12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş "Xaqani" adlı pyeslər toplusunun təqdimat mərasimi keçirilib

21 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdirdiyi "Xaqani" adlı pyeslər toplusunun təqdimat mərasimi keçirilib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova,  filologiya üzrə fəlsəfə doktoru, xaqanişünas alim Elnarə Zeynalova və yazıçı Sona Abbasbəyli çıxış ediblər.
Fondun prezidenti professor Aktotı Raimkulova çıxışında kitabın Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq nəşr edildiyini vurğulayıb. O, nəşrin əsas məqsədlərindən birinin Xaqani irsini yenidən diqqət mərkəzinə gətirmək və əsərlərinin teatr səhnələrində yaşadılmasına töhfə vermək olduğunu bildirib.
Nəşrdə xalq şairi Məmməd Rahimin "Xaqani", Zeynal Xəlilin "Şairin yuxusu" və Novruz Gəncəlinin "Zəlzələ" pyesləri yer alıb. Bu əsərlər vasitəsilə dahi şairin yaşadığı dövr, ictimai-siyasi mühit və ədəbi irsi bədii şəkildə təqdim olunur.
Təqdimat mərasimi Xaqani Şirvaninin qəzəllərinin qiraəti və muğam ifası ilə müşayiət olunan bədii proqramla davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31