“Azərbaycanın ATƏT-ə sədrliyi Avropada mövqeyimizi gücləndirə bilər” – ÖZƏL
21:33 SiyasətVyanada ATƏT Daimi Şurasının xüsusi iclasında 2027-2029-cu illər üçün sədrliyin müəyyənləşdirilməsi üzrə paket təklif müzakirə olunub. İclasda Ermənistan, Avstriya, Azərbaycan və Norveç sədrlik etməyə hazır olduqlarını bildiriblər.
"Azərbaycanın ATƏT-ə sədrlik etmək şansı var. Azərbaycanın bu məsələdə bir sıra rəsmi səfərləri zamanı müəyyən məqamlar gündəmə gətirilə bilər. İndiki böyük gərginlik dövründə, xüsusilə Avropanın enerji resursları ilə bağlı ciddi ehtiyaclarının olduğu bir dönəmdə bu, Azərbaycanın əlini gücləndirir. Azərbaycan qaz və neft məhsulları satır. Yəni, enerji resurslarımızın Avropa bazarında kifayət qədər böyük nüfuzu var, onlara ehtiyac var. Təbii ki, bu məsələlər də müzakirə mövzusu ola bilər. İlkin məlumatlara görə, ATƏT Nazirlər Şurasının İsveçrədə dekabrın 2-4-də keçiriləcək toplantısında bu məsələlər müzakirə olunacaq".
Bu fikirləri siyasi şərhçi Əli Mustafa Olaylar.az-a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, Azərbaycandan başqa digər dövlətlərin də bu istiqamətdə iddiaları var. Burada Qırğızıstan, Avstriya, Skandinaviya ölkələri, Ermənistan və İtaliya var. Azərbaycan daha şanslı ola bilər, çünki həqiqətən də Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlıq edə biləcək imkanları var. Ən azı enerji resurslarımız var. Digər tərəfdən, Azərbaycan növbəti iki ildə MDB-yə sədrlik edəcək. Təbii ki, bu, bölgədə və regionda təhlükəsizlik məsələlərində müəyyən rol oynamağa imkan verir. Hər halda, məsuliyyətli olmaq, eyni zamanda, xüsusilə nəzərə alsaq ki, bu gün Rusiya-Ukrayna savaşı coğrafiyada baş verir, Rusiyanın Şərqi Avropa ölkələri ilə qarşıdurması var. Avropanın öz daxilində siyasi və iqtisadi baxımdan, müxtəlif nəzərləri nəzərə alsaq belə, ciddi təhlükəsizlik problemləri var. Amma hər halda, ABŞ ilə Avropanın ayrışmasını görürük, bütün dünyada Rusiya ilə Avropa arasında bir gərginlik yaşandığını görürük. Həm bu, həm də digər formada ATƏT məkanı bu gün sabit, sakit məkan sayıla bilməz. ATƏT-ə sədrlik edəcək dövlət, əlbəttə, bu məsələlərlə məşğul olmalıdır. Normal prosedurlar belədir ki, sədrlik edən dövlətin xarici işlər naziri eyni zamanda bu qurumun da sədri olur. Hər halda, Azərbaycanın şansı var deyə bilərik. Əlbəttə, bu baş tutarsa, Azərbaycanın beynəlxalq məkanda, o cümlədən Avropa siyasi məkanında mövqeyinin və nüfuzunun güclənməsi ilə nəticələnə bilər. Eyni zamanda, bu zaman Avropa standartlarına, ATƏT standartlarına uyğun olaraq daxili siyasi kursun nizamlanması, qaydaya salınması zərurəti yaranacaq.
Səidə Ramazanova