Moskva-Tehran planlarında Azərbaycanın rolu: Bakı hansı şərtləri irəli sürməlidir?-ÖZƏL
15:27 Siyasət"Putin və Möhsün Rezayinin Moskvada keçirilən üçsaatlıq görüşündə Azərbaycanın müzakirə mövzularından birinə çevrilməsi təsadüfi deyil. Bu, Azərbaycanın Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında artan geosiyasi, enerji və tranzit əhəmiyyətinin göstəricisidir. Rusiya ilə İranın həm qaz nəqli, həm də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı planlarında Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar az-a açıqlamasında söyləyib:
"Azərbaycan üzərindən svop mexanizmi ilə Rusiya qazının İrana çatdırılması məsələsinə gəldikdə, burada Bakı üçün müəyyən iqtisadi imkanlar mövcuddur. Svop əməliyyatları Azərbaycana tranzit gəlirləri, enerji infrastrukturunun daha səmərəli istifadəsi və regional enerji xəritəsində mövqeyinin möhkəmləndirilməsi baxımından üstünlüklər qazandıra bilər. Lakin bu məsələni yalnız iqtisadi gəlir prizmasından qiymətləndirmək doğru olmaz. Azərbaycanın üzərindən həyata keçiriləcək hər hansı enerji layihəsi ölkəmizin suveren maraqlarına, mövcud müqavilə öhdəliklərinə və beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Xüsusilə sanksiya riskləri, maliyyə hesablaşmaları, qazın həcmi və tranzit şərtləri əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir. Hazırda müzakirə olunan svop variantını yekun razılaşma kimi təqdim etmək də düzgün deyil.
"Şimal-Cənub" dəhlizi isə daha geniş geosiyasi mənzərənin tərkib hissəsidir. Rəşt-Astara dəmir yolu xəttinin tamamlanması Rusiya, Azərbaycan, İran və Hindistan arasında yükdaşımaların intensivləşməsinə, yeni bazarlara çıxışın genişlənməsinə şərait yarada bilər. Bu layihə Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsindəki strateji mövqeyini daha da gücləndirə bilər. Ancaq burada vacib məqam var: Moskva və Tehran öz aralarında Azərbaycanın iştirakı ilə bağlı müzakirələr aparsalar da, Bakı müstəqil qərarvermə hüququna malik dövlətdir. Azərbaycanın infrastrukturundan istifadə ilə bağlı qərarlar iki qonşunun geosiyasi razılaşmalarına deyil, ilk növbədə Azərbaycanın milli maraqlarına əsaslanmalıdır.
Məncə, əsas məsələ bu layihələrdən kənarda qalmaq və ya qeyd-şərtsiz iştirak etmək dilemması deyil. Məsələ Azərbaycanın öz şərtlərini müəyyənləşdirməsidir. Bakı regional əməkdaşlıqdan iqtisadi dividendlər əldə etməli, eyni zamanda heç bir dövlətin geosiyasi qarşıdurmasının iştirakçısına çevrilməməlidir. Azərbaycanın strateji üstünlüyü məhz müstəqil xarici siyasətini qoruyaraq regional bağlantılarda aparıcı tərəfdaş kimi çıxış etməsidir".
Zeynəb Mustafazadə