Paşinyan TRIPP-in tam icrasına yaşıl işıq yandırdı: Ermənistan öhdəliklərini yerinə yetirəcəkmi?- ÖZƏL

Baş nazir Nikol Paşinyan TRIPP-i müstəqillik dövrünün ən böyük layihəsi adlandırıb. "TRIPP İnkişaf Şirkəti" bir həftəyə qeydiyyatdan keçəcək, 23 noyabrdan başlayan hazırlıq işləri davam etdiriləcək. Paşinyan təkcə dəmir yolundan deyil, avtomobil yolundan və elektrik xətlərindən də danışır. Bu, layihənin Azərbaycanın nəzərdə tutduğu kimi, kompleks şəkildə getdiyini göstərir. Bu, XİN başçısı Mirzoyanın əvvəlki mövqeyindən fərqlidir. Mirzoyan işlərin 2027-ci ilin yazında başlayacağını demiş, avtomobil yolundan danışmamışdı. Paşinyan isə 8 avqust 2025-ci il və 12 noyabr 2026-cı il Dublin razılaşmalarına uyğun mövqe sərgiləyir.

Ümumilikdə Nikol Paşinyan Zəngəzur açıqlaması ilə Mirzoyanın iddialarını alt-üst etdi: bəs ardını gətirə biləcəkmi, sonadək sözünün üstündə dayana biləcəkmi?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" Ermənistanın Baş naziri Nikol Paşinyanın TRIPP layihəsi çərçivəsində dəmir yolu ilə yanaşı avtomobil yollarının və digər kommunikasiyaların da layihələndiriləcəyini bəyan etməsi, Ermənistanın rəsmi mövqeyinin razılaşdırılmış sənədlərin tələblərinə uyğunlaşdırılması mənasına gəlir.
Mövcud razılaşmaların təhlilinə əsasən, bu addımın arxasında duran əsas səbəblər və məqamlardan biri Vaşinqton və Dublin razılaşmalarına əməl etməkdir. Xarici işlər naziri Ararat Mirzoyan daha əvvəlki çıxışlarında marşrutun ensiz olması bəhanəsi ilə yalnız dəmir yolu və elektrik xətlərindən danışaraq avtomobil yolunu gündəmdən çıxarmağa çalışırdı. Lakin Paşinyanın son bəyanatı 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə və 2026-cı ilin noyabrında Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə təsdiqlənmiş razılaşmalara uyğun olaraq layihənin tam şəkildə icra ediləcəyini göstərir. Layihənin praktiki mərhələyə keçidinin təmin olunması da burada əsas amildir. 2026-cı il noyabrın 26-da Ermənistan hökuməti ABŞ ilə birgə TRIPP Development Company şirkətinin yaradılmasına dair səhmdarlar sazişini təsdiqləyib. Layihə artıq nəzəri müzakirələrdən praktiki icra və layihələndirmə mərhələsinə keçdiyi üçün rəsmi İrəvan texniki və hüquqi öhdəlikləri açıq şəkildə etiraf etməyə məcbur olub. Əsasən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında tam əlaqənin təmin olunması labüdləşir. Avtomobil yolunun layihəyə daxil edilməsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında təkcə yükdaşımalar, dəmir yolu üçün deyil, həm də sərnişin və avtomobil nəqliyyatı üçün birbaşa quru əlaqəsinin qurulması deməkdir. Həmçinin bəzi rəylərə görə Mirzoyanın əvvəlki məhdudlaşdırıcı açıqlamaları daha çox Ermənistanın daxili auditoriyasını və layihəyə həssas yanaşan qonşu ölkələri, xüsusilə İranı sakitləşdirmək məqsədi daşıyırdı. Paşinyanın isə ABŞ və Azərbaycanla birgə işçi qruplarının fəaliyyətə başlaması fonunda avtomobil yollarını da vurğulaması artıq İrəvanın beynəlxalq öhdəliklərdən yayına bilmədiyini nümayiş etdirir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00