Enerji sistemlərinin “ada prinsipi” ilə birləşdirilməsi hansı üstünlüklər vəd edir?- ÖZƏL

Ermənistan Azərbaycan, Türkiyə, Gürcüstan və İranla enerji əməkdaşlığını genişləndirməyi planlaşdırır. Vahan Kostanyanın sözlərinə görə, ilkin mərhələdə Azərbaycan və Türkiyə ilə enerji sistemlərinin "ada prinsipi" əsasında birləşdirilməsi, perspektivdə isə tam sinxronlaşdırılması nəzərdə tutulur. Hazırda İrəvan Gürcüstanla infrastruktur əlaqələrini inkişaf etdirir, İranla isə üçüncü elektrik ötürücü xəttini inşa edir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:

" "Ada prinsipi" ilə birləşmə və sinxronlaşma ümumi sinxronlaşmadan daha effektivdir. Çünki ümumi sinxronlaşmanın müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi riskləri də var. Belə ki, ölkələrin enerji sistemlərinin tamamilə sinxronlaşdırılması şəbəkələrdən birində yaranan ciddi problemin digər ölkənin enerji sisteminə də sirayət etməsinə səbəb ola bilər.
"Ada prinsipi" isə adından da göründüyü kimi, təbii ki, dənizdə yerləşən ənənəvi ada anlayışı ilə bağlı deyil. Burada söhbət Ermənistanın müəyyən bir ərazisinin ada prinsipi əsasında, ölkənin enerji sistemindən təcrid olunmuş şəkildə, tam təcrid edilməsə də, mahiyyət etibarilə qonşu ölkənin elektrik şəbəkəsinə inteqrasiyasından gedir. Məsələn, Zəngəzur dəhlizinin şimal hissəsində yerləşən ərazi Azərbaycan elektrik şəbəkəsi ilə sinxronlaşdırıla və ada prinsipi əsasında birləşdirilə bilər. Bu zaman Ermənistan üçün daha təhlükəsiz və ucuz enerji əldə etmək imkanı yaranar, eyni zamanda, müxtəlif ölkələrdən asılılıq azalar və alternativ imkanlar formalaşar.
Azərbaycan üçün də bu prosesin mühüm üstünlükləri var. Belə ki, Naxçıvanla birbaşa əlaqələr, o cümlədən enerji kommunikasiyaları baxımından daha geniş şəbəkənin formalaşması mümkün olar. Eyni zamanda, Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində enerji ixracı imkanları da genişlənər. İşğaldan azad edilmiş ərazilərimizdə, yəni Qarabağda, Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin həm ölkənin əsas hissəsinə ötürülməsi, həm ixracı, həm də ümumi enerji ekosisteminə töhfə verməsi baxımından müsbət şərait yaranar.
Amma təbii ki, bunlar hələlik layihə təşəbbüsü kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, ilk növbədə, bu təşəbbüsün detallı konsepsiyası hazırlanmalıdır. Konsepsiya bəlli olduqdan sonra digər məsələlərə toxunmaq və onları ətraflı müzakirə etmək daha doğru olar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00