Azad Məsiyev: "Azərbaycan qlobal güclərin maraqlarını uzlaşdırmaqla bölgədə sabitliyə töhfə verir" – ÖZƏL

"Azərbaycan çoxşaxəli xarici siyasət həyata keçirir. Ölkəmiz regionda balanslaşdırıcı siyasəti uğurla davam etdirir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib və qlobal güclərin marağını cəlb edən ölkə kimi çıxış edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi  Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan bu baxımdan neytral siyasət yürüdür, heç bir hərbi bloka qoşulmur və öz dövlət və milli maraqlarından irəli gələn addımlar atır. Bu baxımdan, ölkəmiz həm Şimalla, həm Cənubla, həm Şərqlə, həm də Qərblə iqtisadi və siyasi münasibətlərini uğurla balanslaşdırır. İqtisadiyyatın siyasətlə, siyasətin isə iqtisadiyyatla sıx bağlılığı var. Bu iki fəlsəfi kateqoriya bir-birini balanslaşdırmalıdır. Azərbaycan da məhz bu balans siyasətini daim gündəmdə saxlayır. Dünya siyasətində, eləcə də qlobal iqtisadi və siyasi sistemdə söz sahibi olan, müəyyən təsir imkanlarına malik dövlətlərdən biri də Böyük Britaniyadır. Hələ 1994-cü ildə Azərbaycanda "Əsrin müqaviləsi" imzalanarkən Böyük Britaniyanın aparıcı şirkəti BP bu layihədə əsas şirkətlərdən biri, operator kimi çıxış edirdi. Azərbaycanla Böyük Britaniya arasında tarixən mövcud olan əməkdaşlıq bu gün də davam edir. Əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, iki dövlət başçısının birgə bəyanatla çıxış etməsi və strateji tərəfdaşlığa dair sənədlərin imzalanması göstərir ki, Azərbaycanla Böyük Britaniya arasında iqtisadi, siyasi və bir çox digər sahələrdə əməkdaşlıq daha da genişlənəcək. Bildiyiniz kimi, Cənubi Qafqaz regionu Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi məkandır. Bu region dünyanın diqqət mərkəzindədir. İstər enerji daşıyıcıları, istər nəqliyyat infrastrukturu, istərsə də elektron kommunikasiya xətləri baxımından region xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətlər üzrə əlaqələr məhz region üzərindən dünyanın müxtəlif nöqtələrinə şaxələnir. Bu regionda Azərbaycan xüsusi söz sahibidir. Azərbaycanın iradəsi olmadan bölgədə hər hansı layihənin həyata keçirilməsi real görünmür. Bu baxımdan, Böyük Britaniyanın Azərbaycana maraq göstərməsi tarixən mövcud olub. Bu gün əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə reallıqdan qaynaqlanır və Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan, qeyd etdiyim kimi, qlobal güclərin regiondakı maraqlarını uzlaşdırmaqla həm ölkəmizdə, həm də bütövlükdə bölgədə sabitliyin yaranmasına töhfə verir. Dünyanın iqtisadi maraqlarının regionda təmin olunması sabitlik mühitinin formalaşmasına xidmət edir. Məhz Orta Dəhliz layihəsi Azərbaycan üzərindən şaxələnir. Hazırda Yaşıl Enerji layihəsi də gündəmdədir. Elektron kommunikasiya xətləri də Azərbaycan üzərindən dünyanın müxtəlif istiqamətlərinə uzanır.

Ekspert qeyd edib ki, regionda maraqlı qüvvələr var. Bu maraqların toqquşmasının qarşısını almaq və onları uzlaşdırmaq üçün əməkdaşlıq mütləqdir. Bu baxımdan, əməkdaşlığın genişləndirilməsi vacib məsələdir. Belə tərəfdaşlardan biri də dünya siyasi proseslərində söz sahibi olan Böyük Britaniyadır. Düzdür, Böyük Britaniya Avropa İttifaqının üzvü deyil, lakin Avropada baş verən siyasi və iqtisadi proseslərə təsir imkanlarına malikdir. Avropada müttəfiqlərimizin sayının çox olması təbii ki, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki dünyada təklənməmək və dostlarımızın sayını artırmaq məqsədilə bu cür əməkdaşlıqları genişləndiririk. Unutmayaq ki, Böyük Britaniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir və dünyada baş verən proseslərdə özünəməxsus siyasi çəkiyə malikdir. Bu baxımdan, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın dövlət və milli maraqlarına uyğundur. Bu əməkdaşlıq bundan sonra da uğurla inkişaf etdiriləcəkdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31