Müstəqil Azərbaycanın dövlətçilik qüruru

Azərbaycan Respublikasının Konstitusiyası öz unikallığı ilə seçilən mühüm sənəddir. Özündə hüquqi dövlət quruculuğu, insan haqqları, ədalət və digər prinsipləri ehtiva edən Konstitusiyanın qəbulu müstəqilliyimizin və suverenliyimizin bazisini təşkil edir. Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə təqdim edildi. 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu və həmin il noyabrın 27-də qüvvəyə mindi. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi.

Təsadüfi deyil ki, Ali sənədin qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilib. Eyni zamanda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub.

Zamanın tələblərinə və cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə referendumlar yolu ilə Konstitusiyada mütərəqqi dəyişikliklər aparılıb. Xüsusilə 2016-cı il dəyişiklikləri ilə idarəetmə sistemində Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyinin səmərəliliyini keyfiyyətcə yeni mərhələyə qaldırıb.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin və hüquqi dövlətçilik ənənələrimizin əsas təminatlarından biridir. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyada təsbit edilmiş dövlətçilik prinsiplərinin əhəmiyyətini daha da artırır. Qarşıda duran əsas vəzifələrdən biri bu ali hüquqi sənədin tələblərinə dönmədən əməl etmək, qanunun aliliyini təmin etmək, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsini gücləndirmək və hüquqi maarifləndirməni cəmiyyətin bütün təbəqələri arasında genişləndirməkdir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31