Dini dəyərlər sosial şəbəkələrdə qazanc vasitəsinə çevrilir: Mənəvi sərhədlər haradan başlayır?
20:00 SosialMüasir dövrdə sosial şəbəkələr insanların yalnız ünsiyyət qurduğu, məlumat əldə etdiyi və asudə vaxtını keçirdiyi platformalar olmaqdan çıxaraq, eyni zamanda müxtəlif ideyaların, dünyagörüşlərinin, inancların və həyat tərzlərinin təqdim edildiyi geniş ictimai məkana çevrilib. Rəqəmsal texnologiyaların inkişafı ilə əvvəllər daha çox dini məkanlarda, ibadət mərasimlərində və ənənəvi dini mühitdə rast gəlinən mövzular da virtual aləmə daşınıb. Bu gün insanlar dini mühazirələrə qulaq asır, ayə və hədislərdən nümunələr öyrənir, dini suallarına cavab axtarır, müqəddəs məkanların görüntülərini izləyir, hətta müxtəlif dini mərasimləri canlı yayımlar vasitəsilə müşahidə edə bilirlər. Bu baxımdan sosial şəbəkələrin dini məlumatların yayılmasında və insanların maarifləndirilməsində müəyyən imkanlar yaratdığını söyləmək mümkündür.
Lakin rəqəmsal mühitin təqdim etdiyi imkanlarla yanaşı, müəyyən problemlər də meydana çıxır. Xüsusilə izlənmə sayının, virtual populyarlığın və maddi qazancın ön plana keçdiyi sosial şəbəkələrdə dini məzmunun hansı məqsədlə və hansı formada təqdim olunması məsələsi getdikcə daha çox müzakirə doğurur. Belə ki, bəzi istifadəçilər dini mövzuları maarifləndirmə və mənəvi dəyərlərin təbliği məqsədilə deyil, auditoriya toplamaq, diqqət cəlb etmək və gəlir əldə etmək vasitəsi kimi təqdim etməyə başlayırlar. Nəticədə dinin mahiyyəti, ibadətin mənəvi tərəfi və müqəddəs hesab edilən anlayışların cəmiyyətdəki yeri ilə sosial şəbəkələrin kommersiya məntiqi arasında ziddiyyət yaranır.
Son dövrlər xüsusilə TikTok platformasında yayılan bəzi qeyri-adi canlı yayımlar bu müzakirələri daha da aktuallaşdırıb. Belə ki, ayrı-ayrı istifadəçilər virtual Kəbə maketi ətrafında təvaf görüntüləri yaradır, izləyicilərdən göndərilən ödənişli hədiyyələrə uyğun olaraq müxtəlif dini mərasimləri xatırladan animasiyalar nümayiş etdirirlər. Göndərilən jetonların sayından asılı olaraq Zəmzəm suyu, şeytan daşlama və Həcc ziyarətinin digər mərhələlərini əks etdirən görüntülər aktivləşdirilir. Beləliklə, dini baxımdan xüsusi məna daşıyan ayinlər virtual əyləncə formatına salınır, izləyicilərin maddi dəstəyi isə həmin görüntülərin nümayiş etdirilməsi üçün bir növ vasitəyə çevrilir.
Əslində, burada müzakirə mövzusu təkcə konkret bir platformada yayımlanan görüntülər deyil. Daha geniş problem dini anlayışların sosial şəbəkələrdə necə təqdim edilməsi, müqəddəs hesab olunan dəyərlərin hansı həddə qədər rəqəmsal məzmunun bir hissəsinə çevrilə bilməsi və bu prosesdə mənəvi məsuliyyətin nə dərəcədə qorunmasıdır. Çünki din insanın yalnız müəyyən mərasimləri yerinə yetirməsi ilə məhdudlaşmır. O, eyni zamanda əxlaq, vicdan, məsuliyyət, inanc və mənəvi bağlılıq kimi anlayışları özündə birləşdirir. İbadət isə sadəcə görüntü yaratmaqdan və müəyyən hərəkətləri təkrarlamaqdan ibarət deyil. Onun mahiyyətində niyyət, səmimiyyət və mənəvi məna dayanır.
Bu baxımdan virtual təvaf görüntülərinin yaradılması ilə həqiqi dini ibadət arasında fərqi aydın müəyyənləşdirmək vacibdir. Texnologiyanın köməyi ilə Kəbənin maketini yaratmaq, onun ətrafında animasiya nümayiş etdirmək və ya Həcc mərasimlərini vizual formada təqdim etmək özlüyündə həmin ibadətlərin yerinə yetirilməsi anlamına gəlmir. Bununla belə, müqəddəs ayinlərin ödənişli hədiyyələr müqabilində əyləncə elementinə çevrilməsi dini dəyərlərin mahiyyətinin təhrif olunması ilə bağlı ciddi suallar yaradır. Xüsusilə bu görüntülərin izləyicilərə hansı mesajı ötürdüyü, dini bilik və anlayışı nə dərəcədə düzgün əks etdirdiyi diqqətdən kənarda qalmamalıdır.
Digər mühüm məsələ isə dini məzmun hazırlayan şəxslərin məsuliyyətidir. Sosial şəbəkələrdə hər kəsin özünü dini mövzular üzrə fikir bildirən şəxs kimi təqdim edə bilməsi yanlış məlumatların yayılması riskini artırır. Bu baxımdan dini məsələlərə toxunan şəxslərin istifadə etdikləri məlumatların doğruluğuna diqqət yetirməsi, dini anlayışları təhrif etməməsi və izləyicilərin inancından sui-istifadə etməməsi vacibdir. Eyni zamanda, istifadəçilərin də gördükləri hər dini məzmunu doğru hesab etməməsi, məlumatları etibarlı mənbələrdən yoxlaması və sosial şəbəkələrdəki populyarlığı dini bilik və nüfuz göstəricisi kimi qəbul etməməsi önəmlidir.
İbadətləri xatırladan animasiyaların ödənişli hədiyyələr qarşılığında nümayişi dini dəyərlərlə nə dərəcədə uzlaşır? Dini ayinlərin bu şəkildə təqdim olunması müqəddəs ibadətlərin mahiyyətinə kölgə sala bilərmi? Bu cür halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı daha ətraflı ilahiyyatçı Ağa Hacıbəyli Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə, süni intellektin ortaya çıxdığı dövrdən sonra bir çox islami məsələlər yeni bir rəng alıb. Hər halda, texnologiyanın inkişafı özü ilə yeniliklər gətirdiyi kimi, müəyyən fəsadlara da səbəb olur. Sadəcə olaraq, burada məsələyə kimin hansı nöqteyi-nəzərdən, hansı kontekstdən və hansı bucaqdan yanaşmasından söhbət gedir. İfadə etdiyiniz kimi, bir çox insanlar məsələyə kommersiya nöqteyi-nəzərindən yanaşır və İslamın həcc kimi önəmli, möhtəşəm və müqəddəs bir ibadətini alverə çevirməyə çalışırlar.
Hər halda, həcc İslam ümmətinin bir konqresi olaraq qiyamətə qədər davam edəcək. Kəbə öz müqəddəsliyini qiyamət gününə qədər qoruyub saxlayacaq. İnsanlar, inanclı şəxslər öz ata ocağına, baba yurduna ömürlərində bir dəfə getməyi, fürsət tapdıqları zaman bu ziyarəti həyata keçirməyi arzulayırlar. Gedə bilməyənlər olduğu kimi, gedənlər də olacaq. Qınayanlar, tənqid edənlər olduğu kimi, təqdir edənlər də olacaq. Bu, həyatın gerçəkliyidir. Lakin burada diqqətimizi bir neçə məqama yönəltmək istərdim.
Birincisi, İslam dinində həcc mərasimi virtual formada yerinə yetirilə bilməz. Çünki həcc üçün niyyət, sağlam bədən və maddi imkan lazımdır. Bu şərtlər bir müsəlmanda olduğu zaman, əlbəttə ki, o, həcc ziyarətinə gedə bilər. Amma elə ibadətlər var ki, məsələn, namaz ibadətini insan vaxtında öz evində də yerinə yetirə bilər. Həcci isə evdə, başqa bir məmləkətdə həyata keçirmək mümkün deyil. Bunun üçün insan mütləq səfərə çıxmalı, Kəbə evini ziyarət etməlidir.
Orada Qara daş var. Təvaf həmin nöqtədən başlamaqla həyata keçirilir. İnsanlar Kəbənin ətrafında yeddi dəfə dövrə vuraraq təvaf ibadətini yerinə yetirirlər. Bundan sonra şeytanın daşlanması, Mina, Müzdəlifə, Ərəfatda dayanma və digər mərasimlərlə bağlı bir çox qaydalar mövcuddur.
Sonda qurban kəsilməsi, eyni zamanda saçın qısaldılması kimi bir sıra dini ayinlər var. Bunların heç biri virtual aləmdə yerinə yetirilə bilməz. Sadəcə olaraq, bəzi işbazlar, ümid tacirləri bu işin başına keçərək bir çox inanclı insanların, xüsusilə də həcc ziyarətinə həsrət qalan, lakin maddi və ya digər səbəblərdən ora gedə bilməyən yaşlı insanların qarşısına çıxırlar. Onların duyğularını, hisslərini istismar edərək əllərinə keçən qədər pul almağa çalışırlar.
Siz sağ olun ki, belə maarifləndirmə işləri aparır, xalqımızın bilik səviyyəsinin artırılmasına töhfə verir, insanları məlumatlandırır və bu cür işbazlardan məsum insanları qorumağa çalışırsınız. Belə fəaliyyət din adamlarımız üçün də insanları yanlış yönləndirmələrdən qorumaq baxımından çox önəmlidir".
Zeynəb Mustafazadə