Macarıstan Aİ-nin Ukraynaya yardımı ilə büdcə məsələsinin əlaqələndirilməsinə qarşı çıxır- ÖZƏL
16:50 DünyaMacarıstan hökuməti Avropa İttifaqının (Aİ) 2028-2034-cü illəri əhatə edən növbəti yeddiillik büdcəsinin Ukraynaya maliyyə yardımı ilə əlaqələndirilməsinə etiraz edir.
Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar noyabrın 26-27-də keçiriləcək və Aİ-nin növbəti büdcəsinin müzakirə olunacağı sammit ərəfəsində bildirib.
Baş nazir parlamentdəki çıxışı zamanı bəzi siyasi qüvvələrin Aİ-nin növbəti büdcəsi ilə Ukraynaya maliyyə dəstəyi məsələsini vahid müzakirə predmetinə çevirməyə çalışdığını deyib. Onun sözlərinə görə, Macarıstan bu iki məsələnin ayrı-ayrılıqda nəzərdən keçirilməsini vacib hesab edir.
Magyar Brüsseldə keçiriləcək sammitdə Aİ-nin hazırkı büdcə təklifini dəstəkləməyəcəklərini də vurğulayıb. O bildirib ki, təqdim olunan sənəd Macarıstanın qəbul edə biləcəyi şərtlərə uyğun deyil və Aİ-yə üzv 27 ölkə arasında razılaşmanın əldə olunmasına kömək etmir.
Baş nazirin narazılığına səbəb təklifdə üzv dövlətlərin maliyyə öhdəliklərinin artırılması ilə yanaşı, onlara ayrılan vəsaitlərin azaldılmasının nəzərdə tutulmasıdır. O, həmçinin maliyyə vəsaitlərinin istifadəsinin mürəkkəb şərtlərlə əlaqələndirilməsini tənqid edib.
Magyarın sözlərinə görə, Macarıstandan tələb olunan maliyyə töhfəsi ölkənin iqtisadi imkanlarına uyğun olmalıdır.