Əliyevin Antalya səfəri: Bakı və Ankaranın yaşıl enerji gündəliyi- ÖZƏL
15:01 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31 Liderlər Sammitində iştirak etmək məqsədilə noyabrın 10-da Türkiyəyə səfər edib.
Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Antalya Beynəlxalq Hava Limanında Türkiyənin bir sıra rəsmi şəxsləri, o cümlədən Binəli Yıldırım, Fuat Oktay və Mövlud Çavuşoğlu qarşılayıblar.
İlham Əliyevin COP31 Liderlər Sammitində iştirakı Azərbaycan-Türkiyə münasibətlərinin və iki ölkənin beynəlxalq platformalarda əməkdaşlığının inkişafı baxımından hansı əhəmiyyət daşıyır?
Azərbaycanın COP29-a ev sahibliyi etməsindən sonra COP31-də iştirakı ölkəmizin beynəlxalq iqlim siyasətində mövqeyinin möhkəmlənməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalyada keçirilən COP31 sammitində iştirakı iki qardaş ölkə arasındakı strateji müttəfiqliyin bütün beynəlxalq platformalarda davamlı olduğunu bir daha nümayiş etdirir. Türkiyənin ev sahibliyi etdiyi bu qlobal tədbirdə Azərbaycanın fəal təmsil olunması enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və ekoloji layihələr istiqamətində iki ölkənin mövqelərinin razılaşdırılmasına və ortaq təşəbbüslərin gücləndirilməsinə xidmət edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəyə qlobal iqlim gündəliyində mərkəzi aktor və konsensus yaradıcısı kimi mühüm təcrübə qazandırıb. COP31-də iştirak isə bu irsin qorunub saxlanıldığını və Azərbaycanın iqlim diplomatiyasındakı rolunun birtərəfli ev sahibliyi ilə məhdudlaşmadığını göstərir. Azərbaycan COP31-də öz milli pavilyonu vasitəsilə bərpaolunan enerji potensialını, yaşıl enerji dəhlizlərini, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi təcrübəsini təqdim edir. Bütün bunlarla yanaşı ölkəmiz Türkiyənin iqlim ambisiyaları, Mərkəzi Asiyanın enerji imkanları və Avropa istiqaməti arasında birləşdirici və tərəfdaş həlqə kimi çıxış edərək qlobal yaşıl iqtisadiyyatdakı mövqeyini daha da möhkəmləndirir".
Zeynəb Mustafazadə