Şimali Kiprin tanınması məsələsi: Beynəlxalq hüquq və Türk dünyasının mövqeyi nədən ibarətdir? – ÖZƏL

"Şimali Kiprin tanınması məsələsi Türk dünyası ilə bağlı mövqelərin beynəlxalq hüquqla kəsişdiyi məqamlardan biridir. Bu gün Türk dünyasına daxil olan dövlətlər Şimali Kiprin tanınması məsələsində, bir qayda olaraq, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edirlər. Bu yanaşma həm Mərkəzi Asiya dövlətlərinə, həm Azərbaycana, həm də digər ölkələrə aiddir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, beynəlxalq hüquqa, beynəlxalq qanunlara və BMT-nin qəbul etdiyi qətnamələrə əsasən, Kipr adasında yalnız bir dövlət - Kipr Respublikası tanınır. Həmin qətnamələrdə Şimali Kipr ayrıca dövlət kimi deyil, Kipr məsələsinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Buna görə də BMT-nin qətnamələrinə əsasən, beynəlxalq müstəvidə Kipr vahid dövlət kimi qəbul olunur. Avropa İttifaqı, Qərb ölkələri və digər dövlətlər də bu mövqedən çıxış edirlər. Məsələnin digər tərəfi isə Türkiyə ilə Türk dövlətləri arasındakı münasibətlərlə bağlıdır. Türkiyə ilə əlaqələrin yüksək səviyyədə olması səbəbindən bəzi Türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətinə Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu verilməsini dəstəkləyirlər. Lakin bu, həmin dövlətlərin Şimali Kiprin ərazi statusu və ya suverenliyi ilə bağlı mövqelərini dəyişdirməsi demək deyil. Yəni Mərkəzi Asiya ölkələri və digər dövlətlər özlərinin ərazi bütövlüyü və suverenlik prinsiplərini hər zaman müdafiə etdikləri üçün bu məsələyə ehtiyatlı yanaşırlar. Türkiyə ilə münasibətləri yüksək səviyyədə olsa da, Şimali Kiprin müstəqil dövlət kimi tanınması məsələsində beynəlxalq hüququ əsas götürürlər. Azərbaycanın mövqeyi də bu baxımdan oxşardır. Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunu dəstəkləyir. Bununla belə, beynəlxalq hüquq normalarını və ərazi bütövlüyü prinsipini əsas götürərək, Şimali Kipri tam müstəqil dövlət kimi tanımır. Bu yanaşmanın arxasında Azərbaycanın öz tarixi təcrübəsi də dayanır. Belə ki, Azərbaycan uzun illər torpaqlarının işğalı ilə üzləşmiş və ərazi bütövlüyünün qorunmasının nə qədər mühüm olduğunu öz təcrübəsində yaşamış dövlətdir. Buna görə də ölkəmiz bu məsələdə dövlət maraqlarını və beynəlxalq hüquq prinsiplərini əsas götürür. Eyni zamanda, qeyd etdiyim kimi, Şimali Kiprin bu gün hər hansı beynəlxalq və ya regional qurumda müşahidəçi statusunda təmsil olunması, ilk növbədə, Türkiyə ilə münasibətlərdən irəli gəlir. Şimali Kiprin ayrı-ayrı ölkələrlə diplomatik və ya iqtisadi əlaqələrinin olması da onun həmin dövlətlər tərəfindən tam müstəqil və suveren dövlət kimi tanınması anlamına gəlmir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31