İranın MDB-də iştirakı nə vəd edir? - ÖZƏL

"Ümumiyyətlə, İranın MDB formatında iştirakı arzuolunan deyil."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Şəxsən mən düşünürəm ki, MDB - Müstəqil Dövlətlər Birliyi artıq özünün son dövrünü yaşayır. Belə bir şəraitdə həmin quruma yeni üzvlər cəlb edərək onu gücləndirməyə heç bir ehtiyac yoxdur. Azərbaycan da daxil olmaqla, MDB-yə üzv olan dövlətlər artıq bu qurumdan ayrılmağın yollarını müzakirə etməyə başlamalıdırlar.

Çünki Rusiyanın öncüllük etdiyi bu qurum faktiki olaraq Moskvanın maraqlarına xidmət edir. Düzdür, burada qarşılıqlı maraqlar məsələsi də var, lakin əsas etibarilə MDB Rusiyanın maraqlarına xidmət edən bir təşkilatdır. Rusiya bu cür qurumları öz arxasınca aparmaqla dünyaya supergüc olduğunu nümayiş etdirməyə çalışır.

Təbii ki, belə bir şəraitdə, xüsusilə də türk dövlətləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan MDB-dən uzaqlaşmalıdırlar. İranın bu quruma cəlb edilməsinə gəlincə, indiki mərhələdə bu təşəbbüs də rədd edilməlidir. Yəni həmin qurumu nəinki genişləndirmək, əksinə, mümkün qədər tez ləğv etmək lazımdır ki, Rusiyanın işğalı altında hələ də qalmaqda olan digər türk dövlətləri də azadlıqlarına qovuşa bilsinlər.

Əks halda, MDB-nin gücləndirilməsinə töhfə verməklə, əslində, Rusiyanın işğalçılıq siyasətinə əlavə nəfəs vermiş olarıq. Bu isə, təbii ki, özümüzün özümüzə xəyanət etməyimizdən başqa bir şey olmayacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00