Ermənistanda vətəndaşlıq məsələsi yenidən gündəmdə - ÖZƏL

"Vətəndaşlıqdan məhrumetmə ilə bağlı müddəa əslində uzun müddətdir ki, Ermənistan cəmiyyətində müzakirə olunur. Lakin konkret olaraq Qarabağda vaxtilə xidmət etmiş Ermənistan vətəndaşı olan şəxslərə münasibətdə bu məsələ daha böyük əhəmiyyət kəsb edir. Məsələn, Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyan kimi şəxsləri qeyd edə bilərik."

Bu fikirləri siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu şəxslər Sovet İttifaqının süqutundan sonrakı dövrdə, Azərbaycan SSR və Ermənistan SSR mövcud olduğu vaxtlarda Azərbaycan ərazisində doğulmalarına baxmayaraq, müəyyən bir müddəaya istinad edərək özlərini Ermənistan vətəndaşı kimi təqdim ediblər. Söhbət Ermənistan Konstitusiyasının hazırda çıxarılması müzakirə olunan preambulasında istinad edilən 1990-cı il Müstəqillik haqqında Bəyannamədən və həmin sənəddə əksini tapan 1989-cu ildə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qondarma qərardan gedir.

Həmin qərara əsaslanaraq, guya Qarabağın Ermənistan ərazisi olduğu iddia edilib və bu şəxslər özlərini Ermənistan vətəndaşı kimi qəbul etdiriblər. Faktiki olaraq, Ermənistanın qanunvericiliyinə əsasən, həmin dövrdə onların Ermənistan vətəndaşlığı məsələsi hüquqi baxımdan mübahisəli olub. Buna baxmayaraq, Robert Köçəryan və Serj Sarkisyan Ermənistan prezidenti seçiliblər.

Düşünürəm ki, Nikol Paşinyan hazırda məhz bu məsələləri də müzakirə edir və gələcəkdə onların reallaşdırılması istiqamətində addımlar ata bilər. Yeni Konstitusiyada həmin şəxslərin Ermənistan vətəndaşlığından məhrum edilməsi məsələsi də gündəmə gələ bilər. Lakin uzun illər Ermənistan vətəndaşı olmuş şəxslərin indiki mərhələdə vətəndaşlıqdan məhrum edilməsi məsələsinin hansı hüquqi mexanizmlə tənzimlənəcəyi sual doğurur. Təbii ki, bu, Ermənistanın daxili məsələsidir.

Digər tərəfdən, əgər cinayət törətməkdə ittiham olunan həmin şəxslərin Azərbaycana verilməsindən söhbət gedirsə, konkret olaraq adları çəkilən şəxslər və onların ətrafında olan bir sıra insanlar nəzərdə tutulur. Həmin şəxslərin ya Ermənistan ərazisində məsuliyyətə cəlb edilməsi, ya da Azərbaycana ekstradisiya olunaraq burada mühakimə edilmələri istiqamətində Ermənistan hakimiyyətinin müvafiq addımlar atması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımından müsbət addım olardı. Bu, həm də imzalanması gözlənilən sülh prosesinə müsbət təsir göstərə bilərdi.

Düşünürəm ki, Ermənistan hakimiyyəti belə bir addım atarsa, yəni həmin şəxsləri öz ərazisində məsuliyyətə cəlb edərsə və ya Azərbaycana ekstradisiya edərsə, bu, iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcək. Çünki onların bir qismi ilə bağlı Azərbaycanda çoxsaylı cinayət işləri açılıb və bu işlər üzrə artıq müəyyən şəxslər mühakimə olunublar. İndi həmin şəxslərin Azərbaycana verilməsi məsələsi, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına müsbət töhfə verə bilər.

Ermənistan tərəfinin belə bir addım atıb-atmayacağını isə zaman göstərəcək. Hər bir halda hesab edirəm ki, Ermənistan Konstitusiyasında bir sıra məsələlər öz həllini tapmalıdır. Onlardan biri də məhz vətəndaşlıq məsələsidir. Lakin bir daha qeyd edirəm ki, bu, Ermənistanın daxili məsələsidir.

Azərbaycan üçün əsas məsələ isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması ilə bağlı müddəanın çıxarılmasıdır. Bu məsələni heç kim, o cümlədən Ermənistan tərəfi, sadəcə olaraq daxili iş kimi təqdim edə bilməz. Başqa bir müstəqil dövlətə qarşı ərazi iddialarının bir ölkənin Konstitusiyasında əks olunması qəbuledilməzdir. Həmin müddəa Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Azərbaycan bunu tələb edə bilər və buna tam hüququ var. Bu tələblə bağlı heç kim Azərbaycana irad tuta və bunu Ermənistanın daxili işi kimi qiymətləndirə bilməz.

Digər məsələlərə gəlincə, əgər Ermənistan həqiqətən də Cənubi Qafqazda Azərbaycanla münasibətlərin normallaşmasını və əməkdaşlığın inkişafını istəyirsə, bu prosesə mane olan bir sıra məsələlərin, o cümlədən qeyd olunan müddəaların Konstitusiyadan çıxarılmasına ehtiyac var. Vətəndaşlıqdan məhrumetmə məsələsi də dolayı yolla bu prosesə təsir göstərə biləcək amillərdən biridir.

Yenə də vurğulayıram ki, bu, Ermənistanın daxili məsələsidir. Lakin Ermənistan gələcəkdə Azərbaycanla həqiqətən də normal münasibətlər qurmaq niyyətindədirsə, bu istiqamətdə atılacaq addımlar prosesə müsbət təsir göstərə bilər.

Əgər Ermənistan baş nazirinin məqsədi yalnız öz hakimiyyəti üçün təhlükə yarada biləcək şəxsləri vətəndaşlıqdan məhrum etməkdirsə, bu, ölkə daxilində ciddi problemlərə səbəb ola bilər. İndi bunun hansı məqsədlə həyata keçirilmək istəndiyini və Nikol Paşinyanın əsl niyyətinin nədən ibarət olduğunu isə yaxın zamanlarda görəcəyik."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00