Qarabağ mövzusunun QHT-lər vasitəsilə beynəlxalq gündəmdə saxlanılmasının səbəbi nədir?- ÖZƏL

"Ermənistanda bəzi qeyri-hökumət təşkilatlarının və müxalif dairələrin Qarabağ müharibəsi dövründəki itkilər, mədəni irs və köçkünlərlə bağlı beynəlxalq konfranslar planlaşdırması fonunda Nikol Paşinyan hökumətinin bu prosesə mane olmaması həm daxili siyasi balans, həm də xarici diplomatik manevrlərlə izah olunsa da mahiyyəti etibarı ilə erməni xislətinin öz əslinə sadiq qaldığını bir daha sübut edir".

Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Ermənistanda Qarabağdan köçmüş şəxslər, müxalifət və revanşist dairələr Paşinyan hökumətini "Real Ermənistan" konsepsiyası çərçivəsində Qarabağ mövzusunu rəsmi gündəmdən tamamilə çıxarmaqda və itkilərin real sayını gizlətməkdə ittiham edirlər:

" Düşünmək olar ki, hökumət QHT-lərin bu tip tədbirlərinə mane olmamaqla cəmiyyətdəki emosional gərginliyi və etiraz enerjisini müzakirə müstəvisinə yönəltməyə cəhd edir. İrəvan özünü beynəlxalq aləmdə, xüsusilə Avropa İttifaqı və ABŞ qarşısında demokratik institutlara və vətəndaş cəmiyyətinin müstəqilliyinə hörmət edən ölkə kimi təqdim etməyə çalışır. Lakin bunu ölkədəki digər problemlər və mövzular üzərindən də etmək olardı. QHT-lərin fəaliyyətinə birbaşa qadağa qoyulması Qərb tərəfdaşları tərəfindən ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər deyə bu cür tədbirlərə yol verildiyi əsas gətirilir. Ancaq hazırda Ermənistanda Kilsə-dövlət arasında mövcud uçurum və ciddi problemlər hələ də tam həllini tapmayıb. Bu mövzuya toxunmamaqla qəzəb və nifrəti yenidən Azərbaycan üzərinə yönəltmək sülhə mənfi çalarlar qata bilər. Rəsmi İrəvan bir tərəfdən sülh gündəliyinə sadiq olduğunu göstərir, digər tərəfdən isə həssas mövzuların qeyri-hökumət sektoru vasitəsilə gündəmdə qalmasına imkan verir. Bu, hökumətə "bu bizim rəsmi mövqeyimiz deyil, müstəqil vətəndaş cəmiyyətinin təşəbbüsüdür" demək imkanı yaradır. Sülh müqaviləsi üzrə danışıqlar, o cümlədən 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış birgə bəyannamədən sonrakı mərhələ davam edərkən bu cür konfranslar beynəlxalq diqqəti humanitar məsələlərə və itkilərə yönəltmək məqsədi daşıyır. Ermənistan tərəfi bu mövzuları sülh prosesində öz mövqeyini gücləndirmək və ya müəyyən güzəştlər əldə etmək üçün dolayı təsir vasitəsi kimi görür. Erməni diasporu və bəzi beynəlxalq insan haqları təşkilatları Paşinyan hökumətini bu məsələlərdə passivlikdə qınayırdı. Yerli QHT-lərin beynəlxalq tədbirlər keçirməsi diasporanın və xarici lobbi qruplarının İrəvana qarşı təzyiqlərini yumşaltmağa xidmət etməsi də deyilir. Hazırda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu məqsədilə Sülh Körpüsü kimi təşəbbüslər çərçivəsində görüşlər keçirilir. Ola bilsin Paşinyan hökuməti sülhyönümlü təmaslara dəstək verərkən, daxildəki tənqidçilərə də öz gündəmlərini ifadə etmək üçün meydan saxlamaqla siyasi tarazlığı qorumağa da çalışır.
Lakin hər bir halda rəsmi İrəvanın bu tədbirlərə göz yumması birbaşa sülh prosesindən imtina etmək deyil, daha çox daxili siyasi təzyiqləri idarə etmək və beynəlxalq müstəvidə manevr imkanlarını qoruyub saxlamaq taktikası kimi dəyərləndirilir. Mahiyyətcə isə köhnə iddiaların QHT-lər səviyyəsində gündəmdə qalmasını hədəfləməkdir. Tədbirlərin beynəlxalq səpkili nəzərdə tutulması, daha geniş auditoriyaya xitab etməsi bunu bir daha təsdiq edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31