Görüşlər formal xarakter daşımamalı, real nəticələr verməlidir- ÖZƏL

Noyabrın 26-27-də Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniştərkibli müzakirələr keçiriləcək.
Görüşdə Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, iki ölkə arasında etimadın möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafı, eləcə də humanitar və təhsil sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Bu müzakirələr real nəticələrə və iki cəmiyyət arasında etimadın formalaşmasına nə dərəcədə töhfə verə bilər? Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyinin müzakirəsi fonunda vətəndaş cəmiyyəti platformalarının prosesə cəlb olunması hansı siyasi və praktiki əhəmiyyət daşıyır? Bu təşəbbüslər Azərbaycan-Ermənistan münasibətlərində normallaşmanın institusionallaşmasına kömək edə bilərmi?
Mövzu ilə bağlı  "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Mən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərini və müzakirələrini müsbət qiymətləndirirəm. Sadəcə hesab edirəm ki, bu görüşlərin gələcəkdə real nəticələr verməsi və müsbət məqamların ortaya çıxması üçün Ermənistan tərəfi prosesi pozmağa çalışmamalı, müzakirələr zamanı əldə olunan qərarlara münasibətdə daha ciddi və məsuliyyətli olmalıdır. Görüşlər sadəcə keçirilməsi xatirinə təşkil edilməməli, konkret nəticələrin əldə olunmasına, faydalı məqamların ortaya çıxmasına və onların icrasına çalışılmalıdır.
Sülh prosesi yalnız rəsmi qurumlar və dövlət nümayəndələri arasında aparılan müzakirələrlə məhdudlaşmamalıdır. Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə də sülh prosesi hərtərəfli şəkildə gücləndirilməli və möhkəmləndirilməlidir.
İki dövlət arasında etimadın formalaşdırılmasında da bu görüşlər mühüm əhəmiyyət kəsb edə bilər. Bu, xalqlar və ictimaiyyət arasında təmasların qurulması deməkdir. Uzun müddətdir ki, iki tərəf arasında ciddi problemlər və gərginliklər müşahidə olunur. Bütün bunları geridə qoymaq və növbəti mərhələyə keçmək lazımdır. Bunun üçün xalqlar, ictimaiyyət və onların nümayəndələri arasında bu cür təmasların davam etdirilməsi vacibdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00