Brüssel və Tiflis arasında fikir ayrılıqları dərinləşir: Gürcüstanın yeni istiqaməti- ÖZƏL
17:02 SiyasətGürcüstanla Avropa İttifaqı arasında siyasi ziddiyyətlər dərinləşib. Tiflis noyabrın 16-da Brüsseldə keçirilən Aİ forumuna dəvət edilməməsinə və aşağı səviyyəli təmsilçilik təklifinə etiraz edərək tədbirlərdə iştirakdan imtina edib. Tərəflər arasında demokratik islahatlar və ölkənin siyasi kursu ilə bağlı fikir ayrılıqları davam edir. Üzvlük prosesinin dayanması fonunda Gürcüstan Çin, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Avropa İttifaqı ilə Gürcüstanın hazırkı hakimiyyəti arasında siyasi yanaşmalarda ciddi ziddiyyətlər müşahidə olunur. Bu ziddiyyətlərin əsas səbəbi Tiflisin Brüsselin siyasi tövsiyə və tələbləri çərçivəsində deyil, öz müstəqil xarici siyasət kursunu davam etdirmək istəyidir. Gürcüstan hakimiyyəti Brüsselin yanaşmasını daxili işlərə müdaxilə və ölkənin suveren siyasi qərarlarına təsir cəhdi kimi qiymətləndirir.
Gürcüstan hazırda alternativ tərəfdaşlıqlarını gücləndirməyə çalışır. Çin, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi Tiflisin çoxvektorlu xarici siyasət yürütmək niyyətini göstərir. Gürcüstan regionda Rusiya ilə də mövcud siyasi və iqtisadi təmaslarını qoruyur. Bütün bunlar Brüsselin Gürcüstanın xarici siyasət istiqaməti ilə bağlı narahatlığını artıran amillərdəndir.
Avropa İttifaqının Gürcüstanla bağlı mövqeyi isə Tiflisin Avropa inteqrasiyası istiqamətində müəyyən siyasi və institusional şərtləri yerinə yetirməsi gözləntisinə əsaslanır. Brüssel Gürcüstanın öz siyasi kursunu Avropa İttifaqının müəyyən etdiyi demokratik və institusional çərçivəyə uyğunlaşdırmasını istəyir. Tiflis isə bu tələbləri qeyd-şərtsiz qəbul etmək əvəzinə, öz milli maraqlarına və xarici siyasət prioritetlərinə əsaslanan müstəqil qərarlar verməkdə israrlıdır.
Bununla yanaşı, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin tamamilə qırılmasından danışmaq düzgün olmaz. Avropa İttifaqı Gürcüstanın mühüm iqtisadi tərəfdaşlarından biridir. İvestisiyalar, ticarət və institusional inkişaf baxımından Avropa istiqaməti Tiflis üçün əhəmiyyətini qoruyur. Sadəcə, Gürcüstan artıq Brüsselin siyasi yanaşmasını avtomatik qəbul etmək əvəzinə, alternativ geosiyasi və iqtisadi dayaqlar formalaşdırmağa çalışır.
Bu proses Cənubi Qafqazda da yeni geosiyasi mənzərənin formalaşmasına təsir göstərir. Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığı, Çinlə iqtisadi əlaqələri, eləcə də Rusiya ilə davam edən təmasları onun xarici siyasətində çoxşaxəli yanaşmanın mövcudluğunu göstərir.
Məhz bu yanaşma fərqi hazırkı siyasi gərginliyin əsasını təşkil edir".
Zeynəb Mustafazadə