“Azərbaycanda hicab qadağası yoxdur” – Dini hisslərlə manipulyasiya edən qüvvələr kimlərdir? – ÖZƏL

"Çox təəssüflər olsun ki, bu gün Türkiyədən Azərbaycana qarşı ağla sığmayan, qərəzli və həqiqətə uyğun olmayan təbliğat aparılır. Bu təbliğat sanki düşünülmüş şəkildə həyata keçirilir. Elə təsəvvür yaranır ki, bu kampaniya Türkiyə kimi qardaş ölkədən deyil, hansısa düşmən dövlətdən aparılır. Sanki Azərbaycan-Türkiyə münasibətlərinin daha da pisləşməsində və gərginləşməsində maraqlı olan xüsusi qüvvələr mövcuddur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, istər Türkiyədə, istərsə də Azərbaycanda bəzi sosial şəbəkə istifadəçiləri bu prosesə təkan verir, onu daha da qızışdırırlar. Təbii ki, bu, çox təəssüf doğuran və təəccüb yaradan haldır. Çünki Azərbaycan-Türkiyə münasibətlərinin sözün əsl mənasında dünyada analoqu yoxdur. Bu iki dövlət bütün mənalarda bir-birinə ən yaxın münasibətlərə malikdir. Dil, din, tarix və etnik mənsubiyyət baxımından eyni köklərə bağlı olan xalqlardan söhbət gedir. İki dövlət, bir millət anlayışı da məhz bunu ifadə edir. Çox təəssüflər olsun ki, bu münasibətləri pozmağa çalışan qüvvələr var. Bu gün Türkiyə böyük dövlətdir və orada müxtəlif siyasi qüvvələr, fərqli maraq qrupları, radikal dini kəsimlər mövcuddur. Türkiyədə müxtəlif maraqların olduğunu bilirik. Eyni zamanda, hakim AKP-nin dini dəyərlərlə sıx bağlı olan siyasi xətti var. Orada İranla, eləcə də bəzi ərəb ölkələri ilə əlaqəli qüvvələr də mövcuddur. Bunların hər biri barədə konkret fikir söyləmək çətindir. Lakin çox yaxşı olardı ki, Türkiyə hakimiyyəti və dövlət qurumları bu qüvvələri müəyyənləşdirsin və onların çirkin məqsədlərinə çatmasının qarşısını alsın. Konkret olaraq hansı qüvvələrin bu prosesdə iştirak etdiyini demək çətindir, amma əsasən dini kəsimlə əlaqəli qüvvələrdən söhbət getdiyini düşünürəm. Bir daha qeyd edirəm ki, Türkiyə-Azərbaycan qardaşlığının tamamilə zədələnməməsi üçün bu qüvvələrin qarşısı alınmalıdır. 

Bu cür təbliğat Türkiyə-Azərbaycan münasibətlərinə təsir göstərə bilərmi və onun qarşısını necə ala bilərik? 

Təəssüflər olsun ki, belə təbliğat münasibətlərə mənfi təsir göstərir. Yenə qeyd edirəm ki, təbliğat elə qurulur ki, sanki Azərbaycanda İslama qarşı kampaniya aparılır. Halbuki bu, belə deyil. Azərbaycan İslamofobiyaya qarşı beynəlxalq səviyyədə mübarizə aparan ölkələrdən biridir. Beynəlxalq tribunalardan və müxtəlif beynəlxalq təşkilatların platformalarından Azərbaycan elə təqdim olunur ki, guya ölkəmizdə hicab qadağan edilib. Bu, tamamilə yanlış və qərəzli təbliğatdır. Azərbaycanda hicab qadağası yoxdur. Ölkəmizdə qanunvericilik mövcuddur və bu qanunlar çərçivəsində məktəblərdə məktəbli forması tətbiq edilir. Bu gün Azərbaycanda yüzlərlə, minlərlə hicablı qadın təhsil müəssisələrində, banklarda, özəl sektorda və digər sahələrdə fəaliyyət göstərir. Onlara qarşı heç bir ayrı-seçkilik edilmir və hicablarına görə qadağa tətbiq olunmur. Heç kim hicablı qadınların hicab taxmasına qadağa qoymur. Ən dəhşətlisi isə odur ki, dini kəsimə mənsub bəzi qüvvələr Türkiyədə və Azərbaycanda insanların dini hissləri ilə oynayır, məktəbli forması məsələsini hicab qadağası kimi təqdim edirlər. Azərbaycanda hicab qadağası deyilən bir məsələ yoxdur. Bütün bunlar məqsədli şəkildə həyata keçirilir ki, Azərbaycana qarşı qərəzli mövqelər dini ideologiya adı altında insanlara təlqin olunsun. Yuxarıda qeyd etdiyim kimi, ilk növbədə, Türkiyənin hakimiyyət dairələri bu məsələdə maraqlı olmalıdırlar. Onlar bu təbliğatın hansı mənbələrdən qaynaqlandığını, kimlərin Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasında maraqlı olduğunu müəyyənləşdirməli və bu kampaniyanın qarşısını almalıdırlar. İkinci mühüm məsələ media sahəsi ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq haqqında razılaşma mövcuddur. Bu, yüksək səviyyədə imzalanmış və iki ölkənin media qurumları arasında əməkdaşlığı nəzərdə tutan sənəddir. Azərbaycan-Türkiyə Media Forumu da fəaliyyət göstərir. İki ölkənin mediası arasında dezinformasiyaya və hər iki dövlətə qarşı kiberhücumlara qarşı mübarizəni nəzərdə tutan razılaşma var. Bu istiqamətdə bir neçə forum keçirilib, həm Türkiyədə, həm də Azərbaycanda müvafiq tədbirlər təşkil olunub. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında da bu cür platformalar mövcuddur. Lakin Türkiyə ilə Azərbaycan arasında ayrıca əməkdaşlıq mexanizmi də var. Çox təəssüflər olsun ki, belə bir razılaşmanın və bəyanatların mövcudluğuna baxmayaraq, bu gün Türkiyə mediasında Azərbaycana qarşı qərəzli materiallara rast gəlinir. Türkiyə mediası və Türkiyə Prezident Administrasiyasında bu məsələlərlə məşğul olan vəzifəli şəxslər mövcud razılaşmaların icrasına daha ciddi yanaşmalıdırlar. Təəssüflər olsun ki, həmin sənədlərdə nəzərdə tutulan müddəalar lazımi səviyyədə həyata keçirilmir. İstər Azərbaycan, istərsə də Türkiyə tərəfindən bu tədbirlərdə və forumlarda iştirak edən, eləcə də müvafiq razılaşmaların icrasına cavabdeh olan şəxslər fəal şəkildə işə başlamalıdırlar. Bu mexanizmlər işə salınmalı, mövcud proseslərin qarşısını almaq və gərginliyi yumşaltmaq üçün konkret addımlar atılmalıdır. Media sahəsində əməkdaşlıqla bağlı qeyd etdiyim məsələ mütləq şəkildə həyata keçirilməlidir. Əks halda, belə çıxır ki, bu sənədlər yalnız kağız üzərində imzalanıb və real nəticə vermir. Bundan əlavə, cəmiyyətin özü də bu məsələdə maraqlı olmalıdır. Sosial şəbəkələrdə vətəndaşlar fəallıq göstərməli, Azərbaycana qarşı Türkiyədən səsləndirilən əsassız iddialara tutarlı cavablar verməlidirlər. Mən xüsusilə hicab məsələsini dini pərdə altında Azərbaycana qarşı istifadə edən iddiaları nəzərdə tuturam. Azərbaycanla Türkiyənin qeyri-hökumət təşkilatları və media qurumları arasında da əməkdaşlıq haqqında müvafiq sənədlər və bəyanatlar var. Çox təəssüflər olsun ki, hər iki tərəfdən bu istiqamətdə passivlik müşahidə olunur. Həmin qurumlar daha fəal hərəkət etməli, üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Ən önəmlisi isə Türkiyə hakimiyyəti bu münasibətlərin qorunmasında maraqlı olmalı, Azərbaycana qarşı kampaniya aparan qrupları və şəxsləri müəyyənləşdirməli, onların fəaliyyətinə hüquqi qiymət verməli və qanun pozuntuları olduğu təqdirdə məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlər görməlidir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31