Kəlbəcər Zəfərin yaratdığı yeni reallıq: 27 illik işğaldan dirçəlişə gedən yol
14:05 Siyasət25 noyabr - Kəlbəcər Şəhəri Günüdür. Bu tarix Azərbaycan xalqının yaddaşında yalnız bir şəhərin azad edildiyi gün kimi deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin və böyük quruculuq mərhələsinin başlanğıcı kimi xüsusi yer tutur. Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşən Kəlbəcər bu gün yenidən dirçəlişin, inkişafın və Böyük Qayıdışın rəmzinə çevrilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyənləşdirilib.
İşğalın dağıntılarından böyük quruculuğa
Kəlbəcərin azad edilməsi ilə Azərbaycanın qarşısında yeni vəzifə - bu qədim diyarı yenidən qurmaq, iqtisadi potensialını üzə çıxarmaq və sakinlərinin doğma yurdlarına qayıdışını təmin etmək missiyası dayanırdı. Son beş ildə rayonda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri bu istiqamətdə mühüm dəyişikliklərə səbəb olub.
Toğanalı-Kəlbəcər avtomobil yolunun çəkilməsi, Murovdağ tunelinin inşası, elektrik enerjisi infrastrukturunun yaradılması, su elektrik stansiyalarının istifadəyə verilməsi, "İstisu" sanatoriyasının yenidən qurulması və yaşayış komplekslərinin inşası Kəlbəcərin yeni inkişaf mərhələsinin əsas istiqamətləridir.
Bu layihələr təkcə rayonun müasir infrastrukturunun formalaşdırılmasına xidmət etmir. Eyni zamanda Kəlbəcərin Azərbaycanın iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir, turizm, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarının inkişafı üçün yeni imkanlar yaradır.
Böyük Qayıdış proqramı çərçivəsində artıq keçmiş məcburi köçkün ailələrinin Kəlbəcər şəhərinə qayıdışı təmin edilib. İlkin mərhələdə 162 ailə - 681 nəfər doğma yurdda məskunlaşıb. Bu, Kəlbəcərin yalnız fiziki olaraq deyil, həm də sosial və demoqrafik baxımdan dirçəlişinin mühüm göstəricisidir. Çünki şəhərin əsl bərpası yolların, binaların tikilməsi ilə yanaşı, burada həyatın yenidən canlanması, insanların öz evlərində yaşaması, işləməsi və gələcək qurması ilə ölçülür.
Kəlbəcər iqtisadiyyatı sürətlə böyüyür: Rəqəmlər nə deyir?
Kəlbəcərin dirçəlişini səciyyələndirən əsas məqamlardan biri iqtisadi göstəricilərdə müşahidə olunan artımdır. 2026-cı ilin yanvar-oktyabr aylarında rayonda 12 milyon 31,3 min manatlıq sənaye məhsulu istehsal edilib. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri isə 61 milyon 649 min manata çatıb.
Bunun 61 milyon 602,3 min manatını heyvandarlıq, 46,7 min manatını isə bitkiçilik məhsulları təşkil edib. Bu rəqəmlər Kəlbəcərin kənd təsərrüfatı potensialının, xüsusilə heyvandarlıq sahəsinin iqtisadi inkişafda mühüm yer tutduğunu göstərir.
2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafına yönəldilən əsas kapital investisiyalarının həcmi 487 milyon 111 min manat olub. Oktyabrın 1-nə olan məlumata görə, rayonda muzdla çalışan işçilərin sayı 5,5 min nəfərə çatıb, orta aylıq nominal əməkhaqqı 754,3 manat təşkil edib. Təkcə cari ilin ilk doqquz ayında 148 yeni iş yeri yaradılıb.
Bu göstəricilər Kəlbəcərdə iqtisadi fəaliyyətin tədricən genişləndiyini, investisiya qoyuluşlarının artdığını və yeni məşğulluq imkanlarının formalaşdığını nümayiş etdirir.
Kəlbəcərin yeni tarixi: Dirçəliş və inkişaf mərhələsi
Ən diqqətçəkən məqam odur ki, Kəlbəcər artıq yalnız bərpa və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazi deyil, həm də yeni iqtisadi imkanların formalaşdığı bir məkandır. Son illərdə rayonun iqtisadiyyatında qeydə alınan artım, investisiya layihələri, yeni iş yerlərinin yaradılması və əhalinin mərhələli şəkildə geri qayıtması bu prosesin müxtəlif istiqamətlərini əhatə edir.
25 noyabr Kəlbəcər üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün 27 illik ayrılığın başa çatmasını, doğma torpaqlara qayıdışı, dağıdılmış şəhərin yenidən qurulmasını və yeni həyatın başlanmasını simvolizə edir.
Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən Kəlbəcər bu gün quruculuq meydanına çevrilib. Dağların qoynunda yenidən evlər tikilir, yollar salınır, iqtisadi layihələr reallaşdırılır, insanlar öz doğma yurdlarına qayıdırlar.
Kəlbəcər artıq keçmişin ağrılarını deyil, gələcəyin ümidlərini təcəssüm etdirir. Zəfərlə azad edilən bu qədim Azərbaycan torpağı indi quruculuq, inkişaf və Böyük Qayıdış tarixini yazır.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı