COP31 zirvəsində qardaşlıq mesajı: Bakı və Ankara regionun gələcəyini birgə müəyyənləşdirir – ÖZƏL
14:01 Siyasət"COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi səmimi münasibət və siyasi yaxınlıq, hesab edirəm ki, adi diplomatik protokol çərçivəsindən daha geniş məna daşıyır. Bu, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin beynəlxalq platformada nümayişidir. Biz burada iki dövlət başçısının şəxsi münasibətlərindən daha çox, iki ölkə arasında formalaşmış möhkəm siyasi iradənin, qarşılıqlı etimadın və ortaq strateji maraqların təzahürünü görürük. Azərbaycan və Türkiyə münasibətləri artıq sadəcə dostluq və tərəfdaşlıq münasibətləri deyil. Şuşa Bəyannaməsi ilə bu əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib və regional təhlükəsizlik məsələlərində də özünü göstərir. Bu görüntülərin beynəlxalq ictimaiyyətə verdiyi mesaj kifayət qədər aydındır ki, Azərbaycan və Türkiyə bir-birinin yanında olan, ortaq maraqlarını uzlaşdıran və regionun gələcəyinə dair məsələlərdə koordinasiyalı mövqe nümayiş etdirən iki müttəfiq dövlətdir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, məsələnin Cənubi Qafqaz kontekstində də xüsusi əhəmiyyəti var. Bu gün regionda yeni geosiyasi reallıqlar formalaşır. Azərbaycan postmüharibə dövründə regionun siyasi və iqtisadi gündəliyinin müəyyənləşməsində mühüm rol oynayır. Türkiyə isə Azərbaycanın strateji müttəfiqi kimi bu proseslərdə xüsusi çəkiyə malikdir. Təbii ki, bu münasibətlər Ermənistanın da diqqətindən kənarda qala bilməz. Ermənistan anlamalıdır ki, regionda davamlı sülhə, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığa nail olmaq üçün mövcud reallıqlar qəbul edilməli, qarşılıqlı etimad və suverenliyə hörmət prinsipləri əsas götürülməlidir. Eyni zamanda, bu birlik görüntüləri regionun digər güc mərkəzlərinə də Azərbaycan-Türkiyə müttəfiqliyinin uzunmüddətli və strateji xarakter daşıdığını göstərir. Lakin bu əməkdaşlıq hansısa dövlətə qarşı yönəlmiş siyasət deyil. Əksinə, regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm amildir.
"Hesab edirəm ki, COP31-də iki liderin nümayiş etdirdiyi səmimiyyətin əsas siyasi mahiyyəti məhz bundadır ki, Azərbaycan və Türkiyə regionun gələcəyinə dair məsələlərdə ortaq strateji baxışa malikdirlər. Bu birlik həm də dünyaya göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı dəyişən beynəlxalq siyasi şəraitdə belə öz möhkəmliyini qoruyur. Bu, sadəcə iki prezidentin səmimi görüntüsü deyil, iki dövlətin strateji müttəfiqliyinin siyasi ifadəsidir", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova