"İrəvanda türk izləri silinir- "Molla rejimi özünü İslam dünyasının gözündən salır!"- ÖZƏL
11:47 Siyasətİrəvanda yerləşən və XVIII əsrə aid tarixi Azərbaycan memarlıq incisi olan Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi Güney və Quzey Azərbaycanda haqlı olaraq sərt etirazla qarşılanıb.
Qeyd edək ki, İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin İrəvana səfəri çərçivəsində təşkil olunan həmin xatirə lövhəsinin açılış mərasimi rəsmi Tehranın növbəti qərəzli addımı kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Olaylar.az-a danışan Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli baş verənləri tarixi irsimizə qarşı açıq hörmətsizlik adlandırıb:
"Molla rejiminin sərgilədiyi bu ermənipərəst xətt artıq təsadüfi xarakter daşımır, əksinə, illərdir davam edən məqsədyönlü siyasətin bariz nümunəsidir. Qədim Azərbaycan torpağı olan İrəvanda məscidin mərasim zalına başqa dinə və millətə mənsub şəxsin adının verilməsi tarixi həqiqətlərin qəsdən təhrif edilməsidir. Bu cür addımlar təkcə mənəvi dəyərlərimizə deyil, bütövlükdə milyonlarla azərbaycanlının tarixi yaddaşına vurulan ağır zərbədir. İrəvanın əzəli Azərbaycan şəhəri olmasını və buradakı maddi-mədəni abidələrin məhz xalqımızın əməyi ilə yaradıldığını heç bir qüvvə dana bilməz.
Tarixi gerçəklikləri gözardı edərək abidələrin əsl kimliyini dəyişməyə çalışmaq ədalətsizliyin və saxtakarlığın növbəti mərhələsidir".
Siyasi şərhçinin fikrincə, rəsmi Tehranın bu destruktiv davranışı Güney Azərbaycandakı milyonlarla soydaşımızın da güclü qəzəbinə və haqlı etirazına səbəb olacaq:
"İran bir tərəfdən öz daxilində türk dilini və milli kimliyi sıxışdırarkən, digər tərəfdən Ermənistanda Azərbaycan izlərinin silinməsinə açıq dəstək verilir. Qərbi Azərbaycandakı türk mənşəli toponimlərin dəyişdirilməsi və mədəni irsimizin kölgədə saxlanılması məhz bu çirkin siyasətin tərkib hissəsidir. Güney Azərbaycan türkləri özlərinə, ana dillərinə və qədim tarixi irslərinə qarşı yönələn bu cür ayrı-seçkilik tədbirlərinə əsla səssiz qalmayacaqlar. Göy məscidin statusunun dəyişdirilməsi ilə bağlı verilən bu biabırçı qərar bölgədəki milli narazılıq dalğasını daha da alovlandıracaq. Bu cür birtərəfli və ədalətsiz siyasət yürüdən İran hakimiyyəti özünü həm Azərbaycan, həm də bütün İslam dünyasının gözündə tamamilə nüfuzdan salır.
Unutmaq olmaz ki, siyasi maraqlar xatirinə tarixi həqiqətləri qurban vermək heç bir dövlətə uzunmüddətli perspektivdə əsla uğur və mənəvi qazanc gətirməyəcək".
Olaylar.az