Ekspert: Rusiya və Çinin Cənubi Qafqazdakı layihələri bir-birini tamamlayır – ÖZƏL
15:39 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya Cənubi Qafqaza ilk növbədə hərbi-strateji maraqlar, Çin isə əsasən regionun tranzit potensialı baxımından yanaşır. Bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, Qafqazşünaslar Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılov İrəvanda keçirilən "Rusiya-Çin münasibətləri dəyişən dünyada: sülh və sabitlik naminə birlikdə" adlı beynəlxalq dəyirmi masada bildirib.
Ekspertin sözlərinə görə, Cənubi Qafqaz Rusiya üçün həssas istiqamət olaraq qalır və Moskva burada təhlükəsizlik təhdidlərini neytrallaşdırmağa, yeni münaqişələrin qarşısını almağa çalışır. Krılov qeyd edib ki, Rusiya və Çin region ölkələri ilə diferensiallaşdırılmış siyasət yürüdür, yerli münaqişələrdən uzaq durur və kommunikasiyaların açılmasının tərəfdarıdırlar. Çinin əsas marağı Asiya ilə Avropanı birləşdirən yükdaşımaların həcmi ilə bağlı olsa da, Moskva və Pekinin regiondakı layihələri (xüsusilə "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri, "Bir kəmər, bir yol" və Böyük Avrasiya Tərəfdaşlığı) rəqabət aparmır, əksinə, bir-birini tamamlayır.
Bununla belə, Krılov ABŞ, Avropa İttifaqı, eləcə də İsrail, Hindistan, Pakistan və İranın regionda artan fəallığının Cənubi Qafqazda Yaxın Şərq ssenarisi üzrə xaos yaranması riskini artırdığını vurğulayıb. O hesab edir ki, regionun gələcəyi yerli hakimiyyətlərin kənar geosiyasi qarşıdurmalara cəlb olunmamaq və mövcud potensialdan iqtisadi inkişaf naminə istifadə etmək bacarığından asılıdır.