Dublin görüşü Azərbaycan-Ermənistan münasibətlərinə nə vəd edir? - ÖZƏL

"Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşü gözlənilirdi. Belə ki, düşünülürdü ki, bu görüş ya Antalyada, ya da Dublində keçirilə bilər. Dublində Avropa Siyasi Birliyinin iclası çərçivəsində belə bir görüşün baş tutması əhəmiyyətlidir. Belə ki, tərəflər arasında müzakirə olunmasına ehtiyac duyulan bir çox məsələ vardı. Müzakirə olunan məsələlər çərçivəsində baxdıqda görünür ki, tərəflər prosesi irəli aparmaqda kifayət qədər maraqlıdırlar və bu əzmi nümayiş etdirirlər". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında üç prinsipial məsələ ilə bağlı proses irəlilədilməlidir. Birincisi, sülh müqaviləsi istiqamətində atılacaq addımlar, yəni Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum məsələsidir. İkincisi, kommunikasiyaların açılması, konkret olaraq TRIPP layihəsi, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı fiziki işlərin başlanması məsələsidir. Digər gündəm maddəsi isə sərhədlərin delimitasiyası və demarkasiyası prosesi idi. Bu çərçivədə müzakirə olunmalı məsələlərdən biri də məhz bu hesab olunurdu. Bununla yanaşı, tərəflər transsərhəd çayların vəziyyəti və onların idarə olunması məsələsini də müzakirə ediblər. Bu da olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, Ermənistan ərazisindən Azərbaycana gələn çayların bir çoxu Ermənistan tərəfindən ekoloji çirklənməyə məruz qalır. Bununla bağlı zaman-zaman Azərbaycan tərəfi həyəcan təbili çalıb, beynəlxalq təşkilatlara müraciətlər edib. Xüsusilə Araz çayı, o cümlədən Oxçuçay və digər çaylarda bu cür problemlər daha qabarıq şəkildə müşahidə olunur.
O baxımdan düşünürəm ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən bu görüş ikitərəfli münasibətlərdə proseslərin irəliləməsi üçün mühüm və faydalı görüş idi. Bu görüş proseslərə də müsbət təsir göstərəcək. Görüşün Avropa Siyasi Birliyi çərçivəsində keçirilməsinə gəlincə, əlbəttə ki, nəzərə alsaq ki, bu formatda Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə görüşlər keçiriblər, budəfəki görüş də təbii qarşılanmalı və müsbət qiymətləndirilməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31