Azərbaycanın xarici siyasətində yeni strateji istiqamət: Böyük Britaniya ilə tərəfdaşlıq- ÖZƏL

Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Sənədi Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham imzalayıblar. Bəyannamə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Tərəflər həmçinin Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, müdafiə sənayesi və rəqəmsal texnologiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə razılığa gəliblər. Sənəd çərçivəsində hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi siyasi baxımdan nə vəd edir? Bu bəyannamə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə necə təsir göstərə bilər? Böyük Britaniyanın Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək marağı nədən qaynaqlanır?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir  Səftərov Olaylar.az-a açıqlama verib:

" Azərbaycan ilə Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın xarici siyasəti və beynəlxalq mövqeyi baxımından mühüm diplomatik hadisədir.
Məlum olduğu kimi, Azərbaycan-Birləşmiş Krallıq münasibətləri uzun illər əsasən enerji və ticarət əməkdaşlığı kontekstində qiymətləndirilib. Lakin yeni strateji tərəfdaşlıq bu münasibətləri daha geniş müstəviyə çıxararaq müdafiə, təhlükəsizlik, nəqliyyat, texnologiyalar və regional siyasət sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yeni imkanlar yaradır. Burada əsas məqamlardan biri münasibətlərin davamlı siyasi mexanizmlərlə möhkəmləndirilməsidir. Müntəzəm strateji tərəfdaşlıq görüşlərinin keçirilməsi və müxtəlif sahələr üzrə dialoqun genişləndirilməsi əməkdaşlığın yalnız dövlət başçıları səviyyəsində deyil, digər institusional və sektoral istiqamətlərdə də inkişafına təkan verəcək. Bu, Azərbaycanın Avropa və bütövlükdə Qərb dövlətləri ilə əlaqələrini daha da şaxələndirməsinə şərait yaradacaq, həmçinin Birləşmiş Krallığın Cənubi Qafqaz siyasətində mövqelərini və regional imkanlarını genişləndirəcək.
Bu tərəfdaşlığın mühüm xüsusiyyətlərindən biri də bərabərhüquqlu əməkdaşlıq prinsipi üzərində qurulmasıdır. Birləşmiş Krallıq BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti və beynəlxalq maliyyə sistemində mühüm təsir imkanlarına malik ölkədir. Belə bir dövlətlə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin daha geniş auditoriyaya çatdırılması, diplomatik əlaqələrinin gücləndirilməsi, iqtisadi əməkdaşlığın  və siyasi təsir imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Digər mühüm istiqamət Orta Dəhlizin inkişafı və Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində artan roludur. Azərbaycanın Çin və Mərkəzi Asiya ilə Avropa arasında əlverişli coğrafi mövqedə yerləşməsi ölkəmizə beynəlxalq diqqəti əhəmiyyətli dərəcədə artırıb. ABŞ-nin, Rusiyanın, Avropa dövlətlərinin, Çinin və region ölkələrinin Orta Dəhlizə marağının yüksəldiyi bir dövrdə Birləşmiş Krallığın da bu istiqamətdə əməkdaşlığı genişləndirmək niyyətini ortaya qoyması Azərbaycanın tranzit və geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirir. Bu amil ölkəmizin beynəlxalq siyasi çəkisinin və iqtisadi nüfuzunun artmasına əlavə töhfə verə bilər.
Qeyd edə bilərik ki, Birləşmiş Krallıqla münasibətlərin yeni strateji səviyyəyə yüksəldilməsi Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun davamıdır. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərini, İsraillə müdafiə və təhlükəsizlik əməkdaşlığını, Rusiya ilə siyasi və iqtisadi əlaqələrini, Çinlə isə strateji və iqtisadi tərəfdaşlığını davam etdirir. İndi Birləşmiş Krallıqla əməkdaşlığın da yeni istiqamətlər üzrə genişləndirilməsi ölkəmizin müxtəlif beynəlxalq güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmaq və milli maraqlarına uyğun şəkildə inkişaf etdirmək siyasətinin bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində daha çevik, müasir tələblərə cavab verən və rasional xarici siyasət yürütməsinə müsbət təsir göstərəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31