Azərbaycanın iştirakı olmadan Bakı ilə bağlı qərarlar müzakirə edilir-ÖZƏL

"Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Moskvada keçirdikləri üç saatlıq görüşdə ikitərəfli və regional məsələlərlə yanaşı, Azərbaycan üzərindən qaz nəqli imkanlarını müzakirə ediblər. Danışıqlarda uzunmüddətli qaz kəməri layihəsi ilə yanaşı, qısamüddətli variant kimi Azərbaycan ərazisindən svop üsulu ilə qaz nəqli məsələsi də nəzərdən keçirilib. Tərəflər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının dayandırılması, müharibədən sonrakı dövrdə regional təhlükəsizlik arxitekturası və Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə ediblər".

Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:

"Putin münaqişənin başa çatması üçün Moskvanın dəstək verməyə hazır olduğunu bildirib. Rusiya və İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində ikitərəfli münasibətlərin və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. İranın Rusiyadakı səfirinin açıqlamasına əsasən, təxminən üç saat davam edən danışıqlarda Azərbaycanla bağlı məsələlər də ətraflı müzakirə edilib. Görüşün Azərbaycana birbaşa aidiyyəti olan əsas mövzusu enerji əməkdaşlığı, xüsusilə də Rusiya qazının Azərbaycan ərazisindən keçməklə İrana nəqli, svop və ya birbaşa tranzit kəmərləri layihəsi olub. Rusiya İranın daxili qaz qıtlığını aradan qaldırmaq və İran vasitəsilə qonşu bazarlara qaz satmaq üçün Azərbaycan infrastrukturundan istifadəni prioritet sayır. Həmçinin Cənubi Qafqazdakı geosiyasi vəziyyət, regional nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və İran ətrafındakı hərbi gərginliyin qonşu ölkələrə təsiri Moskva və Tehran arasında koordinasiya edilən əsas istiqamətlərdəndir. Görüş Azərbaycanda həmçinin ikitərəfli və üçtərəfli formatlarda razılaşdırılmalı olan tranzit məsələlərinin Bakının iştirakı olmadan müzakirə edilməsi kontekstində təhlil olunub. Bundan əlavə, Rezayinin görüşdəki salamlaşma tərzi də onun sentyabrın sonunda Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündəki davranışı ilə müqayisə edilərək yerli mediada geniş müzakirə mövzusuna çevrilib. Azərbaycanın aidiyyəti olduğu bir mövzuda nümayəndəsinin iştirakı olmadan danışıq aparılması ziddiyyətli və qərəzli mövqe nümayişi kimi qiymətləndirilir. Görüş tərzi və davranışların da diplomatik qaydalara uyğun olmadığı, ümumiyyətlə görüşün görüntü xarakterli olduğu aydın olur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00