Bir tarixin salnaməsi

Cahangir Hüseynovun Heydər Əliyevlə bağlı xatirələri

"Bu parlament binasını tıkdırən şəxsın nəyə görə parlamentdə oturmaq haqqı olmasın!"

Əvvəli ötən saylarımızda

Azərbaycanın bu günkü vəziyyəti, əldə etdiyi nailiyyətlər, qazandığı uğurların heç də asanlıqla başa gəldiyini söyləmək doğru olmazdı. Uzun illərin, hətta on illiklərin zəhməti bahasına başa gələn bu günkü inkişafın təməlinin isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu danılmazdır. Təbii ki, əgər uzaqgörən ziyalılar, ictimai-siyasi xadimlər Heydər Əliyevi 90-cı illərdə hakimiyyətə dəvət etməsəydi, bu gün nəinki hansısa inkişafdan danışmaq, hətta Azərbaycanın varlığından söhbət açmaq belə qeyri-mümkün olardı. Çünki ölkəni bürüyən böhran, xaosdan çıxış yolunu yalnız və yalnız Heydər Əliyev çözə bilərdi ki, bunu da bəzi ziyalılar, ictimai-siyasi xadimlər gözəl bilirdi. Məhz buna görə də Heydər Əliyevin Bakıya, siyasi hakimiyyətə qayıdışı aktuallığını artırırdı. O dövrdə yaranmış böhran, siyasi xaos vəziyyətindən ölkəni çıxarmağın yollarından ən birincisinin məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından keçdiyi Cahangir Hüseynov üçün də gün kimi aydın idi. O illərdə fəal ictimai-siyasi xadim, millət vəkili olan Cahangir Hüseynov elə bu zərurəti nəzərə alaraq Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı təşəbbüsü ilə çıxış edən ilk insanlardan olub. Həmin dövrün ictimai-siyasi həyatı, baş verən proseslər, Heydər Əliyevin Bakıya dəvət edilməsinin haradan qaynaqlandığı barədə suallara aydınlıq gətirmək üçün sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Cahangir Hüseynov Heydər Əliyevlə ilk görüşü barədə də söhbət açıb. Məlumat üçün qeyd edək ki, sabiq millət vəkili ilə müsahibə 1992-ci ilin mart ayı ərəfəsində parlamentdə gedən gərgin müzakirələrə və bundan sonra ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə həsr olunub.

-Bəs sizin Surət Hüseynovla görüşünüz hansı zərurətdən baş tutdu?

-Əvvəla onu deyim ki, əgər həmin dövrdə Ali Sovetin sessiyası çağrılsaydı nə Gəncə hadisələri baş verər, nə də onlarla insan günahsız yerə həlak olardı. Çünki Ali Sovetin sessiyasının çağırılması barədə müraciətə həmin dövrdə milli qəhrəman olan Surət Hüseynov da imza atmışdı. Həmin vaxt Gəncədə hadisələr daha da kəskinləşdi. Milli Şuranın rəhbərliyi yaxşı anlayırdı ki, Ali Sovetin sessiyasının çağırılması, Heydər Əliyevin Ali Sovetə sədr gətirilməsi deməkdir. Ancaq buna baxmayaraq onlar konstitusiyanı pozur, səlahiyyətlərini aşır və Ali Sovetin sessiyasının çağırılmasına maraq göstərmirdilər. Bu ərəfədə AXC hakimiyyəti Prezident Aparatının qarşısında mitinq keçirtməyə qərar verdi. Lakin həmin mitinqə heç 100 nəfər də qatılmadı. Belə bir vaxtda əlbəttə onlar üzlərini Naxçıvana tutub, Heydər Əliyevi Bakıya dəvət etdilər. Tezliklə, Milli Şuranın sədri İsa Qəmbər, Nazirlər Kabinetinin sədri Pənah Hüseyn istefa verdi. İyunun 12-də isə Heydər Əliyev Bakıya gəldi. Onu Binə aeroportunda kütləvi insan izdihamı qarşıladı. Heydər Əliyev qanunverici orqanın iclasında iştirak etdikdən sonra hadisələrlə yaxından tanış olmaq üçün Gəncəyə getdi. Mən də əvvəllər Gəncə şəhərində Milli Təhlükəsizlik İdarəsinin rəisi olan deputat Cəbrayıl Nağıyev ilə birlikdə bu şəhərə getdim. Heydər Əliyev Gəncədə baş vermiş hadisələrlə tanış olub, Bakıya qayıtdı. Biz də öz növbəmizdə, Gəncədə toplaşmış insanlar qarşısında mitinqdə iştirak edib, daha sonra Surət Hüseynovun qərargahında onunla görüşdük.

-Surət Hüseynovla görüşdən hansı təssüratla ayrıldınız?

-Söhbət zamanı bir daha hamımız əmin olduq ki, respublikanı bu çətin durumdan yalnız Heydər Əliyev xilas edə bilər. Gəncə şəhərindən geri qayıtdıqdan sonra iyunun 15-də Milli Şuranın iclasında iştirak etdik. İclasda Milli Şuranın sədrliyinə Heydər Əliyevin namizədliyi təklif olundu. İclasda çıxış edərək Heydər Əliyevin namizədliyini dəstəklədim və vurğuladım ki, yalnız bir qüvvə, Heydər Əliyev bu çətin vəziyyətdə respublikanı xilas edə bilər. Əlbəttə, təklif səsverməyə qoyuldu və deputatlar birmənalı olaraq Heydər Əliyevin Ali Sovetə sədr seçilməsini dəstəklədilər. Onu da diqqətə çatdırım ki, ancaq həmin anda da yeni bir qüvvə ortaya çıxmaq istəyirdi. Azərbaycan artıq vətəndaş müharibəsi ərəfəsində idi. Ermənilər də bundan fəallaşıb, cəbhədə torpaqlarımızı işğal edirdilər. İyunun 17-də isə parlamentin iclası zamanı məlumat aldıq ki, Əbülfəs Elçibəy heç bir bəyanat vermədən Naxçıvana, Kələki kəndinə gedib. O, prezident səlahiyyətlərinin bəzilərini Ali Sovetin sədri Heydər Əliyevə verməklə, digərlərini isə Naxçıvandan, Kələkidən idarə edəcəyini bildirmişdi. Bu da gözlənilməz hadisə idi. Əlbəttə, mən həmin iclasda da çıxış edib, prezidentin bütün səlahiyyətlərini konstitusiyaya uyğun Ali Sovetin sədri Heydər Əliyevə verilməsini təklif etdim. Tezliklə, Prezidentin səlahiyyətləri Heydər Əliyevə verildi və respublikada referendum keçirildi, ölkədə yeni prezident seçkiləri təyin olundu.

-Həmin ərəfədə sizin Cəbrayıl rayonuan ezam olunmanız nə ilə bağlı idi?

-Məlumat üçün qeyd edim ki, həmin ərəfədə artıq mən Abşeron rayon polis şöbəsinin rəisi vəzifəsinə təyin olundum. Cəbhədə isə vəziyyət ağır olaraq qalırdı. Mən də Abşeron rayon polis şöbəsinin 10 əməkdaşı ilə 1993-cü ilin avqust ayında Cəbrayıl rayonuna ezam olundum. Demək olar ki, əhali vahimə içində idi. İnsanlar kəndləri şəhərləri qoyub Bakıya tərəf köçürdülər. Hətta Cəbrayıl, Qubadlı Zəngilan rayon sakinləri Araz çayını keçib İran vasitəsilə Bakiya köç edirdi. Belə çətin vəziyyətdə Tariyel Ağayev vasitəsilə Heydər Əliyevlə əlaqə saxlayib baş verən hadisələri ona məruzə edirdim. Hətta Gəncəyə gedib, orada keçirilən müşavirədə iştirak etdim və hadisələri müdafiə naziri Dadaş Rzayevə, eləcə də başqa məsul şəxslərə çatdırdım. Lakin artıq gec idi. Müdafiə Nazirliyinin demək olar ki, heç bir briqadasi yerlərdə hərəkət edə bilmirdi. Bu ərəfədə Bişkekdə atəşkəsin elan olunması daha böyük təhlükələrin qarşısını aldı. Tezliklə ölkədə prezident seçkiləri keçirildi və Heydər Əliyev ölkənin prezidenti seçildi. Lakin hələ də ölkədə siyasi mübarizə davam edirdi. Bu da Bakıda və respublikanın rayonlarında əməliyyat şəraitini ağırlaşdırırdı. Hakimiyyətə yenidən qayıtmaq eşqində olan bəzi siyasi qüvvələr respublikada aranı qatmaq və hakimiyyətə gəlmək eşqi ilə yaşayırdılar. Demək olar ki, hər gün təkcə Abşeron rayonunda ağır cinayətlər baş verirdi.

-Sizə qarşı həyata keçirilən sui-qəsdin sifarişçiləri kimlər idi?

-1994-cü ilin 17 iyul tarixində Maştağadakı bağ evimdə mənə qarşı süi-qəsd hadisəsi baş verdi. İki nəfər naməlum şəxsin məni avtomatla atəşə tutması nəticəsində atılan güllələrdən beşi mənə ağır xəsarət yetirdi. Lakin Allah məni qoruyub saxladı. 1994-cü, avqust ayının 5-də isə yenidən həmin quldur dəstə mənim yaxın qohumum (bacımın həyat yoldaşı, əmim oğlu) Gündüz Hüseynovun Novxanıda yerləşən bağ evinə hücuim edərək onu, mənim azyaşlı oğlum Hüseyni və Gündüz Hüseynovun sürücüsünü qətlə yetirdilər. Maşında olan digər şəxslərə də ağır xəsarətlər yetirildi. Həmin vaxt mən Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunurdum. Heç şübhəsiz ki, bu hadisələr mənim siyasi fəaliyyətim ilə bağlı idi. Lakin uzun zaman həmin hadisənin üstü açılmadı. 1995-ci ilin may ayında müalicəmi başa vurub yenidən Abşeron rayonuna, öz xidməti fəaliyyətimə, qayıtdım. Tezliklə həmin cinayətkar qrupun izlərinə düşə bildik. Onlar Maştağada fəaliyyət göstərən "Qardaşlıq" Cəmiyyətinin quldur dəstəsinin üzvləri idilər. Çox çətinliklə həmin qrupun beş nəfərdən ibarət üzvləri həbs olundu. Məlum oldu ki, həmin dəstənin üzvlərindən biri narkotik alveri ilə məşğul olan Əmrəli Babayevdir. Onlar həmçinin 1990-cı ildə Heydər Əliyevin Bakıya gəlməsinə qarşı çıxan şəxslər olub. Sonradan məlum oldu ki, həmin dəstə Abşeron yarımadasında bir sıra başqa ağır cinayətlər də törədiblər. 1996-cı ildə onlar Ali Məhkəmədə mühakimə olundu. Onlardan 4 nəfəri müstəsna cəza olan güllələnmə cəzasına, bir nəfəri isə 13 müddətinə həbs cəzasına məhkum edildi. 2000-ci ildə mən Sabirabad rayonundan ikinci çağırış Milli Məclisin üzvü seçilməklə bir daha siyasi fəaliyyətimi davam etdirdim. 2001-ci ildə 18 oktyabrda Gülüstan sarayında Ulu Öndərimiz Heydər Əliyevlə görüşüm bugünki kimi xatirələrimdədir. Mən onun bayramını təbrik edərkən Heydər Əliyev Nərimanov rayonundakı 1992-ci ildəki görüşümüzü xatırlatdı. Əlbəttə, bu, mənim həyatımın ən unudulmaz anları idi. Daha sonra mən parlamentdə dövlət quruculuğu və hüquq siyasət komitəsinin sədr müavini olmaqla onlarla qanunun hazırlanmasında və müzakirələrində yaxından iştirak etdim.

-Bəs İlham Əliyevlə görüşləriniz hansı şəraitdə baş tutdu?

-2005-ci ilin seçki kampaniyası hələ başlamamışdı. Məni Sabirabad rayonuna dəvət etdilər ki. Cənab Prezident İlham Əliyev Sabirabad şəhərində Heydər Əliyev muzeyinin açılışına gələcək. Mən də həmin rayonun deputatı kimi o tədbirlərdə iştirak etdim. Hətta muzeyi gəzərkən İlham Əliyev şəkillərə baxıb "Cahangir sən də burdasan" dedi. Mən də öz növbəmdə cavab verdim ki, həm burdayam, həm də Gədəbəydən namizədliyimi irəli sürmüşəm. Məlumat üçün qeyd edim ki, cənab Prezidentin baxdığı həmin şəkillər İlham Əliyevin 2003-cü ildə prezidentliyə namizədliyi vaxtı çəkilmişdi. Mən də həmin vaxt müstəqil deputat kimi Gədəbəy, Şəmkir, Daşkəsən, Sabirabad rayonlarına təbliğatçı təhkim olunmuşdum. Həmin rayonlarda seçki kampaniyasının keçirilməsində fəal iştirak edirdik. Şəmkirdə də İlham Əliyev seçicilərlə görüşəndə mən onunla görüşmüşdüm və o günlərin yadigarı kimi birgə şəkilimiz də var. Beləliklə, 2003-cü ildə prezident seçilən İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi ölkəmizi daha da inkisaf etdirdi.

-Bəs Azərbaycanın bu günkü vəziyyətini necə dəyərləndirirsiniz?

-Səhhətim və elmi yaradıcılıq fəaliyyətimlə bağlı son illər qardaş Türkiyədə olmağıma baxmayaraq Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Məlumat üçün qeyd edim ki, yaradıcılıq fəaliyyəti çərçivəsində Azərbaycanın orta əsrlər tarixini araşdırıram. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi məqsədyönlü islahatlar, gördüyü işlərin nəticəsidir ki, bu gün ölkənin siması, xüsusilə Bakı şəhərinin görkəmi tamamilə yeniləşib. Respublikamızın kənd və rayonları abadlaşdı. Hər il ölkəmizdə böyük beynəlxalq tədbirlər və idman yarışları keçirilir. Elə bu günlərdə Bakıda dünyanın bir çox ölkələrinin dövlət rəsmiləri, sabiq prezidentlərinin iştirakı ilə IV Qlobal Bakı Forumu keçirilir. Ümumiyyətlə, respublikamızda gedən bu uğurlu siyasət nəticəsində ölkəmiz xeyli inkişaf edərək dünyanın aparıcı ölkələri sırasına daxil olur. Lakin bütün bunlara baxmayaraq hələ də ölkədə korrupsiyaya və rüşvətxorluğa qurşanmış bəzi insanlar dövlətimizin inkişafına mane olmağa çalışırlar. Belə ki, bəzi dövlət qurumları öz vəzifə səlahiyyətlərini aşaraq korrupsiya və rüşvətxorluq kimi mənfi hallara yol verməklə dövlətimizin iqtisadiyyatına ağır zərbə vururlar. Son vaxtlar Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşları həbs edilmiş, onların cinayət əməlləri ifşa olunmuşdu. Respublika ictimaiyyəti tərəfindən də həmin şəxslərin cinayət əməlləri qətiyyətlə pislənilir. Azərbaycan Beynəlxalq Bankında baş verən korrupsiya halları respublikanın iqtisadiyyatına böyük bir zərbə vurub. Əlbəttə, belə olmalı deyildi. Bu gün qanunların keşiyində duran Baş Prokurorluq və onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu kimi mənfi halları zamanında görməli və həmin hadisələrin qarşısını vaxtında almalı idi. Azərbaycan Konstitusiyasında hakimiyyətin müstəqil qolu olan məhkəmıə hakimiyyətində prokurorluq orqanları qərarlaşsalar da, onlar məhkəmə hakimiyyətinin aliliyini deyil, icra strukturunun cinayətkarlıq və korrupsiyaya qarşı apardığı tədbirlərin önündə olmaqla yanaşı, vətəndaşlar tərəfindən daxil olan ərizə və şikayətləri vaxtında araşdırıb ölçü götürsəydi yəqin ki, nə Milli Təhlükəsizlik Nazirliyi, nə RİTN, nə də Azərbaycan Beynəlxalq Bankıda belə xoşagəlməz hadisələr baş verməzdi. Respublikamızın iqtisadiyyatına ən böyük zərbə bank sektoru və Mənzil Tikinti Kooperativləri tərəfindən vurulur. Hər iki qurum son illərdə Azərbaycan vətəndaşları və dövlət orqanlarını aldatmaq, vergidən yayınmaqla külli miqdarda dövlət vəsaitini dələduzluq yolu ilə mənimsəyib. Bunun da bariz nümunəsidir ki, respublika iqtisadiyyatında belə bir çətin məqam yaşanır. Ancaq inanıram ki, Ulu Öndərimizin layiqli davamçısı olan möhtərəm Cənab Prezidentimiz İlham Əliyev belə cinayət hallarının qarşısının alınması istiqamətində bundan sonra da kəsərli addımlar atıb müvafiq tədbirlər görəcək. Nəticə etibarilə respublikamız daha da inkişaf edərək iqtisadiyyatı güclənəcək, əhalinin əmlak hüquqları qorunacaq. Buna tamamilə əminəm. Həmçinin qətiyyətlə inanırıq ki, dövlət başçısının rəhbərliyi altında isğal olunmuş torpaqlarımız da tezliklə işğaldan azad olunacaq. Sonda bir daha müsahibəmi oxuyan insanlara dərin təşəkkürümü bildirirəm.

PS: Müsahibədə qeyd olunan faktlar sabiq millət vəkili Cahangir Hüseynovun 2012-ci ildə işıq üzü görən "Mənim xidməti və siyasi fəaliyyətim" adlı kitabından götürülüb.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31