Məhkəməyə çıxış asanlaşacaq, hakimlərin iş yükü azalacaq - Ali Məhkəmə
16:20 SosialMəhkəmə əmri üçün dövlət rüsumunun azaldılması vətəndaşların, xüsusilə sosial baxımdan həssas qrupların ədalət mühakiməsinə çıxışını asanlaşdıracaq və hakimlərin iş yükünü azaltmağa imkan verəcək.
Ali Məhkəmədən verilən məlumata görə, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bu fikirləri Milli Məclisin müzakirəsinə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsini şərh edərkən səsləndirib. Layihədə məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi nəzərdə tutulur.
Kollegiya sədri qeyd edib ki, hazırda məhkəmə əmri haqqında ərizə üçün 100 manat, iddia qiyməti 1 000 manatadək olan iddia ərizəsi üçün isə 30 manat rüsum ödənilir. Onun sözlərinə görə, bu fərq əmr icraatından istifadəni azaldır.
S.Hacıyev bildirib ki, mülki işlər üzrə 5 000 manatadək, kommersiya işləri üzrə isə 10 000 manatadək mübahisəsiz tələblərlə bağlı məhkəməyə müraciət edən şəxslər bu səbəbdən sadələşdirilmiş icraat qaydasını seçirlər. Nəticədə tərəflər arasında faktiki mübahisə olmadığı hallarda belə işə mahiyyəti üzrə baxılması məhkəmələrin iş yükünü artırır.
Layihəyə əsasən, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə görə dövlət rüsumu iddianın yalnız mübahisələndirilən hissəsi əsasında hesablanacaq. Qiymətləndirilməyən iddialar üzrə isə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin tutulması nəzərdə tutulur.
Kollegiya sədrinin sözlərinə görə, yeni hesablama qaydası şikayət vermək hüququndan istifadəni asanlaşdıracaq. Əmr icraatından daha geniş istifadə isə işlərə daha operativ baxılmasına, hakimlərin daha mürəkkəb mübahisələrə vaxt ayırmasına və bu sahədə informasiya texnologiyalarının tətbiqinə şərait yaradacaq.