Tehranın TRIPP narahatlığının arxasında hansı maraqlar dayanır?- ÖZƏL
16:16 Siyasətİran rəsmiləri TRIPP layihəsinin ABŞ-nin İran sərhədləri yaxınlığında mövcudluğunu artıracağından narahatdır. "Iran International"ın məlumatına görə, Tehran layihənin ölkənin tranzit gəlirlərini azalda və regional nəqliyyat qovşağı kimi mövqeyini zəiflədə biləcəyini düşünür. İran tərəfi bunu həm iqtisadi, həm də təhlükəsizlik təhdidi kimi qiymətləndirir.
İranın TRIPP layihəsinə qarşı sərt mövqeyi hansı geosiyasi və təhlükəsizlik maraqlarından qaynaqlanır? Tehranın ABŞ-nin regionda möhkəmlənməsi ilə bağlı narahatlıqları nə dərəcədə əsaslıdır?
TRIPP layihəsinin reallaşması İranın regional tranzit imkanlarına və Cənubi Qafqazdakı geosiyasi mövqeyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" İranın Zəngəzur dəhlizi, yəni TRIPP layihəsinin həyata keçirilməsinə qarşı sərt mövqeyi bir neçə səbəbdən qaynaqlanır. Birinci səbəb ondan ibarətdir ki, İran bu nəqliyyat-kommunikasiya xəttinin açılmasını istəmir. Azərbaycan və Ermənistanın daim rəqabət və düşmən mövqeyində olmasını istəyir ki, bu kommunikasiya xəttinin açılmasına imkan yaranmasın. İran məhz həmin kommunikasiya xəttinin öz ərazisindən keçməsinə çalışır. Bu kommunikasiya xəttinin İran ərazisindən keçməsi ölkəyə ciddi üstünlüklər qazandırır. Belə ki, İran buna nail olmaqla həm nəqliyyat-kommunikasiya xətti üzərində siyasi məqsədlər üçün geostrateji mövqeyini gücləndirmək, həm də Azərbaycan və Türkiyəni təzyiq altında saxlamaq niyyəti güdürdü.
Eyni zamanda, nəzərə alsaq ki, bu nəqliyyat dəhlizi ilə ildə 15 milyon tona yaxın yük daşınacaq, bu, kifayət qədər böyük rəqəmdir. Həmin daşımalar nəticəsində əldə olunan tranzit gəlirləri də kifayət qədər ciddi məbləğ təşkil edir. Bu baxımdan İranın layihəyə mane olmasının həm siyasi, həm geosiyasi, həm də iqtisadi səbəbləri var. İran hesab edir ki, Zəngəzur dəhlizi açılarsa və Azərbaycanın Naxçıvanla, eləcə də Türkiyə ilə quru əlaqələri asanlaşarsa, bu, onun maraqlarına uyğun olmayacaq. Çünki İran düşünür ki, Azərbaycanın və Türkiyənin regionda rolunun güclənməsi onun mənafelərinə cavab vermir. Məhz bu səbəbdən İran layihəyə əngəl törətməyə çalışır.
Digər tərəfdən, İranın irəli sürdüyü başqa bir bəhanə də ondan ibarətdir ki, bu nəqliyyat dəhlizində amerikalılar iştirak edəcək və onların regionda mövcudluğu İranın maraqlarına uyğun deyil. Əlbəttə ki, bunlar bəhanələrdir və əsas niyyəti gizlətmək üçün ortaya atılan iddialardır. Əslində, məsələyə diqqət yetirdikdə görürük ki, İranla ABŞ bir çox məsələlərdə açıq şəkildə düşmən mövqedə görünsələr də, arxa planda eyni mövqedən çıxış etdiklərinin dəfələrlə şahidi olmuşuq.
Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistana münasibət, PKK məsələsi və digər mövzularda ABŞ və İranın maraqlarının üst-üstə düşdüyünü, birlikdə fəaliyyət göstərdiklərini unutmamışıq. Yəni bu baxımdan, həmin iddialar sadəcə İranın əsl məqsədlərini ört-basdır etmək üçün ortaya atılır".
Zeynəb Mustafazadə