların tətbiqinə və məhsul çeşidinin genişlənməsinə şərait yarada bilər. IVECO və Azteximport arasında ictimai nəqliyyat sahəsində əməkdaşlıq isə nəqliyyat infrastrukturunun yenilənməsi baxımından maraqlıdır. Ancaq mən bu məsələyə yalnız yeni avtobusların alınması kimi baxmazdım. İctimai nəqliyyatın keyfiyyəti, sərnişin rahatlığı, təhlükəsizlik, əlçatanlıq, texniki xidmət və istismar xərcləri birlikdə qiymətləndirilməlidir. Əgər müasir nəqliyyat vasitələri tətbiq olunursa, onların uzunmüddətli servis və ehtiyat hissələri təminatı da düşünülməlidir. Eyni zamanda, tikinti sahəsində yerli istehsalın artması materialların idxalından asılılığı azaltmağa və tikinti xərclərinin optimallaşdırılmasına kömək edə bilər. Bu isə son nəticədə vətəndaşın mənzil və yaşayış xərclərinə də müsbət təsir göstərə bilər.
İqtisadçı qeyd edib ki, gözləntilərlə real nəticələri bir-birindən fərqləndirmək lazımdır. Memorandumun imzalanması əməkdaşlıq üçün siyasi və iqtisadi niyyətin ifadəsidir. Lakin memorandumun özü avtomatik olaraq investisiya, istehsal və yeni iş yerləri demək deyil. Real nəticə üçün konkret layihələr, maliyyələşmə, icra qrafiki, məsul tərəflər və ölçülə bilən göstəricilər olmalıdır. Məncə belə layihələrin nəticələrini aşağıdakı göstəricilərlə qiymətləndirilməlidir.
1. Azərbaycana faktiki daxil olan investisiyanın həcmi.
2. Yeni yaradılan və qorunan iş yerlərinin sayı.
3. Yerli istehsalın və ixracın artım tempi.
4. İdxalı əvəz edən məhsulların həcmi.
5. Kiçik və orta sahibkarların layihələrə cəlb olunma səviyyəsi.
Məhz bu göstəricilər bizə əməkdaşlığın nə dərəcədə səmərəli olduğunu göstərəcək.
Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, enerji potensialı və regional bazarlara çıxışı böyük üstünlükdür. İtaliya kimi güclü sənaye ölkəsi ilə əməkdaşlıq bu üstünlüklərdən daha səmərəli istifadə etməyə imkan verə bilər.
Amma mən üç vacib istiqaməti xüsusi qeyd edərdim. Birincisi, xarici investorlarla bağlanan razılaşmalarda yerli istehsalın inkişafına, texnologiya transferinə və yerli kadrların hazırlanmasına konkret yer verilməlidir. İkincisi, regionlarda istehsal müəssisələrinin yaradılması təşviq olunmalıdır. Çünki iqtisadi inkişaf yalnız Bakıda cəmləşməməlidir. Regionlarda yeni müəssisələr açılarsa, insanlar öz doğma rayonlarında iş tapa, ailələrinin gəlirlərini artıra bilərlər. Üçüncüsü, kiçik və orta sahibkarlar bu prosesdən kənarda qalmamalıdır. İri xarici investorlarla yanaşı, yerli sahibkarlar da təchizatçı, podratçı və tərəfdaş kimi layihələrə cəlb edilməlidir.
Mən hesab edirəm ki, xarici investisiyanın ən böyük uğuru yalnız ölkəyə gətirdiyi pul deyil, ölkədə yaratdığı iqtisadi imkanlar olacaqdır. Mən bu əməkdaşlığa müsbət yanaşıram. Çünki Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri neft-qaz sektorundan asılılığın mərhələli şəkildə azaldılması, qeyri-neft sənayesinin, yüksək texnologiyaların və ixrac potensialının gücləndirilməsidir. İtaliya respublikası ilə imzalanan sənədlər bu istiqamətdə ölkəmiz üçün yeni imkanlar yaradacaqdır.
Amma hesab edirəm ki, artıq beynəlxalq forumların, görüşlərin və imzalanan memorandumların sayından daha çox, onların icrasına diqqət yetirməliyik.
Bu tərəfdaşlıq bizim üçün əsas bunlardan ibarət olmalıdır; neçə yeni müəssisə yaradılacaq? Nə qədər yeni iş yeri açılacaq? Yerli istehsal nə qədər artacaq? Azərbaycan sahibkarları nə qədər yeni bazara çıxış əldə edəcəklər? Və ən əsası, bütün bu iqtisadi inkişafın nəticəsi xalqımızın, vətəndaşımızın həyatında necə hiss olunacaq? Əsas mövqeyimiz isə bunlar olmalıdır: Azərbaycan xarici investisiya üçün cəlbedici ölkə olmaqla yanaşı, həmin investisiyanın yaratdığı iqtisadi dəyərin ölkə daxilində qalmasını da təmin edəcəkdir . Biz yalnız investisiya qəbul edən deyil, texnologiya öyrənən, məhsul istehsal edən, ixrac edən və öz milli iqtisadi gücünü artıran ölkə olmalıyıq. İmzalanan sənədlərin uğurunu imzaların sayı ilə deyil, yaradılan müəssisələr, iş yerləri, ixrac və real investisiyalarla ölçməliyik. Azərbaycan İtaliya ilə əməkdaşlıqdan yalnız yeni müqavilələr deyil, yeni istehsal müəssisələri, yüksək maaşlı iş yerləri, güclü yerli sahibkarlıq və rəqabətqabiliyyətli milli məhsullar qazanmalıdır. Mənim üçün bu əməkdaşlığın əsas iqtisadi uğuru məhz bunlardadır
- Xarici investisiya yerli istehsalı sıxışdırmamalı, onu inkişaf etdirməlidir
- Müasir texnologiyalar yerli mütəxəssislərin bilik və bacarıqlarını artırmalıdır.
- İxrac artımı ölkədə yeni iş yerləri və real gəlir artımı yaratmalıdır.
Səidə Ramazanova