ABŞ-nin Cənubi Qafqaz marağı və TRIPP marşrutunun perspektivləri – ŞƏRH – ÖZƏL
16:22 SiyasətZeynal Əmrəliyev: "TRIPP layihəsi Cənubi Qafqazda sülhün və sabitliyin qarantına çevriləcək"
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin praktiki icra mərhələsinə start verildiyini açıqlayıb. Layihə çərçivəsində ABŞ-yə 99 ilədək eksklüziv hüquqların verilməsi, yaradılacaq şirkətdə isə Vaşinqtonun 74, Ermənistanın 26 faiz paya sahib olması nəzərdə tutulur. Marşrutun Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməklə yanaşı, Ermənistanın xarici bazarlara çıxışını genişləndirəcəyi bildirilir.
Maraqlıdır, TRIPP layihəsinin icrasına başlanması Cənubi Qafqazda kommunikasiyaların açılması və sülh prosesinə necə təsir edəcək?
Mövzunu siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a şərh edib. Ekspertin sözlərinə görə, bu layihə həqiqətən də Cənubi Qafqazda reallaşdırılacaq ən böyük layihələrdən biridir. Eyni zamanda Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qarantına çevriləcək bir layihədir. Bu layihənin çox geniş perspektivləri var. Vaxtilə Azərbaycan tərəfi bununla bağlı öz təkliflərini irəli sürəndə, xüsusilə Ermənistan başda olmaqla, bəzi siyasi qüvvələr, həmçinin xarici ölkələr layihəyə bir qədər fərqli yanaşırdılar. Ancaq hazırda layihənin perspektivləri o qədər genişdir ki, bu, hətta dünyanın supergüclərinin də diqqətini cəlb edib. Məsələn, görürük ki, ABŞ bu layihədə xüsusilə fəallıq göstərir. Donald Trampın layihəyə marağı o qədər böyükdür ki, layihə şəxsən onun adı ilə TRIPP layihəsi adlandırılır. Layihənin 99 il müddətinə ABŞ-nin icarəsinə verilməsi, eyni zamanda ABŞ-nin burada yüksək paya malik olması Vaşinqtonun regiona olan marağının göstəricisidir. Bu, dünyanın ən böyük supergücünün Cənubi Qafqaz regionuna marağını nümayiş etdirir.
Siyasi şərhçinin fikrincə, artıq layihənin başa çatdırılması üçün geniş zəmin formalaşıb. Ermənistan tərəfi də layihə ilə bağlı işlərin yekunlaşdığını bildirib. Nikol Paşinyan parlament seçkilərində qalib gələrək yenidən hakimiyyətdə qalmaq üçün xalqdan mandat ala bildi. Bu da, əlbəttə ki, Ermənistandakı revanşist qüvvələrin mövqelərinin zəifləməsinə, eyni zamanda Nikol Paşinyanın bu layihəni uğurla reallaşdırmasına kömək edəcək amillərdən biridir.
"Düşünürəm ki, layihə qısa zamanda yekunlaşacaq və TRIPP marşrutundan artıq istifadə etmək mümkün olacaq", - deyə Z. Əmrəliyev vurğulayıb.
Səidə Ramazanova