Ukraynanın taleyi harada həll olunur? – Vaşinqton və Kremlin ortaq planı, Avropanın narazılığı – ÖZƏL
15:48 Siyasət"Hazırda qlobal məkanda ABŞ və Avropa İttifaqı arasında kəskin qarşıdurma və ziddiyyətlər müşahidə olunur. Ukrayna müharibəsi ətrafında yaranmış vəziyyət də bu prosesə təsir göstərir. Məsələ ondadır ki, ABŞ Rusiya ilə ortaq hərəkət etmək qərarına gəlmiş kimi görünür. Yəni Ağ Ev Kreml ilə birgə Ukraynanın gələcək taleyini həll etmək niyyətindədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu, dolayısı ilə ABŞ-nin Rusiya ilə ortaq şəkildə təkcə Ukraynanın deyil, həm də Avropanın gələcək taleyini müəyyənləşdirmək niyyəti kimi başa düşülə bilər. Böyük ehtimalla, Avropa siyasi dairələrində artıq məhz bu məzmunda düşünməyə başlayıblar. Ona görə də hesab edirlər ki, ABŞ-nin Rusiya ilə yaxınlaşdığı bir şəraitdə Ağ Ev nə Ukraynanın, nə də Avropanın maraqlarını, xüsusilə də təhlükəsizlik maraqlarını təmsil edə bilməz. Bu səbəbdən də ABŞ-nin iştirakı olmadan, yəni onun kənarda saxlanılması şərtilə Rusiya ilə danışıqların aparılmasının daha məqsədəuyğun olacağı düşünülür. Burada əsas məsələ ondan ibarətdir ki, Avropada formalaşan başlıca qənaətə görə, ABŞ və Rusiya birləşərək Ukraynanın və Avropanın gələcək taleyini müəyyənləşdirə bilməzlər. Bu iki dövlətin belə bir səlahiyyəti və hüququ da yoxdur. Ona görə də Avropa ölkələri artıq prosesə üçüncü tərəf kimi müdaxilə etməyə başlayıblar. Təbii ki, bu addımlar ABŞ ilə Avropa arasındakı ziddiyyətləri daha da dərinləşdirə bilər. Eyni zamanda, Ukrayna üzrə sülh prosesinin daha da mürəkkəbləşməsinə, hətta dalana dirənməsinə yol aça bilər. Məsələ ondadır ki, həm ABŞ-də, həm də Rusiyada Avropa ölkələrinin Ukrayna böhranı ilə bağlı danışıqlar prosesinə qoşulmasına qarşı çıxırlar. Xüsusilə Rusiya hesab edir ki, Avropa ölkələrinin bu məsələyə müdaxilə etməsinə ehtiyac yoxdur.
Ekspertin sözlərinə görə, Avropa ölkələri birmənalı şəkildə Ukraynanın hərbi və siyasi dəstəkçiləri, müdafiəçiləri və müttəfiqləri olduqlarına görə, bu məsələdə məhz Ukraynanın mövqeyindən çıxış edəcəklər. Ona görə də Kremldə hesab edirlər ki, Avropa ölkələri ilə müzakirələr aparmaqdansa, ABŞ ilə danışıqlar aparmaq, Vaşinqtonla anlaşaraq Ukraynanı kapitulyasiya aktı imzalamağa məcbur etmək daha sərfəlidir. Ancaq burada önəmli məqamlardan biri ondan ibarətdir ki, həm ABŞ-nin, həm də Rusiyanın bu məsələ ilə bağlı vaxtı çox daralıb. Çünki aralıq seçkilərindən sonra Donald Tramp indiki Rusiya siyasətini eyni şəkildə davam etdirmək imkanlarını itirə bilər. Belə ki, aralıq seçkilərində məğlubiyyət Prezident Trampın "topal ördək" vəziyyətinə düşməsinə səbəb ola bilər. Hələlik Tramp administrasiyası Senatda üstünlüyünü qoruyub saxlaya biləcəyinə ümid bəsləyir. Ancaq Nümayəndələr Palatasına seçkiləri uduzacağını artıq qəbul etməyə başlayıb. Yəni, məsələ olduqca mürəkkəbdir. Avropa ölkələrinin proseslərə fəal şəkildə müdaxilə etməyə başlaması Ukraynanı siyasi baxımdan da gücləndirən amildir. Ukrayna ABŞ-nin təzyiqlərini Avropa ölkələrinin dəstəyi ilə kompensasiya etməyə və balanslaşdırmağa çalışır. Bu da müəyyən mərhələdə Ukraynanın mövqelərini yenidən möhkəmləndirə bilər. Əslində, Rusiya məğlub olmaq həddinə qədər zəifləmişdi. Ancaq Tramp administrasiyası Rusiyanı bu vəziyyətdən çıxarmağa başlayıb. Bu baxımdan hesab etmək olar ki, yaxın perspektivdə əsas qarşıdurma həm siyasi, həm də hərbi xarakter daşımaqla, Avropa-Ukrayna ittifaqı ilə Rusiya və dolayısı ilə ABŞ arasında baş verə bilər. Bu qarşıdurma daha çox sülh masası arxasında çıxılmaz vəziyyətin dərinləşməsi ilə özünü göstərə bilər.
Səidə Ramazanova