Zelenskinin mesajı və Moskvanın reaksiyası: Bakı danışıqlar üçün real seçimdir?- ÖZƏL
20:37 SiyasətAleksey Juravlyov Azərbaycanın Rusiya-Ukrayna danışıqları üçün "layiqli məkan" olduğunu bildirib və Volodimir Zelenski də Bakıya səfəri zamanı danışıqlara hazır olduğunu açıqlayıb. Bununla belə, əsas problem görüş yerindən çox tərəflərin mövqeləri arasındakı ciddi fərqlər və konkret razılaşma sənədinin olmamasıdır. Ukrayna isə yaxın ayları atəşkəs üçün "imkan pəncərəsi" kimi qiymətləndirir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
"Azərbaycan prinsip etibarilə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər. Tərəflərlə münasibətləri Bakının normaldır. Xüsusən də Rusiya ilə münasibətlər yenidən normallaşıbdır, gərginlik mərhələsi geridə qoyulubdur. Ukrayna ilə münasibətlərimiz olduqca yüksək səviyyədədir. Azərbaycan müharibə başlayandan Ukraynaya ən çox humanitar yardım edən ölkələrdən biridir. Eyni zamanda müharibəni heç vaxt dəstəkləməyibdir. Ukraynanın ərazi bütövlüyünü tanıyıbdır. Mərkəzi Asiya və Qafqaz ölkələri sırasında Ukrayna prezidentinin ilk olaraq Azərbaycana gəlməsi də bu münasibətlərin mövcud vəziyyətinin və Kiyevin Bakıya münasibətinin açıq göstəricisidir. Elə təklif də Ukrayna tərəfindən gəlibdir. Prinsip etibarilə Azərbaycan bu təkliflə razılaşa bilər. Rusiya tərəfi də təhlükəsizlik tədbirləri görüləcəyi təqdirdə bu təklifi müsbət qiymətləndiribdir. Azərbaycan təhlükəsizlik tədbirlərini təmin edə bilər. Tərəflər də qaydalara riayət edəcəyi təqdirdə qarşıda belə bir görüşün keçirilməsi mümkün görünür".
Zeynəb Mustafazadə