99 illik ABŞ icarəsi və İran amili: TRIPP layihəsi regionda nələri dəyişəcək? – ÖZƏL
18:03 Siyasət"TRIPP layihəsinin işə düşməsi, təbii ki, region üçün çox əhəmiyyətli hadisə olacaq. Çünki Azərbaycan tərəfi artıq bu layihənin icrasına başlayıb"
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçinin sözlərinə görə, hazırda əsas məsələ Ermənistan tərəfinin də layihənin reallaşdırılması istiqamətində işlərə başlamasıdır. Bildiyimiz kimi, ABŞ-də əldə olunan razılaşmadan, xüsusilə də Amerika şirkətinin iştirakı ilə bağlı müqavilədən sonra Ermənistanın da fəaliyyətə başlamasını gözləyirdik. Lakin bu proses uzun müddət ərzində baş vermədiyindən, artıq Ermənistan tərəfinin TRIPP layihəsinin həyata keçirilməsinə başladığı barədə məlumat verildi. Birincisi, bu, region üçün çox böyük hadisədir. Çünki yeni logistika yolları açılacaq, Orta Dəhlizin logistik imkanları daha da güclənəcək. Eyni zamanda, Çinlə Avropa arasındakı logistika xəttində Azərbaycanın rolu artacaq. Bu marşrut həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi və siyasi baxımdan mühüm təsirlər yaradacaq. Burada həm iqtisadi dividendlər, rentabellik, həm də siyasi dividendlərdən söhbət gedir. Xüsusilə Azərbaycan bu prosesdə böyük logistika mərkəzinə çevrilə bilər. Bu isə ölkənin siyasi konfiqurasiyasına və dünya siyasətindəki mövqeyinə də təsir göstərəcək.
Ekspert bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı hazırda aparılan işlər müsbət qiymətləndirilir. Təbii ki, qeyd etmək lazımdır ki, Ermənistan artıq konstitusiya dəyişikliklərinə hazırlaşır və referendum keçirmək niyyətindədir. Ermənistan anlayır ki, gələcəyi naminə bu addımları atmalıdır. Sülh müqaviləsinin tam şəkildə imzalanması və bundan sonra TRIPP layihəsində iştirakı Ermənistanın gələcək rifahına da töhfə verə bilər. Digər tərəfdən, dəhlizin 99 il müddətinə ABŞ-yə, Ermənistan tərəfindən icarəyə veriləcəyi və idarəçiliyinin ABŞ-yə həvalə olunacağı bildirilir. Ancaq buna baxmayaraq, düşünürəm ki, Ermənistanın da burada müəyyən hərbi və mülki işçi kontingenti olacaq. Çünki bu ərazinin tamamilə ABŞ tərəfindən idarə olunması, yəqin ki, mümkün olmayacaq. Eyni zamanda, ABŞ-nin də orada özünə məxsus müəyyən işçi heyəti saxlaması tələb olunur ki, bu da böyük maliyyə vəsaiti deməkdir.
"ABŞ ilə əldə olunan razılaşmanın regionda Ermənistana münasibət məsələsinə də təsiri var. Çünki burada İran amili mövcuddur. İran bu gün ABŞ-nin regionda mövcudluğunu qəbul etmiş vəziyyətdə deyil. ABŞ-nin regionda mövqelərinin güclənməsi, eləcə də NATO hərbi qüvvələrinin bu bölgəyə daxil olması ehtimalı, təbii ki, regional vəziyyəti dəyişə bilər. Bu baxımdan İran amili və Ermənistanın bu amillə üzləşməsi də mümkündür. Ancaq bununla yanaşı, düşünürəm ki, İran tərəfi də Zəngəzur dəhlizinin açılmasında maraqlı ola bilər. Çünki bu marşrutun fəaliyyəti nəticəsində İran da logistika baxımından müəyyən gəlirlər əldə edə bilər. ABŞ-nin hazırda regionda mövcudluğu və İran amilinə gəldikdə isə, bilirik ki, bu logistika yolunun işləməsi üçün ABŞ ilə İran arasında mövcud müharibə vəziyyəti tədricən danışıqlar masasına gətirilməli, tərəflər arasında müəyyən razılaşma şərtləri hazırlanmalı və müzakirə olunmalıdır. Çünki bu logistika marşrutunun fəaliyyət göstərməsi üçün regionun bütün ölkələrində sülh şəraitinin və sabitliyin təmin olunması vacibdir. Buraya həm ABŞ, həm də digər ölkələr tərəfindən investisiyalar yatırılacaq. Həmin investisiyaların qorunması isə olduqca vacibdir. Bu da o deməkdir ki, geosiyasi baxımdan regionda sülhün və sabitliyin bərqərar olması bütün dövlətlər üçün zəruri məsələyə çevrilir", - deyə siyasi şərhçi qeyd edib.
Səidə Ramazanova