Azərbaycanın regional sülh və İnkişaf çağırışlarının beynəlxalq əhəmiyyəti– ÖZƏL

"Azərbaycanın sülh, regional sabitlik və inkişaf çağırışları istənilən beynəlxalq auditoriya qarşısında səsləndikdə, bu, yalnız müsbət məqamlarla vurğulanmalıdır. Çünki bu halda ölkənin əsas xarici siyasət prioritetləri bir daha dünyaya nümayiş etdirilir.

Bu nöqteyi-nəzərdən Prezidentin Avrasiya İqtisadi Zirvə Toplantısı iştirakçılarına münasibətində Azərbaycanın regionda sülhə və ümumi rifaha yönəlmiş siyasətinin bir daha ifadə olunması mühüm əhəmiyyət kəsb edir".

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Xüsusilə də Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və ümumi təhlükəsizliyin təşviqinə yönəlmiş səylərinin beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandığını müşahidə edirik. Bununla yanaşı, bəzi Azərbaycana münasibətdə qərəzli qüvvələrin ölkənin bu təşəbbüslərinə kölgə salmaq cəhdləri də baş qaldırır.

Hətta Azərbaycanın Ermənistanla sülh imzalamaq təşəbbüslərinə müxtəlif dövrlərdə böhtan atıldığını, bu təşəbbüslərin manipulyasiya edildiyini görürük. Eyni zamanda Azərbaycanın regionda ticarət, iqtisadi inkişaf və xalqların rifahını yaxşılaşdırmağa yönəlmiş layihələrinə qarşı ya pozucu niyyətlərin, ya da bu addımların effektini azaltmaq məqsədilə əks bəyanatların və gedişlərin şahidi oluruq.

Bu baxımdan, Azərbaycan Prezidentinin bu istiqamətdəki çağırışları həm ölkənin xarici siyasətində regiona dair əsas istiqaməti nümayiş etdirmək baxımından əhəmiyyətlidir, həm də bu çağırışların arxasında dayanan konkret addımlar regionda sülh və ümumi rifaha yönəlmiş qüvvələr arasında əməkdaşlığın dərinləşdirilməsi üçün vacibdir. Əlbəttə, belə bəyanatlar bölgədə sülhə köklənmiş qüvvələrin antisülh qüvvələri ilə balansını yaxşılaşdırmaq baxımından böyük gücə malikdir.

Təəssüf ki, hələlik bölgəmizdə sülhün və antisülh qüvvələrinin arasında balansdan danışmaq mümkün deyil. Bu sahədə balans yoxdur. Yəni, Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ardıcıl şəkildə çalışan əsas ölkələr yalnız Azərbaycan və Türkiyədir.

Amma təəssüf ki, biz hələ də regionda səmimi şəkildə sülhə xidmət göstərmək istəyən qüvvələrlə yanaşı, pozucu qüvvələrin də mövcud olduğunu görürük. Bu sırada birinci növbədə Ermənistanı qeyd etmək lazımdır. Rusiyanın və İranın bu istiqamətdə apardığı siyasətdə isə bölgədə sülh və ümumi rifah naminə tam uyğunluq, təəssüf ki, hələlik müşahidə olunmur.

Bu nöqteyi-nəzərdən Prezidentin belə bəyanatları bölgədə sülhə yönəlmiş qüvvələr arasında güc balansını müsbət istiqamətdə dəyişmək potensialına malikdir.

Ancaq bölgədə sülhə və əmin-amanlığa xidmət edən qüvvələrin gücləndirilməsi yalnız Azərbaycanın üzərində deyil. Çünki təəssüf ki, bölgədə antisülh qüvvələri hələ də fəal və güclüdür".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31