QHT-lərin illik maliyyə hesabatları ümumi yığıncaqda təsdiqlənəcək

Azərbaycanda ictimai birliklərin əmlakının formalaşma mənbələri və ondan istifadə barədə təfsilatlı illik maliyyə hesabatlarının ümumi yığıncaqda təsdiq edilməsi təklif olunur.

Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə olunan "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ictimai birliyin ümumi yığıncağının səlahiyyətlərinə onun əmlakının pul və ya digər formada formalaşma mənbələri, eləcə də həmin əmlakdan istifadə barədə təfsilatlı illik maliyyə hesabatının təsdiq edilməsi əlavə olunur.

Bundan başqa, ümumi yığıncağın terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə vəsaitlərin alınması, toplanılması, verilməsi və ya köçürülməsi zamanı risklərin minimuma endirilməsinə yönəlmiş qayda və prosedurları təsdiq etməsi də nəzərdə tutulur.

Beləliklə, təklif olunan dəyişikliklə ictimai birliklərin maliyyə hesabatlılığı və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qarşısının alınması ilə bağlı məsələlərin ümumi yığıncağın səlahiyyətlərinə daxil edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00