TRIPP layihəsi Azərbaycan və Türkiyənin regional mövqelərini gücləndirəcək- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsinin praktiki icra mərhələsinə start verildiyini açıqlayıb. O, müstəqillik dövrünün ən böyük iqtisadi təşəbbüsü adlandırdığı bu layihənin ölkələrin suverenliyi və yurisdiksiyasına hörmət əsasında Cənubi Qafqazda maneəsiz tranzit əlaqələri yaradacağını, Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin edəcəyini və Ermənistanın xarici bazarlara çıxışını genişləndirəcəyini bildirib. Sünik vilayətindən keçəcək strateji dəhlizin inkişafı üçün ABŞ-yə 99 ilədək eksklüziv hüquqların verilməsi, yaradılacaq şirkətdə isə ABŞ-nin 74, Ermənistanın 26 faiz paya malik olması nəzərdə tutulur.

TRIPP layihəsinin icrasına başlanması Cənubi Qafqazda kommunikasiyaların açılması və sülh prosesinə necə təsir edəcək? Dəhlizin 99 illiyə ABŞ-nin idarəçiliyinə verilməsi regiondakı geosiyasi balansı necə dəyişə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 

" TRIPP layihəsinin Zəngəzur dəhlizi istiqamətində açılması Cənubi Qafqaz regionu üçün olduqca əhəmiyyətli hadisədir. Nəzərə alsaq ki, bu layihə artıq regional layihə olmaqdan çıxaraq qlobal layihə statusu qazanıb və burada ABŞ da iştirak edir. Yəni 99 illik müddətə bağlanmış müqavilə əsasında ABŞ tərəfi 74 faiz paya sahibdir.
Nəzərə alsaq ki, bu kommunikasiya xətti ilə ildə 15 milyon tona yaxın yük daşınacaq, bu, Ermənistana siyasi və diplomatik baxımdan dünyaya açılmaq imkanları yaratmaqla yanaşı, ciddi maddi qazanc da gətirəcək. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və Ermənistan arasında əməkdaşlığın inkişafı, sülh müqaviləsinin imzalanması böyük mənada Cənubi Qafqazda yeni ab-hava müəyyənləşdirəcək.
Bu baxımdan, Zəngəzur dəhlizinin açılması və artıq bununla bağlı işlərə start verilməsi mühüm hadisədir. Bu, həm Cənubi Qafqazın, həm də Azərbaycan və Ermənistanın siyasi həyatında və tarixində əhəmiyyətli hadisədir. Eyni zamanda, Asiyanı Avropaya bağlayan əsas qovşaqlardan biridir Xüsusilə də Orta Asiya və Çindən daşınan yüklər bu nəqliyyat kommunikasiyası vasitəsilə dünya bazarlarına çıxarılacaq. Ermənistan özü isə bu kommunikasiya xətti ilə Rusiya, Orta Asiya və Çinə çıxış əldə edəcək. Bununla yanaşı, İran, Hindistan və Körfəz ölkələrinə də çıxış imkanları yaranacaq. Bu baxımdan, layihə həqiqətən də unikal və strateji əhəmiyyətə malikdir. Şübhəsiz ki, bu layihədə Azərbaycan və Türkiyə xüsusilə maraqlıdır. Belə ki, Azərbaycan Naxçıvana bu xətt vasitəsilə birbaşa çıxış əldə edəcək, Naxçıvanla Azərbaycanın digər hissəsi arasında təhlükəsiz və maneəsiz keçid imkanlarının yaranması gediş-gəlişi intensivləşdirəcək, Azərbaycanın Türkiyə ilə əlaqələri sürətlənəcək. Təbii ki, Türkiyə də bu nəqliyyat qovşağı vasitəsilə Azərbaycan üzərindən dünyaya və Orta Asiyaya daha əlverişli çıxış əldə edəcək. Bu da bütün regionun mənzərəsinə müsbət təsir göstərəcək layihə kimi dəyərləndirilməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00