Neft-qazdan yaşıl enerji dəhlizinə: Azərbaycanın yeni regional enerji strategiyası nə vəd edir? – ÖZƏL
15:19 İqtisadiyyatAsif İbrahimov: "Xəzər Yaşıl Enerji Dəhlizi Azərbaycanın tranzit mərkəzi mövqeyini gücləndirəcək"
Qazaxıstan Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Azərbaycan üzərindən Avropaya yaşıl enerji ixrac etməyi planlaşdırır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib. Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə həyata keçirəcəyi layihə üzərində işlər davam edir. Səfir enerji sahəsində əməkdaşlıqla yanaşı, neft-kimya və birgə istehsal imkanlarının da geniş olduğunu vurğulayıb.
"Qazaxıstanın Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı elektrik kabeli vasitəsilə Azərbaycan üzərindən Avropaya yaşıl enerji ixrac etmək planı ölkəmiz üçün kifayət qədər böyük iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu layihəyə Azərbaycanın regional enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi yanaşmaq lazımdır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, Azərbaycan uzun illərdir enerji resurslarının ixracı və tranziti baxımından mühüm regional mövqeyə malikdir. Neft və təbii qaz ixracı ölkəmizin iqtisadi inkişafında, xarici ticarət balansında və beynəlxalq enerji əməkdaşlığında mühüm rol oynayıb. İndi isə yaşıl enerji istiqamətində yeni imkanlar yaranır. Qazaxıstan, Özbəkistan və Azərbaycanın enerji sistemlərinin Xəzər dənizinin dibi ilə çəkiləcək elektrik kabeli vasitəsilə birləşdirilməsi Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını Cənubi Qafqaz və Avropa bazarları ilə əlaqələndirə bilər. Bu layihənin Azərbaycanın regional enerji və tranzit mərkəzi kimi mövqeyinə təsiri kifayət qədər ciddi ola bilər. Çünki Azərbaycan bu halda yalnız enerji istehsalçısı və ixracatçısı rolunda çıxış etməyəcək, eyni zamanda Mərkəzi Asiyada istehsal olunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasında mühüm tranzit və ötürücü ölkəyə çevriləcək. Bu isə ölkəmizin enerji xəritəsindəki rolunu genişləndirəcək, Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradacaq.İqtisadi dividendlərə gəldikdə, ilk növbədə tranzit gəlirlərini qeyd etmək lazımdır. Azərbaycan ərazisindən ötürülən elektrik enerjisinə görə tranzit və şəbəkə xidmətlərindən gəlir əldə etmək imkanları yaranacaq. Bununla yanaşı, yüksək gərginlikli elektrik infrastrukturu, çevirici yarımstansiyalar, ötürücü xətlər və əlaqəli texniki sistemlərin qurulması ölkəyə yeni investisiyalar cəlb edə bilər. Layihə mühəndislik, tikinti, texniki xidmət, enerji idarəetməsi və rəqəmsal monitorinq sahələrində də yeni iqtisadi fəaliyyət istiqamətləri yaradacaq. Digər mühüm məsələ Azərbaycanın özünün bərpaolunan enerji potensialıdır. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və ölkənin digər alternativ enerji mənbələri gələcəkdə bu dəhlizin yalnız tranzit infrastrukturu kimi deyil, Azərbaycan istehsalçılarının da Avropa bazarlarına çıxışı üçün platforma kimi istifadəsinə imkan verə bilər. Beləliklə, ölkəmiz həm Mərkəzi Asiya enerjisinin ötürülməsində iştirak edə, həm də öz yaşıl enerji ixracını genişləndirə bilər. Layihənin digər iqtisadi üstünlüyü Azərbaycanın enerji infrastrukturuna uzunmüddətli xarici investisiyaların cəlb edilməsidir. Beynəlxalq maliyyə institutlarının, enerji şirkətlərinin və texnologiya istehsalçılarının iştirakı ölkədə yeni texnoloji kompetensiyaların formalaşmasına, yerli mühəndislik potensialının inkişafına və yüksək ixtisaslı iş yerlərinin yaradılmasına töhfə verə bilər. Eyni zamanda, Azərbaycan üçün Mərkəzi Asiya ilə Avropa arasında enerji ticarətinin təşkilində yeni biznes imkanları yaranacaq. Lakin layihənin iqtisadi əhəmiyyətindən danışarkən onun qarşısında duran ciddi çətinlikləri də nəzərə almalıyıq. İlk növbədə maliyyələşdirmə məsələsi var. Xəzər dənizinin dibi ilə yüksək gərginlikli elektrik kabelinin çəkilməsi, sahilboyu infrastrukturun qurulması, çevirici stansiyaların yaradılması və mövcud elektrik şəbəkələrinin gücləndirilməsi böyük kapital qoyuluşu tələb edir. Bu cür layihələrdə investisiyaların geri qaytarılma müddəti, elektrik enerjisinin ötürülmə tarifləri və uzunmüddətli kommersiya gəlirləri əvvəlcədən dəqiq hesablanmalıdır.
İqtisadçının sözlərinə görə, texniki baxımdan da mühüm məsələlər mövcuddur. Xəzər dənizinin dibinin geoloji xüsusiyyətləri, sualtı kabelin marşrutu, dərinlik, seysmik risklər, korroziya, kabelin qorunması və mümkün qəza hallarında təmir imkanları ətraflı araşdırılmalıdır. Bundan əlavə, üç ölkənin elektrik enerjisi sistemlərinin texniki uyğunlaşdırılması, ötürmə zamanı enerji itkilərinin minimuma endirilməsi və fasiləsiz enerji təchizatının təmin olunması tələb olunur. Məncə, burada ən vacib iqtisadi məsələlərdən biri də istehsal olunan enerjinin alıcısı və satış mexanizmidir. Yaşıl enerji istehsal etmək kifayət etmir. Onun hansı həcmdə, hansı qiymətlə, hansı müddətə və hansı bazara satılacağı əvvəlcədən müəyyən edilməlidir. Avropa bazarının texniki tələbləri, enerji sertifikatlaşdırılması, mənşə zəmanətləri və uzunmüddətli alqı-satqı müqavilələri layihənin maliyyə dayanıqlığını müəyyən edən əsas amillər olacaq. Azərbaycanın bu layihədən uzunmüddətli iqtisadi fayda əldə etməsi üçün bir neçə istiqamətdə sistemli fəaliyyət göstərməsi vacibdir. İlk növbədə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında vahid hüquqi və kommersiya çərçivəsi formalaşdırılmalıdır. Tranzit tarifləri, kabelin mülkiyyət və istismar modeli, investisiya öhdəlikləri, enerji itkilərinin bölüşdürülməsi və fövqəladə hallar üzrə məsuliyyət əvvəlcədən razılaşdırılmalıdır. İkinci istiqamət Azərbaycanın daxili elektrik şəbəkəsinin modernləşdirilməsidir. Ölkəyə daxil olacaq və ya ölkə ərazisindən ötürüləcək böyük enerji həcmlərinin idarə edilməsi üçün ötürücü şəbəkələrin gücü artırılmalı, rəqəmsal dispetçer sistemləri, enerji balanslaşdırılması və saxlama texnologiyaları inkişaf etdirilməlidir. Üçüncü istiqamət yerli iqtisadi iştirakın genişləndirilməsidir. Layihənin tikintisi və istismarı zamanı yerli mühəndislik şirkətlərinin, texniki xidmət müəssisələrinin və digər yerli təchizatçıların iştirakı təmin olunmalıdır. Azərbaycanın iqtisadi faydası yalnız tranzit haqqı ilə məhdudlaşmamalı, layihənin yaratdığı əlavə dəyərin ölkə iqtisadiyyatında qalmasına şərait yaradılmalıdır. Dördüncü istiqamət Avropa enerji bazarı ilə institusional inteqrasiyanın gücləndirilməsidir. Azərbaycan Avropa ölkələri ilə uzunmüddətli enerji alqı-satqısı müqavilələrinin bağlanmasına, elektrik enerjisinin mənşə və keyfiyyət sertifikatlaşdırılmasına, bazar qaydalarının uyğunlaşdırılmasına xüsusi diqqət yetirməlidir. Beşinci istiqamət layihənin maliyyə risklərinin düzgün bölüşdürülməsidir. Dövlət büdcəsinin üzərinə həddindən artıq öhdəlik götürülməməli, beynəlxalq maliyyə institutları, özəl investorlar və strateji enerji şirkətləri ilə tərəfdaşlıq imkanları genişləndirilməlidir. Layihənin hər bir mərhələsi üzrə xərc-fayda təhlili və investisiyaların geriödəmə modeli hazırlanmalıdır.
"Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan artıq bu istiqamətdə müəyyən institusional addımlar atıb. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığın əsası qoyulub. 2025-ci ildə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının dəstəyi ilə layihənin texniki, iqtisadi, maliyyə və ekoloji əsaslandırılması üzrə işlərə başlanılıb. Bu, təşəbbüsün siyasi razılaşma mərhələsindən real layihə hazırlığı mərhələsinə keçdiyini göstərir. Yekun olaraq hesab edirəm ki, bu layihə Azərbaycanın qarşısında enerji ixracının yeni iqtisadi modelini formalaşdırmaq imkanı açır. Ölkəmiz uzun illər neft və qaz ehtiyatlarının ixracı hesabına regional enerji mövqeyini gücləndirib. İndi isə bərpaolunan enerji istehsalı, elektrik enerjisinin ötürülməsi və beynəlxalq enerji ticarəti sahəsində yeni mövqelər qazanmaq imkanı yaranır.Azərbaycan bu fürsətdən maksimum istifadə etməlidir. Bunun üçün yalnız tranzit ölkə statusu ilə kifayətlənmək olmaz. Enerji infrastrukturunun mülkiyyətində, idarə edilməsində, investisiya gəlirlərində və əlavə dəyərin yaradılmasında ölkəmizin iqtisadi maraqları qorunmalıdır. Mənim qənaətimə görə, Azərbaycanın strateji hədəfi Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarlarına çatdıran etibarlı körpüyə çevrilməklə yanaşı, özünün də mühüm yaşıl enerji istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirmək olmalıdır. Bu layihə düzgün maliyyə, texniki və kommersiya modeli əsasında reallaşdırılarsa, Azərbaycanın gələcək onilliklərdə regional enerji və tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirə bilər", - deyə iqtisadçı ekspert əlavə edib.
Səidə Ramazanova