Azərbaycanın ATƏT-ə sədrliyi...- Politoloqdan açıqlama- ÖZƏL
18:54 SiyasətVyanada ATƏT Daimi Şurasının xüsusi iclasında 2027-2029-cu illər üçün sədrliyin müəyyənləşdirilməsi üzrə paket təklif müzakirə olunub. İclasda Ermənistan, Avstriya, Azərbaycan və Norveç sədrlik etməyə hazır olduqlarını bildiriblər. 57 iştirakçı dövlətin əksəriyyəti üçillik həll prinsipini dəstəkləyib. Konsensus üçün əlavə məsləhətləşmələr lazımdır. Məsələ dekabrın 3-4-də Luqanoda keçiriləcək Nazirlər Şurasının iclasınadək müzakirə olunacaq. Kuluarda Avropa nazirlərinin Bakıya ard-arda səfərlərinin bir səbəbinin də məhz sədrlik məsələsi olduğu deyilir.
Azərbaycanın ATƏT-ə sədrlik şansı nə qədər realdır? Avropa nazirlərinin Bakıya səfərləri sədrliklə bağlı ola bilərmi? Azərbaycan sədrlik etsə, prioritetləri nə olmalıdır?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"ATƏT hələ Soyuq müharibə dövründən fəaliyyət göstərən beynəlxalq təşkilatlardan biridir. Onun əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyü və təhlükəsizliyi məsələləridir. Bununla yanaşı, insan hüquqları və demokratiya məsələləri də ATƏT-in prinsipial siyasətinin əsasını təşkil edir.
Doğrudur, son illər ATƏT bir platforma olaraq əvvəlki qədər aktiv deyil. Amma hər halda, öz mövcudluğunu qoruyub saxlayır və müstəqilliyini yeni qazanmış ölkələrə müəyyən töhfələr verir. Xüsusilə seçkilərin keçirilməsi, seçki qanunlarının beynəlxalq standartlara uyğun olub-olmaması və s. məsələlərdə təşkilatın rolu var.
Demokratiya, insan hüquqları, söz azadlığı və təbliğat məsələləri ATƏT-in platforma olaraq əsas prioritet istiqamətlərini təşkil edir. Azərbaycan müstəqillik qazandıqdan sonra ATƏT-in üzvüdür və bu təşkilatın fəaliyyətində fəal şəkildə iştirak edib. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycan və Ermənistan arasında münaqişənin həlli müəyyən dövrdə ATƏT-in Minsk qrupuna həvalə edilmişdi, bu baxımdan Azərbaycanın ATƏT-lə dərin təcrübəsi və tanışlığı var. Ona görə də 2027-2029-cu illərdə ATƏT-ə rəhbərlik, yəni sədrlik məsələsində Azərbaycanın namizədliyinin irəli sürülməsi müsbət addım ola bilər. Azərbaycan, qeyd etdiyimiz kimi, müstəqillik dövründən etibarən bu təşkilatın üzvüdür və sədrlik etmək üçün bütün imkanlara malikdir. Düşünürəm ki, gələcək iclaslarda Azərbaycanın sədrliyə namizədliyi təsdiqlənərsə, bu, ölkənin beynəlxalq nüfuzuna müsbət təsir edən amil kimi qiymətləndiriləcək.
Bu, həm də Azərbaycanın beynəlxalq arenada, xüsusilə Avropada nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətli olacaq. Nəzərə alsaq ki, son dövrlərdə Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə Azərbaycan arasında müxtəlif səviyyələrdə görüşlər keçirilir və bu təmaslar mütəmadi xarakter daşıyır, əlbəttə ki, bu amil də Azərbaycanın şanslarını artıran məqamlardan biri kimi qeyd oluna bilər.
Bu baxımdan, belə bir seçim baş tutarsa, bunu müsbət hadisə kimi dəyərləndirmək olar. Əks halda isə, bu, xüsusi əhəmiyyət kəsb etməyəcək. Bir daha qeyd etmək istəyirəm ki, ATƏT daha çox 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində aktiv fəaliyyət göstərən platforma, qurum idi. Hazırda, xüsusilə də son 10 ildə dünyada baş verən ciddi siyasi proseslər fonunda bu təşkilat sanki arxa planda qalıb".
Zeynəb Mustafazadə