COP29-dan COP31-ə: İqlim mübarizəsində beynəlxalq məsuliyyət və dövlətlərin öhdəlikləri- ÖZƏL

"Azərbaycanın təşkilatçılığı və təşəbbüsü ilə 2 il əvvəl ölkəmizin paytaxtında COP29 layihəsi çərçivəsində baş tutmuş beynəlxalq tədbirdə qəbul edilən qərarlar planetar miqyasda baş verən iqlim dəyişikliklərinə qarşı mübarizənin aparılması və təşkilində dövlətlərin imkanları və məsuliyyətinə müasir dövrümüzün qlobal çağırışları kontekstində aydınlıq gətirməklə beynəlxalq əhəmiyyət kəsb etmiş, onların vəzifə və öhdəliklərini müəyyən etmişdir". 

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Qlobal mahiyyət kəsb edən iqlim dəyişikliklərinə qarşı mübarizənin təşkili və uğuru, məlum olduğu kimi, bu sahədə beynəlxalq birliyin səylərinin, habelə imkanlarının konsolidasiya edilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Kiçik dövlətlər öz məhdud maliyyə imkanları ilə qlobal xarakter kəsb edən bu kimi problemlərin öhdəsindən gəlmək iqtidarında deyillər. Digər tərəfdən, beynəlxalq iqlim dəyişikliklərinin əsas səbəbkarları da bu dövlətlər deyil, nəhəng sənaye dövlətləridir.
Onlardan birinin və ətraf mühitə ən çox zərərli tullantılar atan ABŞ-ın isə bu kimi tədbirlərə qatılmaması, üstəlik, iqlimlə bağlı Kioto razılaşmalarının şərtlərini yerinə yetirməkdən kənarda qalması bu kimi tədbirlərdə qəbul edilən qərarların icrasını çətinləşdirdiyindən (Tramp iqtidarı onlara maliyyə dəstəyi verməkdən imtina edir), məlum tədbirlərin əhəmiyyətinə də müəyyən mənada xələl gəlir.
Bununla belə, COP31 Bakıda keçirilmiş COP29-dan estafeti alaraq irəliyə aparıb. Bu isə Türkiyədə iqlim dəyişikliyi ilə bağlı keçirilən məlum tədbirə və onun qəbul etdiyi qərarlara Bakı toplantısının nə qədər ciddi təsir göstərməsinin mühüm göstəricisi kimi qəbul olunur. Bu konfranslarda qəbul edilən qərarların beynəlxalq iqlim dəyişiklikləri ilə bağlı proseslərə təsir imkanları isə onların icrasına digərləri ilə müqayisədə daha çox məsul olan sənaye dövlətlərinin siyasi elitalarının sərgiləyəcəkləri mövqedən asılı olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31