Şanxayda mühüm imza: SOCAR-ın “Sinopec”lə razılaşması regiona nə vəd edir? – ÖZƏL

Çinin Şanxay şəhərində SOCAR ilə "China Petroleum & Chemical Corporation" (Sinopec) arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SOCAR-dan verilən məlumata görə, sənədi şirkətin vitse-prezidenti Fuad Musayev və Sinopec-in vitse-prezidenti Li Yuxing imzalayıblar.
Memorandum satınalma və təchizat zəncirinin idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsini, təchizatçı məlumatlarının mübadiləsini, qabaqcıl təcrübələrin paylaşılmasını və məhsul, avadanlıq və xidmətlərin qarşılıqlı təchizat zəncirinə daxil edilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur.

"Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və son illərdə bu münasibətlər daha da inkişaf etməkdə davam edir. Təbii ki, belə strateji münasibətlərin mövcud olduğu şəraitdə hər iki ölkənin nüfuzlu şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanır. Hər iki tərəf iqtisadi əməkdaşlıq istiqamətlərinin inkişafında maraqlıdır. Buna görə də nəhəng şirkətlərin ortaq maraqları çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş müqavilələrin imzalanmasına üstünlük verilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, SOCAR-ın Çin şirkəti ilə imzaladığı son müqavilə də bu baxımdan hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Burada Çinin enerji resurslarına olan marağı da mühüm rol oynayır. Çin dünyanın üç nəhəng dövlətindən biridir və bu ölkənin iqtisadi inkişaf mərhələsində olması onun enerji resurslarına daha çox tələbat duymasına səbəb olur. Azərbaycan bu baxımdan Çin üçün böyük əhəmiyyət daşıyan dövlətdir. İlk növbədə, SOCAR-ın bu sahədə Çinin analoji istiqamətdə fəaliyyət göstərən şirkəti ilə əlaqələr qurması və bu istiqamətdə müəyyən addımlar atması hər iki tərəfin iqtisadi və ticari maraqlarına birbaşa xidmət edir. Bu anlaşmalar hər iki tərəf üçün əhəmiyyətli olmaqla yanaşı, Cənubi Qafqazın yalnız Azərbaycanda deyil, bütövlükdə regionda inkişaf perspektivlərinin genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. SOCAR və Çin şirkəti arasında imzalanan anlaşma satınalma və təchizat zəncirinin idarə olunması sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yarada bilər. Bunun nəticəsində hər iki tərəfin əldə edəcəyi genişmiqyaslı iqtisadi və ticari mənfəət Azərbaycan və Çinin daha da yaxınlaşmasına, bir-biri üçün daha böyük strateji əhəmiyyət daşımasına səbəb ola bilər. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Çin münasibətlərinin daha da inkişaf etməsinə təkan verəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31