Erməni lobbisi Azərbaycan-Türkiyə tandemindən niyə narahatdır?-ÖZƏL
16:03 SiyasətNoyabrın 18-də ABŞ Konqresinin Tom Lantos Komissiyasında Azərbaycan və Türkiyə ermənilərə təzyiqdə və dini azadlıqları pozmaqda ittiham olunub. Çıxışçılar "bir millət, iki dövlət" əməkdaşlığını xristianlar üçün təhlükə adlandırıb, Türkiyəyə sanksiya, F-35-lərin verilməməsi, hər iki ölkəyə silah satışı və yardımın dayandırılmasını istəyiblər. Məsələ artıq Qarabağdan kənara çıxıb: hədəfdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, nəqliyyat layihələri və sülh prosesidir.
Bu dinləmələr real siyasətə çevrilə bilərmi, yoxsa lobbi şousudur? Niyə indi həm Azərbaycan, həm Türkiyə eyni anda hədəfə alındı? ABŞ Azərbaycan-Türkiyə tandemini niyə təhlükə kimi görür?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Amerika Konqresində zaman-zaman hansısa senatorun və ya konqresmenin anti-Azərbaycan, anti-Türkiyə mövqeli çıxışlarının şahidi olmuşuq. Nəzərə alsaq ki, Lantos da erməni diasporası ilə əlaqələri olan və onun maliyyə qaynaqlarından istifadə edən şəxslərdəndir, zaman-zaman məhz ANCA təşkilatının hazırladığı tezislər əsasında çıxışlar edir.
"İki dövlət, bir millət" şüarının təhlükə kimi təqdim olunması artıq bir fobiyadır. Xüsusilə də erməni diasporası ilə əlaqələri olan bir şəxsin bu fikri səsləndirməsində təəccüblü heç nə yoxdur. Məhz bu qüvvələr Türkiyə ilə Azərbaycanın mövqelərinin güclənməsini heç cür qəbul edə bilmir və müxtəlif yollarla buna mane olmağa çalışırlar. Elə bu tipli şəxslərin təşəbbüsləri nəticəsində 1993-cü ildə Azərbaycanın əleyhinə 907-ci düzəliş qəbul olundu. Eyni yanaşmanın nəticəsində Türkiyəyə qarşı da müəyyən sanksiyalar tətbiq edilib.
Hesab edirəm ki, bunlar vahid dövlət siyasətinə çevrilməsə də, Amerika siyasətinə təsir edən amillərdir. Məhz lobbi qruplarının fəaliyyəti nəticəsində Türkiyəyə qarşı tətbiq olunmuş bəzi sanksiyaların aradan qaldırılmasına maneələr yaradılıb. Eyni zamanda, Azərbaycana qarşı tətbiq olunmuş 907-ci düzəlişin ləğvinə, Türkiyənin F-35 proqramına qayıtmasına da həmin lobbi qrupları mane olmağa çalışırlar. Lobbi qruplarının fəaliyyəti Amerika siyasətini köklü şəkildə müəyyən etməsə də, ona müəyyən təsirləri var. Bu baxımdan hesab edirəm ki, belə məsələlər diqqətdə saxlanılmalı və onların qarşısının alınması üçün imkan daxilində müəyyən addımlar atılmalıdır.
Lantosun Azərbaycan-Türkiyə tandemini təhlükə kimi görməsinə gəldikdə isə hesab etmirəm ki, ABŞ rəsmiləri bu cür düşünürlər. Bir daha qeyd edirəm ki, bu, erməni lobbisinə bağlı olan və ondan maliyyə dəstəyi alan bir şəxsin mövqeyidir.
Hazırkı administrasiya həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri kifayət qədər yaxşı səviyyədə saxlamağa çalışır. Bu baxımdan, sözügedən fikri vahid dövlət siyasəti kimi qəbul etmək doğru olmaz".
Zeynəb Mustafazadə