Bu, Ermənistanın gələcək dövlətçilik modelinin əsas elementi kimi çıxış edir- ÖZƏL
14:16 Siyasət"Ermənistandakı yeni Konstitusiya layihəsi geniş dəyişiklikləri nəzərdə tutur. Dövlət və kilsə münasibətlərinin müəyyənləşdirilməsi önəmli məsələlərdən biridir. Bu dəyişiklikdə Ermənistanın dünyəvi dövlət kimi daha konkret müəyyənləşdirildiyinin şahidi oluruq. Yəni, dövlətlə Erməni Apostol Kilsəsi arasındakı münasibətlərin qanunla tənzimlənməsi artıq mümkün deyil. Bu, məcburi hüquqi prinsip kimi təqdim edilir." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib: " Daha əvvəl sosial bazar iqtisadiyyatı anlayışı var idi. İndi bu anlayış bazar iqtisadiyyatı anlayışı ilə əvəz edilir ki, bu da yeni iqtisadi modeldən xəbər verir. Burada kollektiv yanaşma deyil, fərdi təşəbbüs və vətəndaşın şəxsi səyləri ön plana çəkilir.
Konstitusiyada üçüncü mühüm dəyişiklik xarici siyasətlə bağlıdır. Yəni, sülhün təmin olunması xarici siyasətin ayrıca bir məqsədi kimi nəzərdən keçirilir. Bu isə region dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin qurulması üçün zəmin yaradır.
Dördüncü dəyişiklik diaspora siyasəti ilə bağlıdır. Yəni, əvvəlki illərdə Ermənistanla bağlı məsələlər kənarda həll edilirdisə, indi diqqət ölkə daxilinə, Ermənistan vətəndaşlarına yönəldilir. Erməni dilinin, tarixi-mədəni dəyərlərin və mədəni həyatın qorunması ilə bağlı əvvəlki konstitusion müddəalar çıxarılaraq repatriasiya ayrıca məqsəd kimi ifadə edilir.
Seçki hüququ da qeyd edilən dəyişikliklərdən xəbər verir. Səsvermədə iştirak üçün vətəndaşın seçkidən əvvəlki iki il ərzində ən azı bir il Ermənistanda daimi yaşaması şərt kimi irəli sürülür.
Dövlət idarəçiliyi ilə bağlı dəyişikliklər də son dərəcə mühüm məqamdır. Belə ki, baş nazirin silahlı qüvvələrin ali baş komandanı statusu həm müharibə, həm də sülh dövrü üçün nəzərdə tutulur. Məhkəmə sisteminin yenidən qurulması, hakimlərin qiymətləndirilməsi və siyasi partiyaların fəaliyyətinə dair də yeni müddəaların təklif edildiyinin şahidi oluruq.
Düşünürəm ki, ən diqqətçəkən məsələlərdən biri diaspora ilə bağlıdır. Dövlətin konstitusion məsuliyyəti artıq daha çox ölkə daxilindəki vətəndaşların üzərinə qoyulur. Deməli, Ermənistanın Baş naziri Nikol Paşinyanın dövlətçilik modeli sadəcə Azərbaycanla münasibətlərə aid deyil. Burada Ermənistanın daxili və xarici siyasəti ilə bağlı institusional sistem dəyişikliklərindən söhbət gedir.
Müxalifət sənədi tənqidi təqdim edir, Paşinyanı ittiham edir. Onun demokratik prinsiplərə və Ermənistanın milli dövlətçilik ənənələrinə zərbə olduğunu iddia edir. Hətta layihədəki bəzi hüquqi və qrammatik nöqsanlar da bilərəkdən qabardılaraq onun keyfiyyətinə şübhə yaradılır. Yəni, layihənin müəlliflərinin hüquqi və dil baxımından yetərsiz olduğu iddia edilir.
Düşünürəm ki, müxalifətin tənqidlərindən daha vacib məsələ cəmiyyətin bu dəyişiklikləri qəbul etməsidir. Paşinyan bildirir ki, layihə referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcək. Qəbul olunacağı halda isə növbəti parlament seçkilərində baş nazirliyə namizəd olmayacaq. Paşinyan öz siyasi gələcəyini Konstitusiya islahatının nəticəsi ilə əlaqələndirir.
"Vətəndaş Müqaviləsi" partiyasının daha altı deputatın səsinə ehtiyacı var. Referendum üçün parlament dəstəyini təmin etmək ciddi çağırışlardan biridir.
Konstitusiya məsələsi artıq sadəcə hökumətin xarici siyasət prioriteti kimi nəzərdən keçirilmir. Bu, Ermənistanın gələcək dövlətçilik modelinin əsas elementi kimi çıxış edir.
Azərbaycan uzunmüddətli sülh strategiyasını ortaya qoyur. Noyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayanı ilə keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycan üçün vacib olan yeganə məsələ ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır və bu istiqamətdə atılan addımlar yüksək qiymətləndirilir.
İki dövlət arasında münasibətlərin normallaşması üçün siyasi bəyanatlarla paralel olaraq hüquqi təminatlar da verilməlidir.
Layihənin müzakirəyə təqdim edilməsi müsbət məsələdir. Lakin onun qəbul edilməsi və qüvvəyə minməsi, düşünürəm ki, qarşıdakı siyasi-hüquqi proseslərdən asılı olacaq."
İbrahim Məmmədli