Bir tarixin salnaməsi
Cahangir Hüseynovun Heydər Əliyevlə bağlı xatirələri
3 Mart 2016 14:01 MüsahibəAzərbaycanın bu günkü vəziyyəti, əldə etdiyi nailiyyətlər, qazandığı uğurların heç də asanlıqla başa gəldiyini söyləmək doğru olmazdı. Uzun illərin, hətta on illiklərin zəhməti bahasına başa gələn bu günkü inkişafın təməlinin isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu danılmazdır. Təbii ki, əgər uzaqgörən ziyalılar, ictimai-siyasi xadimlər Heydər Əliyevi 90-cı illərdə hakimiyyətə dəvət etməsəydi, bu gün nəinki hansısa inkişafdan danışmaq, hətta Azərbaycanın varlığından söhbət açmaq belə qeyri-mümkün olardı. Çünki ölkəni bürüyən böhran, xaosdan çıxış yolunu yalnız və yalnız Heydər Əliyev çözə bilərdi ki, bunu da bəzi ziyalılar, ictimai-siyasi xadimlər gözəl bilirdi. Məhz buna görə də Heydər Əliyevin Bakıya, siyasi hakimiyyətə qayıdışı aktuallığını artırırdı.
O dövrdə yaranmış böhran, siyasi xaos vəziyyətindən ölkəni çıxarmağın yollarından ən birincisinin məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından keçdiyi Cahangir Hüseynov üçün də gün kimi aydın idi. O illərdə fəal ictimai-siyasi xadim, millət vəkili olan Cahangir Hüseynov elə bu zərurəti nəzərə alaraq Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı təşəbbüsü ilə çıxış edən ilk insanlardan olub.
Həmin dövrün ictimai-siyasi həyatı, baş verən proseslər, Heydər Əliyevin Bakıya dəvət edilməsinin haradan qaynaqlandığı barədə suallara aydınlıq gətirmək üçün sabiq millət vəkili, yazıçı-publisist Cahangir Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Cahangir Hüseynov Heydər Əliyevlə ilk görüşü barədə də söhbət açıb.
-Cahangir müəllim, siz parlamentdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması təşəbbüsü ilə çıxış edən ilk deputatlardan olmusunuz. Həmin dövrdə belə bir çıxış etmək kifayət qədər risqli bir addım atmaq sayılırdı və bundan ehtiyat etmirdinizmi?
-Məlumdur ki, 1990-92-ci illər ölkədə vəziyyət heç də ürəkaçan deyildi. 1992-ci ilin fevralında ermənilər Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər, soyqırım törədərək yüzlərlə insanı qətlə yetirmişdilər. Həmin il mart ayının 3-də parlamentin Xocalı faciəsi ilə bağlı fövqəladə sessiyası çağırıldı. O vaxt mən eyni zamanda Ağdaş rayonunda milis rəisi vəzifəsində çalışırdım. Çox çətinliklə də olsa parlamentdə mərhum Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrları nümayiş etdirmək mümkün oldu. Sessiyanın gedişi ərəfəsində parlamentin binası ətrafında 40-50 min adam toplaşmışdı. Parlamentin binasında isə deputatlar daxil olmaqla 2 minə yaxın adam vardı. Sessiyanın gedişi zamanı ölkədə qarşıdurma, xaotik bir vəziyyətin hökm sürdüyü bildirildi. Etibar Məmmədov çıxış edərək istefa verdiyini bəyan etdi. Həmçinin Yaqub Məmmədov Ali Sovetin sədri kimi öz postundan istefa verdi. Belə bir vəziyyətdə parlamentin kürsüsünə çıxaraq Heydər Əliyevin hakimiyyətə gəlişi məsələsini qaldırdım. Təxminən 20 dəqiqəlik çıxışım zamanı ölkədə çətin bir vəziyyətin hökm sürdüyünü bildirdim. Qeyd etdim ki, artıq küsmək, dava etmək yeri deyil. Bu millət bizi seçibsə biz də yaranmış problemi həll etməliyik. Məsələni həll etmək üçün də yollar var. Birincisi, birləşək, xalqı bir araya gətirək. Çıxışım zamanı təklif edirəm ki, biz koalision hökumət yaratmalıyıq. Həmin hökumətə də həm demokratik blokdan, həm də bütün siyasi partiyalardan nümayəndələr daxil olmalıdır. Ağıllı adamları hakimiyyətə gətirməliyik. Həmçinin Ayaz Mütəllibova müraciətlə bildirdim ki, nə üçün parlament binasını tikdirən bir insanın, Heydər Əliyevin Ali Sovetə gəlməsinə icazə vermirsiniz. Məlumat üçün qeyd edim ki, həmin vaxt Heydər Əliyev Ali Sovetin deputatı idi və o, parlamentin iki iclasına qatıldıqdan sonra onu küsdürdülər və bir daha Heydər Əliyev iclaslara gəlmədi. Çıxışım zamanı tələb etdim ki, Heydər Əliyev hakimiyyətə gəlməlidir. Onu da qeyd edim ki, mənim çıxışıma qədər heç kim Heydər Əliyevin adını çəkmirdi. Nə Yeni Azərbaycan Partiyası vardı, nə də digərləri. Mənim həmin gün parlamentdə etdiyim çıxış həm "Ədalət", həm də "Həyat" qəzetlərində çap edildi.
-Bəs sizin çıxışınıza reaksiya necə oldu? Etirazlarla qarşılaşdınızmı?
-Həmin vaxt parlamentdə olan iki min adamdan bir nəfərinin belə səsi çıxmadı. Həm Demblok, həm kommunistlər, həm də ziyalılar sakitcə mənə qulaq asırdılar. Fasilə zamanı foyedə hiss etdim ki, mənə kifayət qədər yaxın olan, tanıdığım insanlar Heydər Əliyevlə bağlı çıxışımdan sonra mənə qəribə tərzdə baxırlar. Sanki mənə demək istəyirdilər ki, sən nə üçün çıxışın zamanı Heydər Əliyevin adını çəkdin. Onu da qeyd edim ki, parlamentdə Heydər Əliyevə hörməti olan, onu sevən insanlar da vardı. Həmin insanlar mənə qarşı heç bir kəskin reaksiya bildirmir, irad səsləndirmirdilər. Ancaq Heydər Əliyevi sevməyənlər bunu açıq şəkildə büruzə verir, belə bir çıxış etdiyimə görə irad bildirirdilər. Hətta bəziləri iddia edirdi ki, naxçıvanlı olduğum üçün belə bir çıxış etdim. Ancaq məni daha yaxından tanıyanlar bilirdilər ki, bizim Naxçıvanla heç bir əlaqəmiz olmayıb. Hamı bilir ki, mənim valideynlərim Gədəbəy rayonundandır. Xüsusilə "DemBlok"dan olanlar mənə qarşı kin nümayiş etdirirdilər. Kommunistlərin içərisində isə fərqli münasibət vardı. Belə ki, onların bəzisi mənim belə bir çıxış etməyimdən məmnunluq ifadə edir, mənə daha yaxın olur, Ayaz Mütəllibovun tərəfdarları isə mənə xəbərdarlıq edirdilər ki, bir daha Heydər Əliyevin müdafiəsinə hesablanmış çıxış etməyim. Ancaq buna baxmayaraq sessiyanın ertəsi gün deputat Cəbrayıl Nağıyevlə (həmin vaxt Cəbrayıl Nağıyev Milli Təhlükəsizlik Nazirliyinin işçisi idi) birlikdə Dövlət Televiziyasına gedərək canlı efirdə çıxış etdik. Canlı efirdə də parlamentdə səsləndirdiyim fikirləri bir daha təkrar etdim. Bildirdim ki, biz birləşməliyik, çünki təhlükələr qapımızı döyür. Təbii ki, həm parlamentdə, həm də televiziyadakı çıxışım o zaman bir çoxlarını, xüsusilə o vaxtkı hakimiyyəti qane etmirdi. Ona görə də mənə müxtəlif instansiyalardan, Xüsusi İdarədən, Daxili İşlər Nazirliyindən zənglər oldu, məlum çıxışlarımdan məmnun qalmadıqları ifadə edildi. Hətta bildirilirdi ki, məni Daxili İşlər Nazirliyinə müavin postuna təyin etmək barədə düşünürlərmiş. Ancaq bir şərtlə ki, Heydər Əliyevi müdafiə etməyim. Təbii ki, həmin iradlara cavab olaraq bildirdim ki, mən yalnız xalqı düşünərək belə çıxış edirəm. Tədricən Naxçıvandan olan deputatlar da mənə yaxınlıq etməyə başladılar. O vaxt Naxçıvandan 8-10 deputat parlamentdə təmsil olunurdu. İlk olaraq Eldar İbrahimovla münasibətlərimiz quruldu. O, mənim çıxışlarımı aparıb Heydər Əliyevə təqdim etmişdi.
-Ümumiyyətlə, sizi belə bir təşəbbüslə çıxış etməyə, Heydər Əliyevin müdafiəsinə qalxmağa nə vadar edirdi və bu hansı zərurətdən meydana gəlirdi? Əvəllər Heydər Əliyevlə yaxınlığınız, əlaqələriniz olmuşdumu?
-Mən Heydər Əliyevi birinci dəfə 1987-ci ildə Moskvada görmüşəm. O vaxt Moskvadakı Ali Milis Məktəbində təhsil alırdım. Həmin il Kreml sarayında Müslüm Maqomayevin 100 illik yubileyi keçirilirdi. Heydər Əliyev də Siyasi Büronun üzvləri ilə birlikdə yubiley mərasimində iştirak edirdi. Əvvəl Heydər Əliyev Siyasi Büro üzvləri ilə birlikdə səhnədə əyləşmişdi. Mərasimin birinci hissəsi başa çatdıqdan sonra Heydər Əliyev və digərləri mərasimi lojada oturaraq izləyirdilər. Heydər Əliyevlə mənim oturduğum kreslo arasında təxminən 2 metr məsafə vardı. Bu ərəfədə gənc Müslüm Maqomayevin ifasında Azərbaycan mahnısı səsləndirildi. Həmin mahnı o dövrdə yeni yazılmışdı və çox dinlənilirdi. Mahnı ifa edilən zaman Heydər Əliyevə baxdıqda onun kövrəldiyini və gözlərindən yaş gəldiyini gördüm. Heydər Əliyevin Azərbaycan mahnısına
kövrəlməsi, gözlərindən yaş gəlməsi məndə təccüb hissi yaratdı. Bu hisslər məndə Heydər Əliyevə qarşı böyük, sonsuz məhəbbət yaratdı. Onsuz da mənim Heydər Əliyevə xüsusi hörmətim, pərəstişim vardı, həmin hadisə isə bu hisslərin birə beş artmasına təsir göstərdi. Onu da deyim ki, Heydər Əliyev ona baxdığıımı hiss edirdi. Mərasim başa çatdıqdan sonra foyedə fürsət tapıb Heydər Əliyevlə əl görüşə bildim və Ali Milis Məktəbinin dinləyicisi olduğumu bildirdim. Təbii ki, onun mənimlə foyedə dayanıb söhbət etməyə zamanı yox idi. Ancaq hiss etdim ki, bu görüşdən Heydər Əliyev də məmnun oldu. Həmin il təhsilimi bitirib Azərbaycana qayıtdıqdan sonra sentyabr ayında Ağdaş rayonuna milis rəisi təyin olundum. 1988-ci ildə Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdılar. 1989-cu ildə atam mənə Naxçıvana getməyi təklif etdi. Məqsəd Naxçıvanda Heydər Əliyevlə görüşmək idi. Məlumat üçün qeyd edim ki, mənim atam 1945-50-ci illərdə indiki Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1952-57-ci illərdə isə tarix fakultəsində Heydər Əliyevlə birlikdə oxuyub. Ancaq bir dəfə də olsun nə mən, nə də atam bu imkandan istifadə etməyib. Hətta atam özü qadağan etmişdi ki, onun Heydər Əliyevlə bir yerdə oxumasını heç kim bilməsin. Sovet dövründə bu cür şeylərə yaxşı baxmırdılar. Ancaq bunu mən bilirdim. Çünki bizim evimizdə olan universitet şəkillərindən bu mənə aydın idi. Eyni zamanda hüquq fakultəsdində Murtuz Ələsgərov, Məmməd Xələfov, Nəriman Yusifov kimi şəxslər atamla bir yerdə təhsil alırdı. Təxminən yay aylarında biz Naxçıvana getdik. Orada bizi Məmməd Abbasov qarşıladı. Məmməd Abbasov həmin vaxt İliç rayonunun birinci katibi idi. Mən Moskvada təhsil alarkən Məmməd Abbasov da İctimai Elmlər Akademiyasında oxuyurdu və orada bizim yaxşı münasibətlərimiz vardı. Məmməd Abbasov Heydər Əliyevin Naxçıvanda olmadığını bildirdi. Biz atamla birlikdə Heydər Əliyevin büstünü ziyarət etdik. Bir neçə gün Naxçıvanda qalsaq da, Heydər Əliyevlə görüşə bilmədik. Çünki həmin vaxt Heydər Əliyev Naxçıvanda deyildi. Ancaq o zaman Naxçıvan Muxtar Respublikasınınn daxili işlər naziri işləyən Ramil Usubov, prokuror Ağamməd İbişovla görüşə bildik. 1990-cı ilin iyun ayında atam mənə zəng edərək Bakıya gəlməyimi istədi. Yuxarıda qeyd etdiyim kimi həmin il Ağdaşda milis rəisi vəzifəsində çalışırdım. Bakıya gələndə atam mənə bildirdi ki, Heydər Əliyev Bakıya gələcək və biz də onu qarşılamağa getməliyik. Düzü mən tərəddüd etdim.
Süleyman İsmayılbəyli
Ardı növbəti sayımızda