Cənubi Qafqazda sülhə doğru: Bakı və İrəvan birbaşa dialoq mərhələsində- ÖZƏL
16:10 Siyasət"Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Dublində keçirilən görüş yüksək qiymətləndirilməlidir. Ona görə yox ki, biz bu məsələyə sadəcə liderlərin görüşü prizmasından baxırıq, həm də ona görə ki, bu görüşdə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri üçüncü tərəflərin iştirakı olmadan, ikitərəfli formatda görüş keçiriblər. Görüşdə yalnız Ermənistan hökumətinin kabinet üzvləri və Azərbaycan hökumətinin nümayəndələri iştirak ediblər. Bu da ondan xəbər verir ki, artıq ikitərəfli münasibətlərin normallaşması istiqamətində üçüncü tərəflərə ehtiyac qalmadan, ən yüksək səviyyədə ikitərəfli görüşlərin keçirilməsi kimi mühüm mərhələyə gəlib çatmışıq. Bu, müsbət tendensiya olaraq növbəti uğurlara qapı aça bilər".
Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
"Hansı uğurlardan bəhs edirik? Sürətlə qütbləşən və qlobal qarşıdurmaların sayının, miqyasının və intensivliyinin artdığı bir şəraitdə Cənubi Qafqazda sülh quruculuğu siyasətindən danışırıq. Azərbaycanın formalaşdırdığı yeni reallıqlar, Vətən müharibəsindən və daha sonra antiterror tədbirlərindən sonra yaranmış geosiyasi vəziyyət, Azərbaycanın üstünlüyü ilə formalaşan yeni reallıq artıq sülh tələb edir. Sülhə mane olan tərəf isə yenə də, həmişə olduğu kimi, Ermənistan dövləti, ermənilərin şovinist arzuları, ideyaları və xəyallarıdır. İndi bu son görüş, Paşinyanın bundan əvvəlki çıxışları, eyni zamanda onun komandasının digər yüksək vəzifəli şəxslərinin, məmurların, nazirlərin və parlament sədrinin açıqlamaları onu deməyə əsas verir ki, prosesi uzatmaq niyyətlərinə baxmayaraq, Ermənistanda ən yüksək səviyyədə artıq sülhün vacibliyi və bu sülhü reallaşdırmaq üçün onların üzərinə düşən öhdəliklərin olduğu reallığı dərk edilir. Bu öhdəliklərin başında isə Konstitusiyanın dəyişdirilməsi məsələsi dayanır.
Düzdür, bu məsələnin ətrafında fikir mübadiləsinin aparılması ilə bağlı hər hansı məlumatla qarşılaşmasaq da, ümumilikdə tərəflərin sülh quruculuğu, regional inkişaf, gələcək əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında çox geniş spektrli müzakirələr apardığı məlumdur. Bu da onu deməyə əsas verir ki, artıq sülh istiqamətində konsensus var. Bu konsensusu real addımlara çevirmək üçün Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Geriyə Ermənistanın öz öhdəliklərinə sadiq qalması və Azərbaycana vurduğu mənəvi, maddi ziyanı dərk etməsi qalır. Ermənistan bunu başa düşməlidir. Eyni zamanda anlamalıdır ki, sülhdən danışan tərəf ərazi iddialarını özünün ən ali qanununda- Konstitusiyasında saxlamamalı, bunu dəyişməlidir.
Bundan sonra görəcəyik ki, sülh müqaviləsinin imzalanması üçün heç bir təməl problem və ya başqa hər hansı münaqişəli məqam qalmır. Görüşün Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində keçirilməsinə və Avropa İttifaqının sülh prosesindəki roluna gəlincə, mənə elə gəlir ki, biz artıq elə bir mərhələdəyik ki, qeyd etdiyim kimi, üçüncü tərəflər olmadan keçirilən görüş də bunu göstərdi. Artıq vasitəçilərə, təşəbbüs göstərən tərəflərə və bu kimi hallara ehtiyac duymadan birbaşa təmaslar vasitəsilə ikitərəfli formatda mövcud problemləri müzakirə edib həll edə biləcək mərhələyə çatmışıq. Ona görə də, necə ki, biz artıq Moskvadan, hansısa şərq ölkəsindən, qərb dövlətindən və ya başqa bir beynəlxalq təşkilatdan dəstək gözləmirik, eyni zamanda Avropa İttifaqı çərçivəsində də prosesə müdaxilə və ya prosesin istiqamətləndirilməsi ilə bağlı hər hansı gözləntimiz yoxdur və olmamalıdır. Çünki bu kimi hallar prosesə qoşulan üçüncü tərəflərin, istər dövlətlərin, istərsə də beynəlxalq təşkilatların öz maraqlarını ön plana çıxarması kimi əlavə prosedurlara gətirib çıxara bilər. Bu da bəzi məsələlərdə prosesə təsir edən amillərə çevrilə bilər. Ona görə də Avropada və digər tərəflərdə sülhə dəstək olmaq, regional sabitlik və inkişafa həqiqətən maraq varsa, onların edə biləcəyi ən yaxşı şey kənara çəkilmək, tərəflərin ikitərəfli formatda görüşlərdən yayınmasına səbəb olmamaq və prosesə müdaxilə etməməkdir.
Bu baş verərsə, artıq sülh quruculuğu istiqamətində təməl addımlar atılıb və bu proses də uğurla başa çatacaq".
Zeynəb Mustafazadə