İranlı hakerlər Avropa supermarketlərinin soyuducularını hədəfə alıb
15:33 DünyaAvropa supermarketlərinin soyuducu sistemlərinə qarşı haker hücumlarını İranın "Şəhid Kavə" (Shahid Kaveh) adlı bölməsi həyata keçirib.
Bu barədə "Financial Times" xüsusi xidmət orqanlarına və öz mənbələrinə istinadən məlumat yayıb.
Bölmə 1980-ci illərdə İran-İraq müharibəsi zamanı öldürülmüş iranlı komandir Mahmud Kavenin adını daşıyır. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kiberelektron Komandanlığının nəzarətində olan bir neçə haker qrupundan biridir.
Xatırladaq ki, supermarketlərdə quraşdırılmış soyuducu sistemlərinə hücumlar ilk olaraq Fransada başlayıb. Oktyabrın 11-12-də hakerlər təxminən 700 supermarketdə soyuducu qurğuların parametrlərini məsafədən dəyişiblər. Noyabrın 2-nə keçən gecə isə Almaniya, İsveç, Belçika və Finlandiyada onlarla supermarket kiberhücuma məruz qalıb. Daha sonra İtaliya da soyuducu sistemlərinə hücumlar barədə məlumat verib.
FT-nin məlumatına görə, qrup müntəzəm olaraq "CyberAv3ngers" təxəllüsü ilə fəaliyyət göstərir. O, dəfələrlə kritik infrastruktur obyektlərinə hücum edib. Belə ki, 2023 və 2024-cü illərdə ABŞ-nin bir sıra ştatlarında su təchizatı, istehsalat və nəqliyyat sahələrində istifadə olunan İsrail istehsalı sənaye idarəetmə sistemlərini sındırıb.