ÖTƏN HƏFTƏNİN MƏDƏNİ MƏNZƏRƏSİ

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AVMVİB, AJB və AYB-nin üzvü

Mərziyyə Nəcəfovanın yeni kitabı haqqında

Salam olsun, çox dəyərli oxucum! Ədəbiyyat hər zaman xalqın yaddaşı, milli düşüncəsi, mənəvi dünyası, yaşadığı tarixi hadisələrə münasibəti və gələcəyə yönəlmiş arzularının bədii ifadəsi olub. Zaman dəyişdikcə, ictimai həyatın ritmi yeniləndikcə, insanların dünyaya baxışları, düşüncə tərzi və duyğuları da ədəbiyyatda öz əksini tapır. Hər yeni dövrün poeziyası həmin dövrün ruhunu, ağrılarını, sevinclərini, ümidsizliklərini və ümidlərini özünəməxsus poetik dillə ifadə edir. Bu baxımdan çağdaş Azərbaycan poeziyasının son illərdə keçdiyi inkişaf yolunu, mövzu və ideya istiqamətlərini araşdırmaq, ayrı-ayrı şairlərin yaradıcılığını ümumi ədəbi proses kontekstində dəyərləndirmək olduqca vacibdir. Ölkəmizin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanmış olduğu şanlı Zəfərdən sonra qədəm qoyduğu, hal-azırda yaşadığımız sürətli dəyişikliklər və inkişaf dövründə çiçəklənən sahələrdən biri də ədəbiyyat sahəsidir. Ötən həftə ərzində keçirilən yubiley tədbirləri, kitab təqdimatları, gənc müəlliflər tərəfindən səhnələşdirilən yeni və aktual tamaşa premyeraları bu fikrimizi əsaslandırmaq üçün bariz nümunələrdəndir. Sevindirici hal odur ki, bu qəbildən olan tədbirlər təkcə Bakı şəhərində deyil, respublikamızın digər şəhər və rayonlarında da böyük şövqlə təşkil olunur. Məsələn, ötən həftdə "Ulduz" jurnalının Sumqayıt şəhərində oxucularla görüşü, "Xəzan" jurnalının İsmayıllı rayonunda təşkil etdiyi tədbir təqdirəlayiq mədəni hadisələr kimi qiymətləndirilməlidir.

Ötən həftənin mədəni mənzərəsində diqqət çəkən, ədəbiyyatşünaslıq və poeziya tədqiqatları baxımından xüsusi əhəmiyyət daşıyan nəşrlərdən biri də filologiya elmləri doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mərziyyə Nəcəfovanın yeni işıq üzü görmüş "2020-2025-ci illər poeziyasında mövzu palitrası" adlı kitabıdır.

2026-cı ildə Bakı şəhərində "Füyuzat" nəşriyyatında çap olunan, 284 səhifəlik bu kitab müasir Azərbaycan poeziyasının son beşillik inkişafını, onun əsas mövzu istiqamətlərini, poetik düşüncənin dəyişən mənzərəsini və ayrı-ayrı müəlliflərin yaradıcılığında diqqət çəkən bədii xüsusiyyətləri araşdıran ciddi elmi-ədəbi nəşrdir. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 6 iyul 2026-cı il tarixli qərarı ilə çap olunmağa tövsiyə edilmiş, elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Mustafayev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov və Gülnarə Bayramova olmuşdur.

Bu faktlar nəşrin yalnız müəllifin şəxsi yaradıcılıq təşəbbüsü deyil, həm də elmi-ədəbi mühitdə müəyyən dəyər və aktuallıq kəsb edən araşdırma kimi meydana çıxdığını göstərir.

Ədəbiyyatın zamanla dialoqu

Mərziyyə Nəcəfova uzun illərdir Azərbaycan ədəbiyyatının müxtəlif istiqamətlərində araşdırmalar aparan, xüsusilə Qarabağ mövzusu, vətənpərvərlik motivləri, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, poeziyanın ictimai düşüncədəki rolu ilə bağlı elmi və publisistik yazıları ilə tanınan müəlliflərdəndir.

Onun əvvəlki kitablarının adlarına nəzər salmaq belə, yaradıcılıq və tədqiqat istiqamətinin ardıcıl xarakter daşıdığını görmək üçün kifayətdir. "Qarabağ mövzusu bədii publisistikada", "Müasir Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu", "Qarabağ mövzusunun poeziyada işlənmə istiqamətləri", "Poeziya və Qarabağ problemi", "1990-cı illər Azərbaycan ədəbiyyatında Vətənpərvərlik motivləri", "Müasir Azərbaycan poeziyasında Qarabağ", "Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi", "Savaşdan qələbəyə - Azad Şuşa ədəbiyyatda" kimi nəşrlər müəllifin əsasən milli yaddaş, Vətən, Qarabağ, müharibə, qəhrəmanlıq, tarixi hadisələrin ədəbiyyatda bədii təcəssümü istiqamətində sistemli araşdırmalar apardığını təsdiqləyir.

Yeni kitab bu tədqiqat xəttinin davamı olmaqla yanaşı, müəllifin diqqətini daha geniş zaman çərçivəsinə - 2020-2025-ci illərdə Azərbaycan poeziyasının mövzu müxtəlifliyinə yönəldir.

Bu illər Azərbaycan xalqının həyatında tarixi dönüş, milli qürurun yenidən yüksəlişi, torpaqların azadlığı, Zəfər sevinci, şəhidlik və qəhrəmanlıq duyğularının daha geniş mənəvi məzmun qazanması ilə yadda qalıb. Həmin dövrdə poeziya da yalnız fərdi duyğuların ifadəsi olmaqdan çıxaraq milli yaşantının, tarixi hadisələrin, ictimai düşüncənin və kollektiv yaddaşın poetik salnaməsinə çevrilib.

Mərziyyə Nəcəfova bu salnamənin ayrı-ayrı səhifələrini diqqətlə izləyir, şairlərin yaradıcılığında meydana çıxan yeni ifadə formalarını, ideya istiqamətlərini, mövzu dəyişikliklərini və bədii yanaşmaları araşdırmağa çalışır.

Qarabağ Zəfərinin poetik təntənəsi

Kitabın diqqət çəkən istiqamətlərindən biri Qarabağ Zəfərinin Azərbaycan poeziyasında yaratdığı yeni düşüncə və duyğu mühitidir.

Müəllif araşdırmasına əvvəlki onilliklərin ədəbi mənzərəsini xatırlatmaqla başlayır. Uzun illər Azərbaycan poeziyasında Qarabağ mövzusu torpaq itkisi, yurd həsrəti, işğalın ağrısı, Xocalı faciəsi, köçkünlük, doğma evlərə qayıtmaq arzusu və milli mübarizə motivləri ilə səciyyələnirdi. Şairlərin misralarında nisgil, qəzəb, ağrı, göz yaşları, yarımçıq qalmış arzular və torpaqların azad olunacağına inam yaşayırdı.

44 günlük Vətən müharibəsindən sonra isə həmin poeziyanın emosional və ideya istiqamətində mühüm dəyişiklik meydana çıxdı. İtirilmiş torpaqların həsrəti azadlıq sevincinə, məğlubiyyət ağrısı Zəfər qüruruna, gözləmə və nisgil real qayıdış duyğusuna çevrildi. Bu dəyişiklik yalnız mövzunun yenilənməsi deyildi. Bu, poetik düşüncənin, milli ruhun və bədii ifadənin yeni mərhələyə qədəm qoyması idi.

Mərziyyə Nəcəfova Zəfər poeziyasını araşdırarkən şairlərin Qarabağla bağlı düşüncələrini, azad edilmiş torpaqlara münasibətini, əsgər və zabit obrazlarının bədii təqdimatını, şəhidlik anlayışının poetik ucalığını, Azərbaycan-Türkiyə qardaşlığının ədəbiyyatda ifadəsini geniş şəkildə nəzərdən keçirir.

Burada Qarabağ artıq yalnız ağrı və həsrətin ünvanı deyil. Qarabağ azadlıq, milli iradə, qələbə, dövlətçilik, birlik və gələcəyə inam simvolu kimi poetik məzmun qazanır.

Müəllifin ayrı-ayrı şeirlərə münasibətində diqqət çəkən məqamlardan biri də poetik nümunələrin yalnız məzmun baxımından deyil, bədii ifadə, obrazlılıq, dil, emosional təsir və müəllifin fərdi yanaşması baxımından dəyərləndirilməsidir. Şeirlərdən gətirilən nümunələr təhlilin canlılığını artırır, oxucunun araşdırılan mövzu ilə birbaşa təmas qurmasına imkan yaradır.

Şəhidlik - poeziyanın müqəddəs yaddaşı

Vətən müharibəsinin poeziyada yaratdığı ən güclü mövzulardan biri şəhidlikdir. Zəfər sevinci ilə yanaşı, bu qələbənin hansı ağır qiymətə başa gəldiyi, neçə-neçə gəncin yarımçıq qalan ömrü, ana göz yaşları, ata nisgili, övlad həsrəti, həyat yoldaşlarının tənhalığı, qazilərin yaşadığı fiziki və mənəvi ağrılar ədəbiyyatın diqqət mərkəzində dayanır.

Mərziyyə Nəcəfovanın araşdırmalarında şəhidlik yalnız ölüm faktı və qəhrəmanlıq hadisəsi kimi təqdim olunmur. Şəhid obrazı milli yaddaşın, mənəvi ucalığın, Vətənə bağlılığın, insanın öz həyatını daha böyük amal uğrunda qurban verməsinin simvoluna çevrilir.

Şəhid haqqında yazılan şeirlərdə bəzən bir məzar daşı bütöv bir tarixi danışır, bir ana göz yaşı minlərlə insanın ağrısını ifadə edir, bir əsgərin yarımçıq qalan arzusu Vətənin gələcək nəsillərə ünvanlanan mənəvi çağırışına çevrilir.

Bu baxımdan müəllifin müxtəlif şairlərin yaradıcılığına müraciət etməsi, ayrı-ayrı poetik nümunələri müqayisəli şəkildə nəzərdən keçirməsi, şəhidlik mövzusunun bədii ifadə imkanlarını izləməsi kitabın əhəmiyyətli tərəflərindən biridir.

Ədəbiyyatın gücü ondadır ki, o, hadisəni sadəcə xatırlatmır, hadisənin insan qəlbində yaratdığı duyğunu yaşadır. Tarix bir gün faktları qeydə alır, poeziya isə həmin faktların insan ruhunda qoyduğu izləri gələcək nəsillərə ötürür.

Şəhidlik mövzusunda yazılan şeirlər bu baxımdan milli yaddaşın poetik arxividir.

Əsgər, zabit və qəhrəman obrazlarının yeni bədii təqdimatı

Müharibə poeziyasında əsgər və zabit obrazları xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında qəhrəmanlıq mövzusu yeni deyil. Ancaq müasir dövrün real döyüş təcrübəsi, 44 günlük Vətən müharibəsinin yaratdığı tarixi və mənəvi şərait bu obrazların yeni xüsusiyyətlərlə meydana çıxmasına səbəb olub.

Əsgər artıq yalnız silah tutan, döyüş meydanında vuruşan bir insan deyil. O, həm də doğma yurdun müdafiəçisi, ailəsinin ümidini daşıyan oğul, xalqın iradəsinin təcəssümü, müstəqil dövlətin təhlükəsizliyinin təminatçısı və tarixi məsuliyyətin daşıyıcısıdır.

Zabit obrazı isə döyüşçülərə rəhbərlik edən, öz həyatını əsgərlərinin həyatından üstün tutmayan, məsuliyyət, intizam, cəsarət və fədakarlıq nümunəsi kimi təqdim olunur.

Mərziyyə Nəcəfova müxtəlif müəlliflərin şeirlərində bu obrazların necə formalaşdığını, hansı bədii vasitələrlə ucaldıldığını, qəhrəmanlıq duyğusunun poetik ifadədə hansı çalarlarla meydana çıxdığını araşdırır.

Müəllifin yanaşmasında diqqət çəkən cəhətlərdən biri qəhrəmanlıq mövzusunu yalnız pafosla məhdudlaşdırmamasıdır. Əsgərin şəxsi həyatına, ailəsinə, yaşadığı ağrıya, döyüşdən sonra onun ruhunda qalan izlərə, qazilərin həyatına və müharibənin insan talelərində yaratdığı dəyişikliklərə də diqqət yetirilir.

Beləliklə, qəhrəmanlıq yalnız meydanda göstərilən hünər deyil, həm də insanın yaşadığı çətinliklər qarşısında mənəvi gücünü qoruması, Vətən sevgisini həyatının əsas istiqamətinə çevirməsi kimi dərk edilir.

Milli birlik və qardaşlıq düşüncəsinin poetik ifadəsi

Kitabda Azərbaycan-Türkiyə qardaşlığı, iki dövlət arasındakı siyasi, mənəvi və tarixi bağlılıq, Türk dünyasının birlik ideyası da poeziyanın mühüm mövzularından biri kimi araşdırılır.

Azərbaycanın Zəfər tarixində qardaş Türkiyənin mənəvi dəstəyi, iki xalqın bir-birinə bağlılığı, "Bir millət, iki dövlət" ideyasının ictimai düşüncədə yaratdığı güclü təsir şairlərin yaradıcılığında müxtəlif formalarda ifadə olunub.

Bu mövzu yalnız siyasi münasibətlərin poetik təsviri deyil. Burada ortaq tarix, dil, mədəniyyət, milli köklər, mənəvi yaxınlıq və gələcəyə yönəlmiş birlik arzusu da öz əksini tapır.

Ardı var.

18.11. - 23.11.2026. Bakı - Ağdam - Bakı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00