Paşinyan-Putin görüşü: Moskva İrəvandan hansı güzəştləri gözləyir?- ÖZƏL
14:30 SiyasətErmənistan Rusiya ilə münasibətləri kəsməyi planlaşdırmır. Xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, İrəvan yığılmış problemlərə yenidən baxaraq əlaqələri sağlamlaşdırmaq istəyir. Dekabrın 3-də Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir. Paşinyan dekabrda Rusiyaya ümumilikdə 3 dəfə səfər edəcək.
Paşinyan-Putin görüşündən nələr gözləmək olar? Qarşıdakı günlərdə münasibətlər düzələcəkmi? Xüsusilə də Kreml Paşinyanın konstitusiya və Zəngəzur dəhlizi qərarlarına necə yanaşacaq?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Bu suala əvvəlcə bir faktı qeyd etməklə başlamaq lazımdır. Elə həmin fakt da əslində sualın içindədir. Nədir məsələ? Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcək. Yəni bir dövlət başçısının eyni ay ərzində bir ölkəyə üç dəfə səfər etməsi bəsit məsələ deyil. Ehtimal ki, gündəlikdə kifayət qədər ciddi məsələlər var və tərəflər bu məsələlər ətrafında ümumi konsensusa gələ bilmədikləri üçün səfərlər bir və ya iki dəfə ilə yekunlaşmır. Üçüncü səfərə də ehtiyac duyulur. Üstəlik, qeyd etdiyim kimi, söhbət 30 gün ərzində, yəni bir ayda baş tutacaq səfərlərdən gedir.
Burada Rusiyanın yanaşmasından çox şey asılıdır. Çünki Rusiya Paşinyan hakimiyyətinə qədər həmişə özündən asılı olan, Moskvadan idarə edilən Ermənistan reallığına alışmışdı. Bu gün isə Paşinyanın Qərblə əlaqələri fonunda nə müşahidə edirik? İrəvan artıq heç də Moskvanın maraqlarına uyğun addımlar atmaq istəmir. Ermənistan Rusiyadan asılı dövlət olmaq istəmir, müstəqil xarici siyasət yürütməyə çalışır. Bu müstəqil xarici siyasətin qarşısında dayanan ən böyük təhlükələrdən biri də, ilk növbədə, Rusiya və İran faktorudur.
İndi bizim mövzumuz yalnız Rusiya üzərində olacaq. Məsələ nədən ibarətdir? Rusiya tərəfi israrla Ermənistanın istər KTMT məsələsində, istərsə də Avropa İttifaqı, digər Avropa təsisatları və Avropa dövlətləri ilə ikitərəfli münasibətlərini inkişaf etdirməsini qəbul etmir. Hər halda, Moskvanın yanaşması ondan ibarətdir ki, ənənəvi Ermənistan siyasəti davam etdirilsin. Yəni Ermənistan ilk növbədə Moskvanı, ikinci növbədə isə Rusiyanın maraqlarını nəzərə alaraq siyasət yürütməlidir. Paşinyan isə bununla razılaşmır. Deməli, Rusiya çoxşaxəli siyasət yürüdən Ermənistan reallığını istəmir, Ermənistan isə Rusiyadan asılı vəziyyətdə qalmış bir dövlət olmaq istəmir. Ona görə də tərəflər bir ay ərzində üç dəfə görüşəcəklər. Bu da gündəlikdə xeyli məsələnin olduğunu göstərir.
Düşünürəm ki, artıq məsələ heç də yalnız xarici siyasətlə bağlı olmayacaq. Tranzit layihələri, sülh gündəliyi, ümumiyyətlə, Ermənistanın dövlət olaraq xarici siyasətində yeni yanaşmanın nədən ibarət olması da müzakirə mövzusu olacaq. Digər iqtisadi münasibətlər, xüsusilə Ermənistan iqtisadiyyatının Rusiyadan əhəmiyyətli dərəcədə asılı olması məsələsi də gündəmdə yer alacaq.
Ən əsası isə Rusiya tərəfi, yəqin ki, Ermənistandan bir növ izahat gözləyəcək: atılan addımlar Rusiyanın maraqlarına uyğundur, yoxsa yox? Bu görüşlərin nəticələrindən çox şey bəlli olacaq. Yəni görüşlərdən sonra artıq konkret nəsə söyləmək mümkün olacaq. Amma belə başa düşürəm ki, nə Putin, nə də Paşinyan öz mövqeyindən dönəcək. Hər iki tərəfin gözləntiləri fərqlidir. Məsələn, Paşinyan Rusiyadan müstəqil Ermənistan reallığını artıq qəbul etməsini gözləyəcək. Ermənistan həm Rusiya ilə, həm onun dostları, həm də rəqibləri ilə rahat münasibətlər qura bilməli, hətta Moskvanın düşmən hesab etdiyi dövlətlərlə də əlaqələrini inkişaf etdirə bilməlidir. Rusiya isə bunu anlayışla qarşılamalıdır.
Öz növbəsində Putin də gözləyəcək ki, Ermənistan tərəfi onun düşməni hesab etdiyi ölkələrdən uzaqlaşsın və Moskvanın maraqlarını birinci pilləyə qoysun. Qarşıdakı günlərdə münasibətlərin düzəlib-düzəlməyəcəyinə gəldikdə isə, əgər Paşinyan hakimiyyəti öz varlığını qoruya bilərsə, nəinki qarşıdakı günlərdə və ya aylarda, hətta gələcək illərdə də Rusiya-Ermənistan münasibətlərinin Paşinyandan əvvəlki vəziyyətə qayıtması mümkün deyil.
Son sualınıza- Kremlin Ermənistanın Konstitusiyasının dəyişdirilməsi və Zəngəzur dəhlizi ilə bağlı qərarlarına necə yanaşacağına gəldikdə isə, Moskva, belə deyək, Zəngəzur dəhlizinin reallaşmasına, yaxud Konstitusiyanın dəyişdirilməsinə etiraz etməyəcək. Amma yenə də Paşinyan hakimiyyətinin qarşısında belə bir şərt qoyacaq: bütün bu dəyişikliklər və yeniliklər Rusiyanın maraqları nəzərə alınaraq həyata keçiriləcək, yoxsa yox?Əgər Ermənistan tərəfi burada Rusiyanın maraqlarını üstün tutacaqsa, onda heç bir narazılıq və narahatlıqdan söhbət getməyəcək. Yox, əgər Paşinyan yenə də müstəqil Ermənistan prinsipini ön plana qoyduğunu bildirəcəksə, o zaman Moskvada da bu, müəyyən narahatlıqlarla qarşılanacaq".
Zeynəb Mustafazadə